AFFA U-13 Qızlar Liqasında 2024/2025 mövsümünə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışın üçüncü yer uğrunda oyunu və finalı Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilib.
Bürünc mükafat uğrunda matçda "Sumqayıt" Qubanın “Alekseyevka” komandasını 1:0 hesabı ilə məğlub edib.
Ardından final qarşılaşmasında “Səbail” və “Şəfa” kollektivləri üz-üzə gəliblər. 2:0 hesablı qələbə qazanan “Səbail” çempion olub.
Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub.
“Səbail”in futbolçusu Ofelya Şahbazi mövsümün ən yaxşı oyunçusu, “Şəfa”nın üzvü Ayan Aşurlu ən yaxşı qapıçısı seçilib.
Mövsüm ərzində 30 qol vuran “Sumqayıt”ın oyunçusu Zeynəb Cabbarlı isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.
Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov, yığmanın qapıçı məşqçisi Ruslan Quliyev və 17 yaşadək qadın futbolçulardan ibarət komandamızın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.