BAKI, 8 iyun. TELEQRAF
Yeni seçilmiş Polşa Prezidenti Karol Navrotski Ukraynanın Avropa İttifaqına qısa zamanda daxil olmasına qarşı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Macarıstan mətbuatına müsahibəsində deyib.
Yeni seçilmiş prezident vurğulayıb ki, bu məsələni müzakirə edərkən Ukraynanın sürətləndirilmiş inteqrasiya prosesindən zərər çəkə biləcək digər dövlətlərin maraqları nəzərə alınmalıdır.
"Hazırkı məqamda mən Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşıyam", - avqustun 6-da rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq Navrotski bildirib.
Onun sözlərinə görə, Ukrayna başa düşməlidir ki, Polşa və Macarıstan kimi digər Avropa dövlətlərinin öz maraqları var. Onun fikrincə, Ukraynanın Aİ-yə üzvlüyü bu ölkələrin iqtisadiyyatına və kənd təsərrüfatına mənfi təsir göstərə bilər. Navrotski qeyd edib ki, müxalif "Hüquq və Ədalət" partiyasının namizədi olarkən bu ideyanı dəstəkləməyib və vəzifəsinin icrasına başladıqdan sonra da fikrini dəyişməyəcək.
Bundan əlavə, o qeyd edib ki, Kiyev hələ də Varşavanın bir sıra şərtlərini yerinə yetirməyib. Bu tələblərdən biri də 1943-cü ildə Ukrayna millətçiləri tərəfindən polyak əhalinin kütləvi məhv edildiyi Volın qırğınının qurbanlarının təkrar dəfn edilməsi məsələsidir.
"Bu məsələlərdə kompromis tapmaq və razılığa gəlmək lazımdır", - Navrotski əlavə edib.