BAKI, 10 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan qondarma qurumun (ləğv edilmiş separatçı rejimin qalığı – red.) “yeni prezident” seçməsinə mane olub.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, Ermənistan hökuməti separatçıların İrəvandakı fəaliyyətlərinə mane olmaqda davam edir. Qəzet xatırladır ki, ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın “səlahiyyət müddəti” mayın 31-də başa çatsa da, Paşinyan administrasiyası qondarma qurumun parlamentinə “yeni prezident” seçməyə icazə verməyib.
“Üstəlik, Şahramanyan mütəmadi olaraq Ermənistan İstintaq Komitəsinə çağırılır və dindirilir. Aprelon 9-da 6-cı dəfə dindirilib. Şahramanyanın vəkili onun şahid qismində dindirildiyini söyləsə də, onun həbs olunacağı istisna edilmir”, - nəşr əlavə edir.
“Past” Samvel Şahramanyanın 44 günlük müharibə ilə əlaqədar açılmış üç ayrı cinayət işi üzrə dindirildiyini bildirib.
Nəşr vurğulayıb ki, separatçıların İrəvandakı fəaliyyətlərinin dayandırılması və qondarma qurumun ləğvi tələbi sülh sazişinin imzalanması çərçivəsində Azərbaycan tərəfindən irəli sürülüb.