RU

Sağlamlıq turizminin inkişaf səviyyəsi - Rəy sorğusu - Fotolar

Beynəlxalq turizm mərkəzi Naftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hotel və müalicə mərkəzlərində növbəti rəy sorğusu keçirilib, alınan cavablar əsasında hesabat hazırlanıb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin bu sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

Naftalanda istirahət və müalicə alan turistlər sorğuda iştirak edib ki, onlardan 53%-ni yerli, 47%-ni isə xarici turistlər təşkil edib.

Xaricilər arasında ilk üçlükdə MDB ölkələri, daha dəqiq desək, Rusiya, Özbəkistan və  Qazaxıstandan olan turistlər üstünlük təşkil edir.

İştirak edən respondentlərin 77%-i 50 yaşdan yuxarı, 20%-i 30-50 yaş, digər 3%-i isə 30 yaşa qədər olanlardır. Naftalanı ziyarət edən turistlərin 44%-i şəhərə ilk dəfə gələnlərdir.

Naftalanda havanın mülayim, yaxşı olması ilə əlaqədar 80% turist yaz/yay fəsillərində buraya müalicə və istirahət üçün üz tuturlar.
Buraya gələn turistlərin 59%-i dayaq-hərəkət xəstəlikləri, 27%-i revmatik xəstəliklər, digər 14%-i uroloji və digər xəstəliklərdən əziyyət çəkənlərdir.

Turistlərin 72%-i şəhərdə daha rahat hərəkət etmək üçün şəhər əhalisinin köməyindən, digərləri isə hotelin əməkdaşlarının, istiqamətverici lövhələrin, o cümlədən mobil tətbiq və internet yardımından istifadə edənlərdir.

Sorğunun nəticəsindən aydın olub ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradıb. Belə ki, şəhərin abad, təmiz və səliqəli saxlanılması sualını 94% turist əla və yaxşı olaraq qiymətləndirib.
Həmçinin turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmədən 95% turist məmnun qalıb, qidalanmanın da yüksək səviyyədə olmasını 90% turist qeyd edib.

Çox sevindirici haldır ki, Naftalana yenidən səfər etməyi planlaşdıranlar 98% təşkil edir.

Xarici qonaqların 91%-i Bakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından, 9%-i isə Gəncə Beynəlxalq Hava Limanından istifadə etdiklərini bildiriblər.

Nəticədə həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort, həmçinin beynəlxalq turizm mərkəzinə çevirib.

Sorğuda Naftalan ŞİH əməkdaşları ilə birgə DTA-nın Gəncə Regional Turizm İdarəsinin əməkdaşları və Goranboy-Naftalan KOB dostu iştirak edib.







Избранный
16
2
qafqazinfo.az

3Источники