RU

Ən çox Tələbə Təhsil Krediti rəsmiləşdirilən universitetlər açıqlandı

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək daxil olmuş 70 minə yaxın müraciətdən 57 minə qədəri rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.

Operativ Media xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müavini Kənan Kazımzadə sosial media hesabında yazıb.

O, qeyd edib ki, bu kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrə verilib. Rəsmiləşdirilmiş kreditlərin 62%-nin qızların payına düşməsi, eləcə də sosial həssas qrupların təhsilə əlçatanlığının təmin olunması dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyinin bariz göstəricisidir.

Fondun vəsaitləri hesabına təhsil almış və geri ödəniş dövrünə daxil olan məzunların əksəriyyəti artıq rəsmi müqavilə əsasında əmək fəaliyyətinə cəlb olunub. Bu gün gənclərin təhsilə çıxışı təmin edilir, işəgötürənlər isə kredit öhdəliyi olan gənclərə layiqli iş yerləri təklif edir. Bu da qarşılıqlı fayda doğuran əmək bazarının formalaşmasına səbəb olur. Sevindirici haldır ki, geri ödənişə başlayan 5 379 məzunun 73%-i rəsmi şəkildə əmək fəaliyyətinə cəlb olunub.

Ən çox təhsil tələbə krediti rəsmiləşdirilən ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət İqtisad Universiteti 83%, Azərbaycan Texniki Universiteti 82%, Gəncə Dövlət Universiteti isə 59% göstərici ilə ön sıralarda yer alır. Eyni zamanda, “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub.

Bu rəqəmlər göstərir ki, dövlətin təhsilə göstərdiyi dəstək nəticəsində formalaşan gənclər əmək bazarına uğurla inteqrasiya olunurlar. Qeyd edək ki, bu günə qədər TTK almış və məzun olmuş tələbələrin ümumi sayı 9 000-ə yaxındır. Geri ödəmə dövrünə hələ daxil olmayan məzunlar isə ilkin müqavilə şərtlərinə və müvafiq Qaydalara uyğun olaraq güzəşt və ya möhlət dövründədilər.

Избранный
111
50
operativmedia.az

10Источники