RU

Baltik dövlətləri Rusiyaya "müharibə elan etdilər" - Ukraynaya ultimatum...


Abutalıb Səmədov: "Baltikyanı ölkələrin imzaladığı bəyanat Rusiyada narazılıqla qarşılanacaq, çünki Rusiyanın sülh sazişi imzalamaq üçün birinci şərti Ukraynanın NATO üzvlüyündən imtina etməsidir"

Estoniya, Latviya və Litva parlamentlərinin Xarici Əlaqələr Komitələri Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə dəstək haqqında birgə bəyanat yayıb. Sənəd iyunun 6-da Şimali Atlantika Alyansının 24-26 iyun tarixlərində Haaqada keçiriləcək sammiti ərəfəsində dərc edilib.

Üç ölkənin qanunvericiləri alyansın Buxarest (2008), Vilnüs (2023) və Vaşinqton (2024) sammitlərində Kiyevə səslənən dəstəyi xatırladaraq, "Ukraynanın NATO-ya üzvlüyünün Avro-Atlantik təhlükəsizliyin daha effektiv və möhkəm əsasını təmin edəcəyinə" inandıqlarını dilə gətiriblər.

“Biz NATO-nun Haaqada keçiriləcək 2025-ci il sammitini Ukraynanın Alyansa daxil olmasına yol açacaq konkret siyasi addımlar atmağa çağırırıq”, - sənəddə daha sonra vurğulanır.

Baltikyanı ölkələrin bu addımı Rusiyada onlara qarşı hansı reaksiyanı doğura bilər?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, Ukraynanın NATO üzvlüyu ilə bağli Baltik ölkələrinin imzaladığı bəyanat Rusiyada narazılıqla qarşılanacaq, çünki Rusiyanın sülh sazişi imzalamaq üçün birinci şərti Ukraynanın NATO üzvlüyündən imtina etməsidir: "Bunu ABŞ başda olmaqla NATO-nun bir neçə üzvü qəbul edib. Avropa Birliyi ilə belə bir problem yoxdur, onlar da buna etiraz etmir. Əslində Baltik dövlətlərinin bu mövqeyinə Ukraynadakı siyasi qüvvələr etiraz eləməlidirlər. Çünki Ukraynanın bütün faciələri NATO ilə yaxınlaşmadan başlandı. Çox təəssüf ki, Ukraynaya rəhbərlik edən bir neçə siyasətçi Ukraynanın bu günə düşməsinin baisi oldu.

Məlumdur ki, 1997-ci ildə ABŞ-nin ovaxtkı prezidenti Bill Klinton dövlət katibi Madlen Olbrayta tapşırıq verdi ki, keçmiş Varşava müqaviləsinə daxil olan üç dövlətin NATO-ya qəbulunu sürətləndirsin. Söhbət Polşa, Macarıstan və Çexiyadan gedirdi. Bu, Rusiyanı narahat elədi. Nəticədə 1997-ci ilin aprel ayında Rusiya ilə Ukrayna arasında dostluq və əməkdaşlıq barədə müqavilə imzalandı. Həmin müqavilə 2019-cu ilə qədər qüvvədə oldu. Həmin il prezident Poroşenko bu müqavilənin qüvvədən düşməsi barədə qərar imzaladı. Həmin müqaviləyə görə, Rusiya və Ukrayna onlara düşmən olan bloklara daxil olmamaq barədə öhdəlik götürdülər. Bu həm Rusiyaya, həm də Ukraynaya aid idi. Onların hər ikisinin ərazisində düşmən blokların təlimləri keçirilməməli idi. Bu sənədin imzalanmasında Rusiyanın təşəbbüs göstərməsinin səbəbi aydın idi. Moskva Ukraynanın NATO-ya qəbul edilməsinin qarşısını almağa çalışırdı. Lakin 2008-ci ilin aprel ayında Ukrayna prezidenti Yuşşenko NATO-ya qəbulla bağlı danışıqlar apardı və Buxarest sammitində Ukraynanın NATO-ya qəbulunun mümkünlüyü barədə qərar qəbul edildi. Ukraynanın əsas faciələri də elə bundan başladı. 2014-cü ildə Krım işğal edildi, Donetsk və Luqanskın üçdə bir hissəsi Ukraynanın nəsarətindən çıxdı. 2019-cu ildə, qeyd edildiyi kimi, Poroşenko həmin müqavilənin qüvvədən düşdüyü barədə qərar imzaladı. Bundan sonra Ukrayna ərazisində dalbadal bir neçə NATO təlimləri keçirildi. Ondan sonra hakimiyyətə gələn Zelenski də bu xətti davam elətdirdi. 2022-ci ilin fevralında əlverişli şərtlər təklif edilməsinə baxmayaraq, Zelenski şərtlərin qəbulundan imtina etdi. Şərtlər isə bundan ibarət idi ki, Ukrayna neytrallığını elan edir və bundan sonra Rusiya öz qoşunlarını Donetsk və Luqanskdan çıxarır. Krım istisna edilməklə Ukraynanın ərazi bütövlüyü təmin olunurdu. Lakin Donetsk və Luqanska "Minsk 2" razılaşmasına görə status verilməli idi. Bu, Ukrayna üçün əlverişli şərtlər idi və müharibənin qarşısını ala bilərdi. Amma 2022-ci il fevralın 10-da Almaniyada keçirilən danışıqlarda Ukrayna həmin sənədi imzalamaqdan imtina etdi. Baxmayaraq ki, prezident Zelenski 2022-ci il fevralın 8-də bu şərtləri qəbul edəcəyinə razılıq vermişdı. Bu gun artıq Ukraynanın 20 faizi, təxminən 125 min kv/km ərazisi Rusiyanın işğalı altındadır, şəhərləri darmadağın olub, uşaqlar, qadınlar və qocalar öldürülüb, əsir götürülüb. Ukraynanın sərvətləri tarimar olub. İşğal olunmuş ərazilərdə Ukraynanın sərvətlərinin təxminən yarısı yerləşir. Ancaq Rusiya işğalçılıq planlarını dayandırmayıb, yeni ərazilər işğal etməyə çalışır.

Digər tərəfdən Ukraynaya yardımlar azalıb, artıq ABŞ heç bir yeni yardım göstərmir, yalnız köhnədən qalan öhdəliklərini yerinə yetirirlər. Avropanın isə yardım haqqında bəyanatları çoxdur, amma real yardım ortada hələlik yoxdur. Bu cür davam etsə Ukraynanın Rusiya qarşısında dayanması qeyri-mümkün olacaq.

Bu gün Rusiya sülh sazişinə getmək üçün əsas şərtlərdən biri kimi Ukraynanın neytrallığını qoyur. İkinci şərt ondan ibarətdir ki, Rusiya konstitusiyasında onun ərazisi kimi göstərilən Krım və dörd vilayət tamamilə Rusiyaya təhvil verilsin. Yəni göstərilən vilayətlərin ərazisindəki Ukrayna qoşunları çıxmalıdır və vilayətlər Rusiyaya təhvil verilməlidir. Təbiidir ki, Ukrayna bu tələbi qəbul edə bilməz. Ancaq tamamilə mümkündür ki, altı aydan sonra Krım və dörd deyil, altı vilayətin təhvil verilməsi tələbi qoyula bilər. Belə bir təhlükə mövcuddur. Bu məqamda, ABŞ və bir neçə NATO üzvü olan dövlətin mövqeyi ortada olduğu bir vaxtda Baltik dövlətləri bu cür pozuculuq işi ilə məşğul olurlar. Yaxın illərdə Ukraynanın NATO-ya qəbul edilməsinin mümkün olmadığını bilə-bilə Rusiyanı qıcıqlandıran bu cür bəyanatlar imzalayırlar. Təəssüf ki, Ukrayna da buna öz etirazını bildirmir. Yəni bir dövlətlə nə qədər oynamaq olar? Təəssüf ki, Ukraynanın üç prezidenti - Yuşşenko, Poroşenko və Zelenski öz cahilliklərı üzündən Avropanın ən böyük dövləti olan Ukraynanı bu günə saldılar. Proses hələ də davam edir.

Bu səbəbdən Ukrayna xalqı artıq ayılmalıdır. Bu cür təxribatçı ölkələrə qəti etiraz bildirilməlidir ki, siz Ukraynanın NATO-ya qəbul edilməyəcəyini bildiyiniz halda bu yalançı ümidləri verib, Ukraynanı bundan sonra da fəlakətlərə sürükləməkdə məqsədiniz nədir?

Gələcəkdə Ukraynanı NATO-ya qəbul etsələr, ölkənin hansı hissəsi - yarısı, üçdə ikisi və ya üçdə biri qəbul ediləcək, bu da aydın deyil. Ona görə hesab edirik ki, Baltik dövlətlərinin bu təşəbbüsünə ilk növbədə Ukrayna xalqı və dövlətin hələ reallıq hissini itirməyən siyasi qüvvələri öz etirazlarını bildirməlidir. Əks halda Ukraynanı daha böyük faciə və fəlakətlər gözləyə bilər".

Akif NƏSİRLİ

Избранный
18
50
baki-xeber.com

10Источники