BAKI, 8 iyun. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarından (PUA) kifayət qədər müdafiə vasitələrinə malik deyil.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının üzvü Maykl Makkol (Respublikaçı, Texas ştatı) bildirib.
O, Fox News-a deyib: “Bizim pilotsuz təyyarələrin qarşısını almaq üçün əks tədbirlərimiz yoxdur və biz onları inkişaf etdirməliyik, çünki gələcək müharibələr bu yolla aparılacaq”.
Deputat əlavə edib: "Havada getdikcə pilotsuz təyyarələr çoxalır, onların sayları minlərlə yox, artıq milyonlarladır. Onlardan terrorçular da, düşmənlər də istifadə edəcək. Düşünürəm ki, Pentaqon müasir hərbi texnologiyaların inkişafına daha çox vəsait ayırmalı və onları köhnə gəmilər kimi İkinci Dünya Müharibəsinin qalıqlarına xərcləməməlidir. Əlbəttə, bizə onlar da lazımdır, amma diqqəti süni intellekt texnologiyalarına cəmləmək vacibdir”.
Xatırladaq ki, iyunun 6-da ABŞ prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarının istehsalının artırılması və müasir pilotsuz uçuş aparatlarından qorunması ilə bağlı sərəncamlar imzalayıb.