RU

San-Fransisko nüvə hücumu ilə üz-üzə qala bilər- ABŞ kəşfiyyat rəhbəri

BAKI, TurkicWorld

ABŞ kəşfiyyat rəhbəri nüvə təhlükəsi ilə bağlı narahatedici açıqlama verib.

TurkicWorld xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru və eyni zamanda keçmiş konqresmen Tulsi Gabbard X sosial media platformasında yaydığı videomüraciətlə nüvə hücumu təhlükəsinə dair ciddi xəbərdarlıq edib.

Gabbard paylaşımında San-Fransisko şəhərinin potensial nüvə hücumuna məruz qala biləcəyini bildirib və hazırkı qlobal gərginlik fonunda belə bir təhlükənin əvvəlkindən daha real olduğunu vurğulayıb.

Videoda Gabbard 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarını xatırladaraq, “O zaman istifadə olunan bombalar bu gün mövcud olan nüvə silahları ilə müqayisədə kiçik idi. Lakin həmin hücumlar on minlərlə insanın dərhal ölümünə səbəb olmuşdu. Bu gün biz nüvə fəlakətinə daha yaxınıq.” - deyə o bildirib.

Paylaşımda həmçinin süni intellekt vasitəsilə hazırlanmış simulyasiya görüntüləri təqdim olunub. Videoda San-Fransiskonun rəmzi olan Qızıl Qapı Körpüsünün nüvə partlayışı nəticəsində məhv olduğu, şəhərin səma xəttində yaranan dağıntılar və yaşılımtıl işıq effektləri ilə partlayışın vizual təsirləri əks olunub.

Gabbard bildirib ki, hazırda dünyada təxminən 12 min nüvə silahı mövcuddur və bu potensial olaraq milyardlarla insanın həyatını təhlükə altına qoya bilər. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra qlobal nüvə gərginliyinin daha da artdığı qeyd olunur.

O, çıxışı zamanı 2024-cü ilin noyabrında Rusiya prezidenti Vladimir Putinin ölkəsinin nüvə silahlarından istifadə həddini rəsmi olaraq aşağı saldığını da xatırladıb.

“Biz bu gün nüvə fəlakətinə hər zamankından daha yaxın olduğumuz bir mərhələdəyik. Siyasi arena müharibəni qızışdıraraq bu təhlükəni daha da artırır. Ola bilsin ki, onlar özləri və ailələri üçün adi insanların əlçatan olmadığı sığınacaqlara sahib olduqlarına görə bu qədər ehtiyatsız davranırlar”, – deyə Tulsi Gabbard əlavə edib.

Избранный
46
turkic.world

1Источники