RU

Ermənistan üçün üçüncü yol yoxdur - Heydər Oğuz

Yazını böyüt
Yazını kiçilt

Onunla hafta.az üçün budəfəki söhbətimizdə, əsasən, Donald Trampın ABŞ prezidenti kimi çalışdığı qısa müddətdə ölkəni gətirib çıxardığı durum, onun milyarder İlon Maskla münasibətlərinin sonu, Los-Ancelesdə başlanan iğtışaşların digər ştatlara da yayılması ehtimalı, Putinin köməkçisi Vladimir Medinskinin Qarabağın, guya, “mübahisəli ərazi” olması ilə bağlı son açıqlamasının, eləcə də Ermənistan baş naziri Nikol Paşinyanla erməni kilsəsi arasında baş verənlərin mahiyyəti və digər məsələlər haqqında danışdıq. Müsahibimiz siyasi şərhçi Heydər Oğuzdur.

–Bəzi ekspertlər 2026-cı ilin noyabrındakı aralıq seçkilərdən sonra Trampın impiçmentinin mümkün olacağını iddia edirlər. Siz necə düşünürsünüz?

- ABŞ prezidenti Donald Trampın çox çətin prezidentlik dövrü keçirəcəyi əvvəldən bəlli idi. Bununla belə, mən Maskla qarşıdurmanın onun hakimiyyətdən uzaqlaşdırılması üçün yetərli səbəb olacağına inanmıram. Bir çoxları İlon Maskın ABŞ “dərin dövləti” tərəfindən Trampın yanına yerləşdirilmiş “saatlı bomba” olduğunu düşünürlər. Bu mülahizəyə görə, Tramp öz hakimiyyəti dövründə büdrəyərsə, “saatlı bomba” işə düşəcək və təhlükə sovuşacaqdı. İndi onun Trampa qarşı hücumları belə bir təsəvvür yaradır ki, artıq təhlükəni bitirmə düyməsinə basılıb və yaxın zamanlarda ABŞ prezidenti devrilə, yaxud ara seçkiləri ilə fəaliyyəti məhdudlaşdırıla bilər. İlk baxışdan həqiqətən də belə görünür. Hadisələri dərinliyinədək incələyəndə Tramp-Mask gərginliyində ABŞ prezidentinin “dərin dövlət”ə daha yaxın siyasət yürütdüyünü və İlon Maskın da məhz bu siyasətə qarşı çıxdığı üçün Trampın qəzəbinə uğradığını görə bilərik. Ona görə də mən bu qarşıdurmadan zərərlə ayrılacaq şəxsin Mask olacağını proqnozlaşdırıram. Dünyanın ən zəngin iş adamı kimi tanınan Maskın tamamən bitiriləcəyi belə, istisna deyil...

- Onda belə çıxır ki, Maskın Tramp əleyhinə mövqe tutması və məlum gərginliyin yaranması heç də ABŞ liderinin şəxsi maraqlarından irəli gəlmir...

- Böyük ehtimalla, bu belədir. Bilirsiniz ki, Maskla Tramp arasındakı narazılıq ABŞ hökumətinin Konqresə təqdim etdiyi yeni vergi layihəsindən çıxmışdı. Bu layihədə Pentaqona Bayden zamanında ayrılan 860 milyard dollarlıq büdcənin daha 150 milyard artırılması nəzərdə tutulur. ABŞ “dərin dövlət”inin aparıcı fiquru olan Pentaqonun illik xərcini artırmaq, sözsüz ki, hərbçilərin etirazına yol açmaz, əksinə onları sevindirir. Mask isə özünün hazırladığı vergi layihəsində bir çox kəsintilərə getməyi təklif edir, bununla da ABŞ büdsəsinə 2.4 trilyon qənaət olunmasını planlaşdırırdı. Sözsüz ki, bu büdcə qısılmasında ən çox yük ABŞ Silahlı Qüvvələrinə yük düşəcəkdi. Məsələyə bu baxımdan yanaşanda Trampın təklifi Pentaqonun maraqlarını daha çox təmin edir. Üstəlik, Tramp Yaxın Şərqə ilk turundan ABŞ-yə 4 trilyon dollar gətirdi. Bənzər maliyyə axınlarının Yaponiya və Cənubi Koreyadan da gəlməsi gözlənilir. Ukrayna-Rusiya savaşında Avropanı sıxışdırması, onların hərbə ayırdıqları vəsaiti dəfələrlə artırmaları ABŞ hərbi sənayesindən daha çox asılı vəziyyətə salınmaları və s. kimi siyasətlər silah sənaye bosları üçün əvəzolunmaz keyfiyyətlərdir və bütün bunların hamısı Tramp sayəsində əmələ gəlir…

Bu günlərdə Los-Ancelesdə baş verən iğtışaşlar zamanı Trampın sərt mövqe tutması, ölkəsinin parçalanmasına izn verməyəcəyini bildirməsi və açıq şəkildə ABŞ polisini dəstəkləməsi də Trampın “dərin dövlət” qarşısında başını ucaldan addımlardır…

Trampla Mask arasında yaranan digər gərginlik amili ABŞ prezidentinin keçmiş müttəfiqinin ifrat tələblərini geri çevirməsi idi. Məsələn, İlon Mask milyardlarla büdcə vəsaitini kosmosda “əridən” NASA-nın rəhbərliyini öz dostuna tapşırmaq istəyirdi. Bu isə onunla əlbir olub böyük varidatlar əldə etməsinin təminatı demək idi. Tramp isə onun təklifini geri çevirmiş və bardağı daşıran son damla da məhz bu olmuşdu. ABŞ-nin kosmosda yürütdüyü bütün çalışmalarının bir əldə toplanması “dərin dövlət üçün də olduqca təhlükəli idi. Belə olacağı halda, ABŞ-nin bütün məxfi məlumatları İlon Maskın əlində cəmləşəcəkdir. Mask isə Çin və Rusiya ilə yaxın münasibətləri olan birisidir. Onun strateji məlumatlar bazasına buraxılması əldə etdiyi dataları rəqib dövlətlərə ötürmə imkanı mənasına gəlirdi. Sözsüz ki, “dərin dövlət” bu perspektivlə də razılaşa bilməzdi…
Digər mübahisə doğuran məsələ elektrikli avtomobillərə tətbiq olunan subsidiyaların ləğvi və onların idxalına qoyulan rüsumların artırılması idi. “Tesla” kimi iri elektrikli avtomobil müəssisəsinin ən böyük sərmayədarı olan Mask bunu qəbul edə bilmir və üsyankar açıqlamalar verirdi. Onun xüsusilə Çinə qarşı tətbiq olunan gömrük rüsumlarına təpkisi diqqətçəkici idi. Halbuki Tramp bu rüsumları ABŞ-nin iqtisadi maraqlarını nəzərə alıb artırmışdı və onun qarşısını almaq cəhdi faktiki olaraq Çinin böyüməsinə, ABŞ-ni geridə qoymasına çalışmaq idi. Elektrikli maşınların batareyalarının 90%-nin Çində istehsal olunması və bu istehsal üçün tələb olunan xammalın 70%-nın həmin ölkədə toplanması sözügedən sektorda ABŞ-ın rəqabət imkanlarını da sıfırlayırdı. Belə bir vəziyyətdə İlon Maskın Çinin tərəfində yer alması ABŞ “dərin dövləti” tərəfindən birmənalı qarşılanmırdı və qarşılana da bilməzdi...

- Sadaladığınız bütün bu amillərin məntiqi Tramp–Mask rəqabətində birincinin daha şanslı olduğunu göstərir...

- Bəli. Hətta Tramp ABŞ “dərin dövlət”inin tələbləri ilə Maskı öz ətrafından uzaqlaşdırdı. Düzdür, bu uzaqlaşdırmada neft-qaz hasilatçısı və bu klassik enerji mənbəyinə əsaslanan maşınların istehsalçısı Rokfeller ailəsinin də maraqları vardı. Amma eyni zamanda ABŞ “dərin dövləti” ilə bu ailənin maraqları üst-üstə düşürdü. Görünən budur ki, Tramp bütün parametrlərdə bu güc mərkəzlərinin tələblərinə cavab verir. Odur ki, mən yaxın zamanlarda Maskın tamamilə iflasının şahidi olacağımıza inanıram...

-Necə hesab edirsiniz, Los-Ancelesdə başlanan və şəhərə qoşun yeridilməsinin Kaliforniya qubernatoru Qevin Nyusomun kəskin etirazı və məhkəməyə müraciət etməsi ilə nəticələnən, hətta Nyu-Yorka sıçrayan Trampın immiqrasiya siyasətinə qarşı etiraz aksiyaları komendant saatının da tətbiqinə baxmayaraq, daha da kütləviləşməklə bütün ABŞ-ni əhatə edə bilərmi?

- Los-Ancelesdə başlanan etirazların bütün ABŞ-ni əhatə edəcəyini deyə bilmərəm. Bu üsyanlar, böyük ehtimalla, ispandilli ştatlara da yayılacaq. Söhbət burada, əsasən, Florida, Arizona, Texas və Nyu-York kimi ştatlardan gedir. Bu ştatların bir çoxu zorla ilhaq olunaraq ABŞ-yə birləşdirilib və əhalisi, əsasən, ispandilli miqrantlardan təşəkkül tapır. Nyu-Yorkdan fərqli olaraq Florida, Texas və Kaliforniya kimi ştatlar Meksika sərhədində yerləşir və hər il yüzminlərlə miqrant Meksika sərhədlərini keçərək bu ştatlarda məskunlaşmağa çalışırlar. Nyu-York da şimalda yerləşməsinə baxmayaraq, ispandilli miqrantların üz tutduğu ştatlardan biridir. Trampın mühacirlərə qarşı başlatdığı savaşdan ən çox əziyyət çəkənlər də bu ştatlardır. Ona görə də həmin əyalətdə məskunlaşan insanlar Trampın sərt tədbirlərinə qarşı müqavimət göstərməyə məhkumdurlar. Məsələnin ABŞ üçün ən qorxulu tərəfi bu ştatların həm əhali, həm də maddi cəhətdən kifayət qədər zəngin olmasıdır. Təsəvvür edin, Kaliforniya müstəqilliyini elan edərsə, ÜDM-na görə, dünyanın 5-ci böyük dövləti ola bilər. ABŞ-ın ən böyük əyalətlərindən olan Kaliforniya 4 trilyon dollarlıq ÜDM-na görə Rusiyadan 3 dəfə zəngindir. Əhalisi 39 milyon olmasına, yəni Rusiyadan 4 dəfə az insanı barındırmasına baxmayaraq. Eyni sözləri neft və qaz zəngini olan Texas üçün də söyləmək mümkündür. ÜDM 2.4 trilyon dollara bərabər olan Texas ABŞ-dən ayrılacağı təqdirdə, dünyanın ən zəngin 8-ci ölkəsinə çevrilə bilər. Nyu-york ştatı da ABŞ-nin ən zəngin əyalətlərindəndir. O, 2024-cü il statistikasına görə, 2,297 trilyon dollarlıq ümumi dövlət məhsulu ilə yalnız Kaliforniya və Texas ştatlarından geri qalaraq üçüncü yeri tutur. Nyu-York ştatı müstəqilliyini elan edərsə, nominal ÜDM-yə görə dünyanın 8-ci və ya 9-cu ən böyük iqtisadi potensialını Texasla bölüşərdi. Bütün bu göstəricilər onları istər-istəməz kiçik bir haqsızlığa qarşı həssas duruma gətirir...

– Etiraz aksiyalarının kütləviləşməsi Trampa qarşı impiçment prosesinin reallaşmasına təkan verə bilərmi, yoxsa Tramp doğrudan da etirazçılara qarşı hərbi güc tətbiqinə icazə verən qanunu tətbiq edəcək?

- Mən Los-Ancelesdə başlayan etiraz aksiyalarının Trampın yıxılmasına hesablandığına inanmıram. Əksinə, Tramp ABŞ-ni parçalanmaqdan xilas etmək üçün bu vəzifəyə gətirib. Məqsəd isə ABŞ-ni çənginə alan qlobal maliyyə qurumlarının əsarətindən qurtarmaq və real iqtisadi dirçəlişə qədəm qoymaqdır. Əks halda, ABŞ hər il artan 3.4 trilyonluq borcla tənəzzülə uğraya və daha dəhşətli şəkildə parçalana bilər. Tramp isə özünün sərt siyasəti ilə ABŞ-ın beynəlxalq borcunu azaltmağa, bu ölkədən Çinə və digər ölkələrə qaçan kapitalı geri qaytarmağa çalışır.

- Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağın guya “mübahisəli ərazi” olmasıyla bağlı son açıqlaması haqda nə düşünürsünüz?

- Medinskinin, artıq tarixə qovuşmuş Qarabağ məsələsi ilə Ukrayna savaşını eyniləşdirməsi rus və erməni məntiqinə görə başa düşüləndir. Rusiya bu gün Ukraynanı işğal etmək istədiyi kimi, ötən əsrin 90-cı illərində ermənilərə də Azərbaycan torpaqlarını ələ keçirtmişdi. Ermənilər də eynilə öz himayədarları olan ruslar kimi beynəlxalq hüququ tanımır və bizim torpaqlarımızda at oynadırdılar. Sözsüz ki, bunu rusların xeyir-duası və həvəsləndirməsi ilə bacarırdılar. Azərbaycan xalqı onların burnunu əzərək öz ərazilərini işğaldan azad etdi. Əsl burnu əzilən isə ermənilərdən çox ruslar oldu. Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi. Ermənilər, sadəcə, “xaç ataları”nın savaş qəniməti hesab etdikləri ərazilərin müftə qulluqçuları, gözətçiləri missiyasını yerinə yetirirdi. Təsadüfi deyil ki, rəsmi Bakının apardığı qətiyyətli mübarizə nəticəsində ermənilər, başda Paşinyan olmaqla, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdi. Rusiya isə indiyədək bununla barışmır, Paşinyanı öz xalqına, əslində isə ağasına xəyanət etmiş nökər kimi qiymətləndirir və bütün gücü ilə onu yıxmağa çalışır. Məsələyə bu aspektdən baxanda Medinskinin niyə özgə maraqları üçün canfəşanlıq etdiyini anlamaq mümkündür. Həmin maraqlar əslində ermənilərin yox, Cənubi Qafqazı nəzarətində saxlamaq istəyən Rusiyanındır...

- Ermənilərdən söz düşmüşkən, Ermənistan baş nazi Nikol Paşinyanla erməni kilsəsi arasında baş verənlərin mahiyyəti nədən ibarətdir?

- Paşinyanın qarşısında beynəlxalq hüquq normalarından doğan çox mühüm tapşırıqlar var. Bunlardan biri də Azərbaycanla sülh müqaviləsi bağlayıb Ermənistanı iqtisadi və siyasi cəhətdən Qərbə bağlamaqdır. Bu da Zəngəzur dəhlizinin açılması ilə mümkündür. Nəzərə alsaq ki, Azərbaycanın Gürcüstan üzərindən Qərbə bağlanmaq imkanları var, başa düşərik ki, Zəngəzur dəhlizinin açılması əslində ən çox İrəvanın və beynəlxalq güc mərkəzlərinin işinə yarayır. Sözsüz ki, alternativ kommunikasiya imkanı qazanmaq baxımından bizim də, Türkiyənin də bu məsələdə maraqları mövcuddur. Hər halda, biz həmin alternativsiz yaşaya bilərik. Ermənilər üçün isə Zəngəzur dəhlizi alternativ yox, zərurətdir. Bunu həyata keçirmədən onlar Rusiyanın caynağından xilas ola bilməyəcəklər. Rus imperializminin İrəvandakı ən güclü buxovu isə erməni Qriqoryan kilsəsidir. Moskva erməni kilsəsini hərəkətə gətirərək Paşinyanı devirmək istəyir. Öz kirli məqsədlərinə müqəddəs don geyindirməyə çalışır. Görünən budur ki, Paşinyan da Rusiyanın sonuncu geopolitik alətini də onun əlindən almaq istəyindədir. Onun məhz bunu bacarıb-bacarmaması Ermənistanın taleyini də həll edəcək. Ya o, geopolitik dalanda qalıb tamamilə çökəcək və Rusiyanın ən sadiq müttəfiqi kimi getdikcə zəifləyib məhv olmaq yolunu tutacaq, ya da Rusiyanın aləti olmaq xislətindən imtina etmək yolunda bütün fədakarlıqlara qatlanaraq özünü xilas edəcək. Ermənistan üçün 3-cü yol yoxdur. Paşinyan da məhz bu səbəbdən rus imperializminin ən etibarlı alətinə çevrilən erməni kilsəsini hədəfə alıb qonşuları ilə normal münasibətlər qurmağa çalışır. Bu səylərin nəticəsi yaranmaqda olan türk dünyasının bir parçasına çevrilmək və zamanla onun içərisində əriyib yox almaqdır. Sözsüz ki, İrəvanda da bu dilemmanı dərindən anlayırlar və son qərarı verməkdə çətinlik çəkirlər...

Избранный
23
hafta.az

1Источники