ABŞ prezidenti Donald Trampın sərt anti-immiqrasiya tədbirlərini həyata keçirmək səylərindən sonra Kaliforniyada baş verən iğtişaşlar Demokratlar Partiyası üçün yeni fürsət yaradıb. Bu hal Demokratların çoxdan çatışmayan cəhətlərinə – Trampa qarşı etirazlara rəhbərlik edə bilən liderin də ortaya çıxmasıma zəmin formalaşdırır.
Qeyd edək ki, ABŞ prezidenti və ştatın qubernatoru Qevin Nyusom arasında kəskin qarşıdurma yaranıb. Kaliforniya hakimiyyəti Trampı iğtişaşları təhrik etməkdə günahlandırıb və ona qarşı məhkəmə iddiası qaldırıb. Prezidentin komandasının nümayəndəsi isə Qevin Nyusomu iğtişaşlara və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə mane olduğu üçün açıq şəkildə həbslə hədələyib.
Artıq bir neçə gündür ki, Los-Ancelesdə və onun ətraflarında kütləvi iğtişaşlar davam edir. Əsasən latınların yaşadığı məhəllələrdən və şəhərətrafı qəsəbələrdən minlərlə insan polis məmurlarına və ictimai binalara hücum edib. Cavab olaraq onlara rezin güllələr və qumbaraatanlar atılır. Bu fonda iğtişaşlar ştatın şimalına, San-Fransiskoya yayılıb. Nyusomun dediyinə görə, hər şeydə Tramp günahkardır. Kaliforniya qubernatoru qeyd edir ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən Paramount şəhərində sərt reydlərin təşəbbüskarı məhz prezident olub. İmmiqrasiya və Gömrük Mühafizəsi agentləri keçən həftə orada 100-dən çox adamı saxlayıblar. Onlar ABŞ-da qeyri-qanuni qalmaqda ittiham olunublar. Paramount əhalisinin böyük əksəriyyətinin meksikalı olduğu Los-Ancelesin ətrafıdır. Hətta Meksika əyalətinin adı ilə “kiçik Sinaloa” adlanır. Paramountda iğtişaşlar iyunun 6-da başlayıb. İğtişaşların iştirakçıları nəinki hər şeyi darmadağın ediblər, həm də İmmiqrasiya və Gömrük Mühafizəsinin reydlərinin dayandırılmasını və deportasiyaya məruz qalanların azad edilməsini tələb edirlər. Qevin Nyusom iddia edir ki, ştat polisi iğtişaşların öhdəsindən gələ bilib və Trampın Milli Qvardiya qoşunlarını yerləşdirmək qərarı olmasaydı, onlar tezliklə məsələni həll edəcəkdilər. Milli Qvardiya qoşunlarının gəlişi vəziyyəti gərginləşdirib və iğtişaşların digər şəhərlərə yayılmasına səbəb olub. Ştat bu fonda Trampın qərarını ləğv etməyə çalışır. Nyusom iddia edir ki, prezident Kaliforniya qubernatorunun icazəsi olmadan qoşun yerləşdirməklə səlahiyyətindən sui-istifadə edib. Nyusom etirazları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın göndərilməsi qərarının ştat konstitusiyasını pozduğunu əsas gətirərək ABŞ prezidenti Donald Tramp, Pentaqon və müdafiə naziri Pit Heqsetə qarşı iddia qaldırıb. Kaliforniya rəsmilərinin San-Fransisko Federal Dairə Məhkəməsinə təqdim etdiyi şikayətdə Ağ Evin Milli Qvardiyanın səfərbər edilməsi qərarının ştatın suverenliyini pozduğu bildirilib. Donald Trampın tətbiq etdiyi qoşunların yerləşdirilməsi haqqında qanun qiyam zamanı istifadə oluna bilər.
Ola bilsin ki, Tramp heç bir qanunu pozmayıb, amma o, şübhəsiz, yazılmamış ənənəni pozub. ABŞ-da dövlətin icazəsi olmadan Milli Qvardiya qoşunlarının hansısa ştata gətirilməsi çox qeyri-adi haldır. Sonuncu dəfə bu, 1965-ci ildə, prezident Lindon Conson Alabama Milli Qvardiyasına Martin Lüter Kinqin başçılıq etdiyi qaradərili hüquq müdafiəçilərinin yürüşünü qorumağı əmr edəndə olub. O vaxt ştatın qatı irqçi qubernatoru Corc Uollesin yürüş iştirakçılarının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini deməsindən sonra bu baş vermişdi. İndi isə vəziyyət kökündən fərqlidir. Tramp, İmmiqrasiya və Gömrük Mühafizəsi irqçilikdə ittiham olunur, əyalət qubernatoru isə əksinə, özünü vətəndaş hüquqlarının müdafiəçisi kimi təqdim edir. 60 il əvvəlki hadisələrdən daha bir fərq var. Nə Conson, nə də onun adamları Uollesi həbslə hədələmədilər. İndi isə Nyusom və Los-Anceles meri Karen Bass Milli Qvardiyaya müqavimət halında həbs olunacaq. Bu vəd, daha doğrusu, təhdid Trampın ən yaxın adamlarından biri olan Tom Homan tərəfindən verilib. Onun rəsmi adı Ağ Evin icraçı direktorunun icra və işdən çıxarılması üzrə müavinidir. Bununla belə, Homan tez-tez mətbuatda və hətta rəsmi açıqlamalarda “sərhəd çarı” kimi xatırlanır. Tramp ona, İmmiqrasiya və Gömrük Mühafizəsinin keçmiş rəhbərinə prezidentin vəd etdiyi qeyri-qanuni mühacirlərin genişmiqyaslı deportasiyasına nəzarət etməyi tapşırıb. Homan “NBC News”da Bass və Nyusomu həbs etməklə hədələyib: “Qeyri-qanuni bir şəxsə bilərəkdən sığınacaq vermək və gizlətmək cinayətdir. Hüquq-mühafizə orqanlarının işini yerinə yetirməsinə mane olmaq cinayətdir. Əgər onlar bu sərhəddi keçsələr, biz Ədliyyə Departamentindən onalrın mühakimə olunmasını xahiş edəcəyik”. Los-Anceles meri Karen Bass isə qeyd edir ki, Donald Trampın dediklərinin əksinə olaraq, Milli Qvardiyanın qoşunları Los-Ancelesdə etiraz aksiyaları və qarşıdurmalar fonunda ictimai asayişi qorumaq üçün şəhərə yerləşdirilməyib və ya istifadə olunmayıb. Bundan əvvəl Donald Tramp Los-Ancelesdə “əla işlədiklərinə” və iğtişaşlarla mübarizə apardıqlarına görə Milli Qvardiya qoşunlarına təşəkkür edib. Bu fonda ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, Los-Ancelesdə etirazçılar arasında peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar: “İnsanlara bunun üçün pul verilir, onların davranışlarını görə bilərsiniz. Onlar etirazçıların izdihamı içərisindədirlər və zorakılıq törətmək üçün bir-birlərinə işarə verirlər. Bu əməliyyatdır və peşəkar şəkildə həyata keçirilir. Bu, əvvəllər də olub, biz buna son qoyub hamısını məsuliyyətə cəlb edəcəyik”. Beş il əvvəl ABŞ da qaradərili Corc Floydun polis məmuru tərəfindən öldürülməsindən sonra iğtişaşlar və etirazlar yaşamışdı. Adətən belə hallarda prezidentlər ehtirasları sakitləşdirməyə çalışırlar, Tramp isə əksinə, onları qızışdırır. 2020-ci ildə baş verən hadisələr və prezidentin onlara reaksiyası Demokratlar Partiyasının sol qanadı tərəfindən populyarlığını artırmaq üçün fəal şəkildə istifadə edildi. İndi belə görünür ki, öz fikirlərində mərkəzçi olan Nyusom da bunu etmək niyyətindədir. O, 2028-ci il seçkilərində Demokratların prezidentliyə namizədi olmaq istədiyini gizlətmir. İğtişaşlar və ən əsası bunun nəyə gətirib çıxarması onun iddialarının nə qədər əsaslı olduğunu göstərəcək.
Samirə SƏFƏROVA