Azərbaycanın aparıcı maliyyə institutlarından biri, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan “TuranBank” bu gün 33 yaşını qeyd edir. 1992-ci il iyunun 12-də fəaliyyətə başlayan Bank bu illər ərzində uzun inkişaf yolu keçərək, ölkənin ən böyük maliyyə qurumlarından birinə çevrilib.
Fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan “TuranBank” bu illər ərzində bir çox uğurlara imza ataraq biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini və nüfuzunu daha da gücləndirib. Həmçinin 850-dən çox əməkdaşı ilə 22 satış nöqtəsində 190 mindən çox əhali və biznes subyekini maliyyə xidməti və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olub və qazandığı nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.
“TuranBank” sahibkarlığın maliyyə imkanlarını genişləndirərək real sektorun maliyyələşdirilməsinə və rəqabətqabiliyyətli iqtisadi sahələrin inkişafına davamlı dəstək göstərir. Bank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka Krediti Zəmanət Fondu, həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Ticarət və İnkişaf Bankı (ECO), Mikromaliyyə Fondu (EMF), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, “Incofin” İnvestisiya Fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olmaqda davam edir.
Bununla yanaşı, Bank müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi ilə bank xidmətlərinin rahat, operativ və təhlükəsiz şəkildə təqdim olunmasını təmin edərək, təkmilləşdirilmiş İnternet bankçılıq sistemi və mobil tətbiqi ilə müştərilərinə məsafədən bank xidmətləri göstərməklə dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi rəğbət qazanıb.
Qeyd edək ki, 33 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan “TuranBank” sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarımıza, qazi və şəhidlərimizin ailələrinə dəstək olmaqla bərabər, "YAŞAT" Fondu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, Bank ardıcıl 5 ildir ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür.
“TuranBank” - 33 illik etibarlı tərəfdaşınız!
“TuranBank”
Bizimlə etibarlıdır...