RU

Artilleriya atəşini idarəetmə kompleksləri Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi artilleriya atəşinin idarə olunması üçün nəzərdə tutulmuş “Planşet-M-İR” komplekslərinin növbəti partiyasını Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, sözügedən idarəetmə maşınlarında şassi kimi “Patrul” zirehli nəqliyyat vasitəsindən istifadə edilib.

Pilotsuz uçuş aparatlarından (PUA) alınan kəşfiyyat məlumatlarını da emal etmək qabiliyyətinə malik olan “Planşet-M-İR” kompleksi, yaylım atəşli reaktiv sistem (YARS), artilleriya və minaatan bölmələrinin atəşə hazırlanması və atəşin idarə olunması prosesinin avtomatlaşdırılmasını təmin etmək üçün təyin edilib.

Kompleksin əsas üstünlüklərindən biri müxtəlif kəşfiyyat vasitələri, o cümlədən pilotsuz uçuş aparatları ilə qarşılıqlı əlaqə qurmaq bacarığıdır. Bu zaman əldə edilən məlumatlar real vaxt rejimində emal olunur ki, bu da artilleriya atəşinin dəqiqliyini və operativliyini əhəmiyyətli dərəcədə artırır.

Holdinqdən bildirildiyinə görə, “Planşet-M-İR” kompleksinin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, bu yaxınlarda kompleksə müasir meteoroloji stansiya əlavə olunub. Bu stansiya rütubət, atmosfer təzyiqi və temperatur kimi atəşin aparılmasına əhəmiyyətli təsir göstərən meteoroloji məlumatları dəqiq müəyyən etməyə və dərhal ötürməyə imkan verir.

Artilleriya atəşinin idarə olunması üçün nəzərdə tutulmuş “Planşet-M-İR” kompleksi batareya əleyhinə mübarizənin təşkili zamanı mühüm və effektiv element hesab olunur. Kompleksin əsas üstünlükləri sırasında yüksək mobillik, sürətli yerləşdirmə və artırılmış avtonom fəaliyyət qabiliyyəti qeyd olunur.

Qeyd edək ki, bu kompleks ilk dəfə “Army-2021” forumunda təqdim olunduqdan sonra seriyalı istehsala buraxılıb.

 

Избранный
49
poliqon.az

1Источники