Müasir dövrdə bir çox ailələr boş vaxtlarını birlikdə televiziya qarşısında keçirir. Serial izləmək adi və zərərsiz vərdiş kimi görünsə də, mütəxəssislər bu məsələyə daha ciddi yanaşmağı tövsiyə edirlər. Belə ki, uşaqların valideynlərlə birgə seriallara baxması onların psixoloji və emosional inkişafına mənfi təsir göstərə bilər.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış psixoloq Samirə Bağırova bildirib ki, yetkin auditoriyaya yönəlmiş seriallar uşaqlar üçün travmatik məzmunlar daşıya bilər:
“Bu cür ekran görüntülərində tez-tez rast gəlinən zorakılıq, xəyanət, intiqam, seksuallıq və psixoloji gərginlik kimi səhnələr azyaşlıların emosional dünyasına təsirsiz ötüşmür.
Belə seriallara baxan uşaqlarda qorxu, narahatlıq, çaşqınlıq, utancaqlıq və valideynlə münasibətlərdə soyuqluq kimi hallar meydana çıxa bilər. Uşağın psixoloji sərhədləri pozulur, və bu, onun şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir”, - deyə psixoloq diqqətə çatdırıb.
Bundan əlavə, Samirə Bağırova qeyd edib ki, seriallarda yer alan mənfi davranış modelləri uşaqlar üçün rol modeli kimi qəbul oluna bilər:
“Məsələn, yalan danışmaq, manipulyasiya etmək və ya aqressiv münasibətlər - Bu isə onların gerçək həyatı virtual dünya ilə qarışdırmasına, sosial qaydaları düzgün mənimsəməməsinə səbəb ola bilər. Həmçinin erkən emosional yüklənmə məsələsinə toxunsaq görərik ki, romantik və dramatik süjetli seriallar uşaqların yaşlarına uyğun hissləri formalaşdırmasını ləngidə və ya yanlış istiqamətə yönəldə bilər”, - deyə o, bildirib.
Samirə Bağırova bildirib ki, ən çox narahatlıq doğuran məsələlərdən biri isə dil və sosial bacarıqlardakı geriləmələrdir:
“Seriallara həddindən artıq maraq göstərən uşaqlar aktiv oyun və sosial qarşılıqlı əlaqədən uzaqlaşır, nəticədə Azərbaycan dilindən istifadə azalır, yerini isə türk seriallarından götürülmüş ifadələr tutur”.
Psixoloq valideynlərə tövsiyə edib ki, uşaqların baxdığı məzmunlara nəzarət etsinlər, birlikdə keçirilən vaxtı isə daha faydalı və interaktiv fəaliyyətlərə - kitab oxuma, oyun oynama və ya ailəvi söhbətlərə həsr etsinlər.
Aygün Hüseyn, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта