RU

Qadağadan əvvəl nikaha TƏLƏSƏNLƏR - Bu ilin 5 ayında nə qədər qohum evliliyi olub? – RƏSMİ

Azərbaycanda Ailə Məcəlləsinə edilən dəyişikliyə görə, bu il iyulun 1-dən qohumlar arasında nikahın bağlanması ləğv olunacaq. Yəni ümumi bioloji baba və nənəsi eyni olanlar, bacı, qardaş, əmi, dayı, xala, bibi uşaqları arasında nikahların bağlanması qanunla qadağan edilir.

Bildiyimiz kimi, Azərbaycanda bu ilin ilk rübü ötən ilin eyni dövrü ilə müqayisədə evlənənlərin sayı artıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin birinci rübündə 11 min 206 nikah qeydə alınıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb.

Cəmiyyətdə artan nikah sayını qadağadan öncə qohumlar arasında bağlanan nikahlarla əlaqələndirənlər az deyil.

Ötən ay Milli Məclisdə çıxış edən deputat Adil Vəliyev də qohum nikahlarını qadağan edən qanunun qəbulundan sonra qohumlar arasında sürətlə evlənənlərin olduğunu bildirib.

Bəs statistika nə deyir?

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin may ayında 271, ötən ilin may ayında isə 121  qohum evliliyi rəsmiləşdirilib.

Qeyd edilib ki, bioloji qohumluğu olan şəxslər arasında cari ilin yanvar ayında 252, fevral ayında 131, mart ayında 176, aprel ayında 139 nikah qeydə alınıb. 2024-cü ilin yanvar ayında isə 155, fevral ayında 113, mart ayında 116, aprel ayında 111, may ayında isə 121 belə nikah rəsmiləşdirilib.

Bu o deməkdir ki, 2024-cü ilin ilk beş ayında 616, 2025-ci ilin eyni dövründə isə 969 belə nikah qeydə alınıb.

Günay Şahmar, Bizim.Media

Избранный
72
1
bizim.media

2Источники