RU

“Sülh savaş meydanında yox, danışıqlar masasındadır” – Bəhruz Quliyev – ÖZƏL

"Bu günlərdə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin verdiyi son açıqlaması beynəlxalq ictimaiyyətdə ciddi  rezonans doğurub. Onun Ukrayna münaqişəsinin əsl sülh müqaviləsi ilə yekunlaşmaması halında, bu vəziyyətin genişmiqyaslı - hətta NATO-nun da daxil olacağı - qarşıdurmaya və nüvə müharibəsinə çevrilə biləcəyi barədə xəbərdarlığı, bir tərəfdən təhlükənin dərinliyini ortaya qoyur, digər tərəfdən isə siyasi ritorikanın sərhədlərini aşan mesajlar ehtiva edir". 

Bu barədə Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspertin fikrincə, Medinskinin bu təhlükəli perspektivə Qarabağ münaqişəsini analoq göstərməsi, təbii ki, diqqətlə təhlil olunmalıdır:

"Müqayisə üçün qeyd edək ki, Qarabağ problemi postsovet məkanında dondurulmuş münaqişələrin ən faciəvi nümunələrindən biri idi. Və həm də Qarabağın Azərbaycan ərazisi olduğu beynəlxalq hüquq tanıyırdı. Ən əsası, Azərbaycan öz torpağında ədaləti bərpa edirdi. Müdrik siyasət ondan ibarət idi ki, bu münaqişə heç vaxt qlobal güclərin, xüsusən də nüvə dövlətlərinin birbaşa toqquşma meydanına çevrilmədi. Əsas səbəb isə Azərbaycan liderinin dəqiq diplomatik manevrləri,  region ölkələrinin məsuliyyətli davranışı və lokal çərçivələrdən kənara çıxmamaq üçün göstərilən  iradə idi."

B. Quliyev əlavə edib ki, Ukrayna-Rusiya münaqişəsinin məğzi və coğrafi miqyası isə tam fərqlidir. Burada məsələ təkcə iki dövlət arasında deyil - bütövlükdə kollektiv Qərblə Rusiya arasında siyasi, hərbi və iqtisadi qarşıdurmadan gedir. 

"Ukraynanın NATO-ya üzvlük ehtimalı və ərazi bütövlüyünü bərpa səyləri, Rusiyanın "qırmızı xətti" kimi təqdim edilir. Bu isə Medinskinin sözlərindəki nüvə qarşıdurması riskini nəzəri baxımdan real göstərsə də, praktiki baxımdan onun daha çox siyasi təzyiq aləti kimi istifadə edildiyi qənaətini gücləndirir. Unutmayaq ki, nüvə silahı sadəcə texniki deyil, həm də psixoloji silahdır. Bu silahın adının çəkilməsi belə, tərəfləri masa arxasına oturtmağa yönəlmiş geosiyasi alətdir. NATO və Rusiya arasında birbaşa nüvə qarşıdurması - bəşəriyyətin məhvi ilə nəticələnəcək ssenaridir və bu səbəbdən belə bir riskin real həyata keçməsi ehtimalı çox zəifdir. Lakin istənilən halda ritorika səviyyəsində belə bəyanatlar, region ölkələrini, o cümlədən Azərbaycanı, diqqətli və balanslı siyasət yürütməyə vadar edir. Medinskinin Qarabağ analoqu ilə Ukrayna ssenarisini müqayisə etməsi - nə qədər siyasi məqsəd güdsə də - göstərir ki, regionda lokal münaqişələrin qlobal oyunçular tərəfindən nə qədər asanlıqla geosiyasi vasitəyə çevrilə biləcəyini bir daha xatırlamaq lazımdır. Əsas dərs isə budur: sülh real sənədlərlə, qarşılıqlı güzəştlərlə, danışıqlar masasında qazanılır - savaş meydanında yox".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники