Dünya Səhiyyə Təşkilatının bölməsi olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (İARC) alkoqol istehlakı ilə mədəaltı vəzi xərçəngi arasında birbaşa əlaqə yaradan yeni tapıntılar açıqlayıb.
ABŞ Baş Cərrahının yanvar ayında alkoqolun döş, qida borusu, qırtlaq, qaraciyər, ağız və boğaz xərçəngi ilə əlaqəli olduğunu bildirən xəbərdarlığına indi mədəaltı vəzi xərçəngini də əlavə etdi. Yeni araşdırma spirtin mədəaltı vəzi hüceyrələrinə birbaşa zərər verdiyini ortaya çıxarıb.
İARC-ın Qidalanma və Metabolizm bölməsinin rəhbəri Pietro Ferrari, “İndiyə qədər mədəaltı vəzi xərçəngi ilə spirt arasındakı əlaqə aydın deyildi. Amma indi güclü dəlillərimiz var”, – deyib.
Tədqiqat çərçivəsində orta yaşı 57 olan 2,5 milyon insan təxminən 16 il ərzində izlənilib. Bu müddət ərzində 10 067 mədəaltı vəzi xərçəngi aşkar edilib.
Nəticələrə görə, gündəlik etanolun hər 10 qram artması mədəaltı vəzi xərçəngi riskini 3 faiz artırır. Bu nisbət xüsusilə spirtli içki qəbul edən qadınlarda və kişilərdə nəzərəçarpacaq səviyyəyə çatır:
Qadınlar üçün gündə 15-30 qram (1-2 standart içki) riski 12 faiz, kişilər üçün gündə 30-60 qram (2-6 içki) riski 15 faiz, gündəlik 60 qramdan artıq istehlak riski – 36 faiz artırır.
***
Tədqiqatda diqqət çəkən başqa bir tapıntı mədəaltı vəzi xərçəngi riski ilə xüsusilə pivə və sərt içkilər (viski, araq və s.) arasındakı əlaqə var. Digər tərəfdən, şərab istehlakının bu risklə əlaqəli olmadığı bildirilib.
Bununla belə, tədqiqatçılar bu tapıntının fərqli həyat tərzi və istehlak vərdişləri ilə bağlı ola biləcəyini və qəti nəticələr üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər.
***
“WebMD” baş həkimi Neha Patak araşdırmanın nəticələrini aşağıdakı kimi qiymətləndirdi: “Əhəmiyyətli olan odur ki, xərçəng baxımından alkoqolla əlaqəli həqiqətən təhlükəsiz səviyyə yoxdur. Bu araşdırma bunu bir daha göstərdi”.
Asılılıq üzrə psixiatr Adam Scioli də spirtin uzun müddətdir toksin kimi tanındığını və “sağlam ola bilər” ifadəsinin illərdir səhv başa düşüldüyünü vurğulayıb: “Alkoqol dəyişdirilə bilən xərçəng risk faktorudur”.
***
Tədqiqat hərtərəfli olsa da, bəzi məhdudiyyətlər qeyd edildi. Alkoqol istehlakı yalnız orta-gec yaş aralığında və bir vaxtda ölçüldü.
Mütəxəssislər, erkən yetkinlik dövründə spirtli içki qəbulu və həddindən artıq içki içmə kimi xüsusi vərdişlərin də ətraflı şəkildə araşdırılması lazım olduğunu bildirib.