RU

Şotlandiyada avtobus sürücüləri altıhəftəlik tətilə başlayıb

London, 9 iyun, AZƏRTAC

Şotlandiyada fəaliyyət göstərən “Stagecoach” şirkətinə məxsus avtobus sürücüləri maaş artımı ilə bağlı davam edən mübahisə fonunda altıhəftəlik tətilə başlayıblar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Ayr, Arran, Ardrossan və Kilmarnokda çalışan 400-dən çox sürücü 21 iyula qədər işə qayıtmayacaq. Nəticədə şirkət bölgədə məhdud sayda xidmət göstərəcək.

“Unite” həmkarlar ittifaqı qeyd edib ki, tətilin səbəbi ötən ilin noyabrında verilən və tamamilə qəbuledilməz sayılan 4 faiz maaş artımı təklifində heç bir irəliləyişin olmamasıdır. Şirkət isə bildirib ki, maaş artımı təklifləri bölgədəki avtobus xidmətlərinin davamlılığını təmin edəcək şəkildə olmalıdır.

“Unite” may və iyun aylarında üç dəfə 24 saatlıq tətil keçirmişdi, lakin budəfəki addım mübahisəni daha da kəskinləşdirərək ardıcıl altıhəftəlik tətil formasını alıb. Həmkarlar ittifaqı sürücülərin “Stagecoach”un Birləşmiş Krallıq üzrə ən aşağı maaş alan işçilərindən olduğunu vurğulayır.

Həmkarlar ittifaqının sənaye məsələləri üzrə nümayəndəsi Siobhan McCready bildirib ki, “Stagecoach”un son təklifində əlavə şərtlər də var. Onun sözlərinə görə, sürücülərdən maaş artımını əldə etmək üçün daha çox işləmək, daha çox ödənişsiz fasilə vermək və illik məzuniyyətin bir həftəsindən imtina etmək tələb olunur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
125
39
azertag.az

10Источники