
İnqonqa, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunmuş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayaraq, Azərbaycan dövlətini və prokurorluğunu təbrik edib. Ölkəmizə səfəri çərçivəsində Ağdam rayonuna etdiyi ziyarət zamanı işğal dövründə Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin, eləcə də hazırda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib. Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, süni intellektin tətbiqi, cinayətkarlığa qarşı mübarizə, ekstradisiya və hüquqi yardım haqqında müqavilənin hazırlanması, qarşılıqlı təlim səfərləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev iştirak edib. Elə həmin gün hər iki ölkənin baş prokurorları Kamran Əliyev və Renson İnqonqa ölkəmizin Keniyada yeni açılmış səfirliyini ziyarət edərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib, fəaliyyətlərində uğurlar arzulanıb. Azərbaycan nümayəndə heyətinin Keniyaya işgüzar səfəri davam edir.








