RU

Qırğızıstan rəsmisi: Qadınların inkişafı və sosial siyasətdə inklüziv yanaşmalar prioritet hədəflərimizdəndir

Bakı, 12 iyun, AZƏRTAC

Qadınların inkişafı və sosial siyasətdə inklüziv yanaşmalar prioritet hədəflərimizdəndir. Qadınların müasir cəmiyyətlərdə inkişafı və gender bərabərliyi istiqamətində son dövrlərdə mühüm addımlar atılır. Bu sahədə həyata keçirilən siyasət yalnız qadınların deyil, bütövlükdə cəmiyyətin rifahını hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Kıyal Januzakova Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən nazirlərin görüşündə söyləyib.

O əlavə edib ki, əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində də mühüm nailiyyətlər qazanılıb. Konvensiya və müvafiq hüquqi sənədlər çərçivəsində bu qrup üçün imkanların genişləndirilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və onların ictimai həyatda iştirakçılığının artırılması istiqamətində sistemli addımlar atılır.

K.Januzakova bildirib ki, qadın liderliyi proqramları, milli strategiyalar və yoxsulluğun azaldılması tədbirləri qadınların, ahıl və əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasına yönəlib. Rəqəmsal bacarıqların artırılması da bu sosial qruplar üçün önəmli prioritetlərdəndir. Nazir müavini vurğulayıb ki, sosial rifahı təmin etmək üçün qadınlara, uşaqlara və əlilliyi olan şəxslərə ödənişli müavinətlər təqdim olunur, bərabər imkanlar prinsipi əsas götürülür. Qırğızıstan bu sahədə topladığı təcrübə ilə digər ölkələr üçün nümunə rolunu oynaya bilər.

Nazir müavini, həmçinin qadın sahibkarlığının inkişafı, məişət zorakılığına qarşı mübarizə, genderə həssas büdcə planlaşdırılması və qadınların peşəkar inkişafı sahələrində görülən işlərə də diqqət çəkib. O, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın vacibliyini qeyd edərək, Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkdilli Qadın Platformasının yaradılmasını təklif edib. “Bu platforma qadınların səsi, həmrəyliyin gücü və regional əməkdaşlığın möhkəmləndirilməsi üçün strateji alətə çevrilə bilər”, - deyə Kıyal Januzakova vurğulayıb.

Избранный
32
1
azertag.az

2Источники