RU

İqtisadi təhlükəsizliyə və milli maraqların qorunmasına yönələn addımlar » AzadMedia.az


Məşhur Məmmədov,
Millət vəkili

Müstəqillik tariximizin ən mühüm səhifələrindən biri, məhz dövlət idarəetmə sisteminin ardıcıl şəkildə təkmilləşdirilməsi, milli maraqlara xidmət edən strateji qurumların möhkəmləndirilməsi ilə bağlıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin institusional islahatlar dövlətin bütün sahələrini, o cümlədən gömrük sistemini əhatə edərək xalqın rifahına, iqtisadi təhlükəsizliyə və milli maraqların qorunmasına yönəlmişdir.

Son nümunələrdən biri kimi, Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının istifadəyə verilməsi, dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının əyani sübutudur. 18 mərtəbəli və 25 min kvadratmetrlik bu müasir inzibati bina təkcə funksional infrastruktur deyil, həm də milli peşəkarlığın təntənəsi kimi dəyərləndirilə bilər. Burada yaradılan şərait – yüksək texnologiyalar, süni intellektə əsaslanan risk idarəetmə sistemi, real vaxt rejimində videomüşahidə və kibertəhlükəsizlik sahəsində qabaqcıl avadanlıqlar – Azərbaycanın gömrük sisteminin XXI əsrin tələblərinə uyğun qurulduğunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, müasir dövlət yalnız təbii resurslara və coğrafi mövqeyə deyil, eyni zamanda idarəetmə və xidmət keyfiyyətinə əsaslanmalıdır. Bu gün ölkəmiz “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzərində strateji mövqeyə sahibdir və beynəlxalq ticarətin sürətli təşkili baxımından vacib tranzit mərkəzinə çevrilmişdir. Belə bir şəraitdə gömrük xidmətinin operativliyi və şəffaflığı dövlətin iqtisadi gücünün artırılmasına birbaşa təsir göstərir.

Yeni bina yalnız infrastruktur deyil, həm də milli yaddaş və dəyərlərin təbliğ mərkəzi kimi fəaliyyət göstərir. Prezidentin açılış zamanı gömrük orqanlarının müsadirə etdiyi tarixi-mədəni əşyaların sərgiləndiyi muzeyə baxışı, dövlətimizin milli irsimizə verdiyi önəmin göstəricisidir.

Ən önəmlisi odur ki, bu uğurlar təsadüfi deyil, illərdir məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar sistemli xarakter daşıyır və insan amilinə, vətəndaşa xidmət prinsipinə əsaslanır. Gömrük sahəsində tətbiq olunan rəqəmsal həllər, risk əsaslı yanaşmalar və bizneslə əməkdaşlıq mexanizmləri – hamısı vahid məqsədə xidmət edir: vətəndaşa, sahibkara, dövlətə fayda vermək.

Bu kontekstdə vurğulamaq istərdim ki, hər bir islahatın mərkəzində insan dayanır. Yeni gömrük binasında əməkdaşlar üçün yaradılmış istirahət guşələri, idman zalları, kafe və asma bağ kimi sosial zonalar dövlətin öz qulluqçularına göstərdiyi diqqətin bariz nümunəsidir.

Azərbaycan bugünkü inkişaf yolunu təsadüflərlə deyil, dəqiq strateji baxış və ardıcıl siyasət sayəsində keçir. Gömrük sahəsində atılan bu cür addımlar dövlətin sabitliyinə, iqtisadi dirçəlişinə və beynəlxalq nüfuzuna xidmət edən böyük prosesin bir hissəsidir.

Bu yolda hər birimizin borcu – dövlətə, milli maraqlara və liderimizin apardığı uğurlu siyasətə dəstək verməkdir. Çünki bu siyasət bizi daha güclü, daha dayanıqlı və daha müasir Azərbaycan gələcəyinə aparır.

Избранный
20
2
azadmedia.az

3Источники