RU

SON DƏQİQƏ! Pensiyalarla bağlı ÖNƏMLİ XƏBƏR

Azərbaycanda özəl pensiya dövrü başlayır – vətəndaşlara 5 il daha tez pensiyaya çıxmaq imkanı!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Nazirliyin açıqlamasında vurğulanır ki, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu qanun layihəsinin qəbul olunması ilə ölkədə pensiya sistemində əhəmiyyətli dəyişikliklərin baş verəcəyi gözlənilir. Yeni sistemin əsas məqsədi vətəndaşlara daha çevik, dayanıqlı və şəffaf pensiya təminatı təqdim etməkdir.




Özəl pensiya fondları nəyə xidmət edəcək? Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli məsələ ilə bağlı Referans-a bildirib ki, bu sistemin nümunələri hazırda inkişaf etmiş ölkələrdə – xüsusilə də Danimarkada uğurla tətbiq olunur. Özəl pensiya fondları, dövlət fondlarından fərqli olaraq, şəxsi yığım prinsipi ilə işləyir. Yəni vətəndaş işləməyə başladığı andan etibarən bu fonda müraciət edir və həmin fond onun sığorta haqlarını şəxsi hesabda toplayır. Bu vəsaitlər real dəyərini itirməsin deyə, fondlar onları yüksək gəlir gətirən sahələrə, banklara və ya qiymətli kağızlara yatırırlar. 18 yaşında müraciət edən vətəndaşın vəsaitləri 42 il ərzində fondun sərəncamında olur və 60 yaşında layiqli pensiya alması üçün həmin fond məsuliyyət daşıyır.


Yeni sistemin üstünlükləri nə olacaq?


İqtisadçı onu da bildirib ki, ən diqqətçəkən üstünlüklərdən biri – özəl pensiya fondlarına qoşulan vətəndaşların 65 yaşını gözləmədən, 60 yaşında pensiyaya çıxa bilməsidir. Bunun üçün həmin şəxsin şəxsi pensiya kapitalını toplaması kifayət edir. Kapital toplanmadığı halda isə yenə dövlət tərəfindən yaşa görə müavinət veriləcək. Hazırda mövcud olan dövlət pensiya sistemi fərqli mexanizmə əsaslanır. İşləyən vətəndaşların ödədiyi sığorta haqları şəxsi hesabda toplanmır, birbaşa hazırkı pensiyaçıların ödənişlərinə yönləndirilir. Bu isə şəxsi yığım və gələcək təminat baxımından müəyyən risklər yaradır.


Yekun olaraq nə gözlənilir?


"Hələlik qanun layihəsi tam açıqlanmayıb və ictimaiyyətə təqdim olunmayıb. Lakin parlament müzakirələrində layihənin detalları aydınlaşdıqdan sonra onun üstünlükləri və mümkün çatışmazlıqları geniş şəkildə analiz ediləcək. Bu təşəbbüs Azərbaycanda pensiya sistemində yeni bir mərhələnin başlanğıcı ola bilər. Vətəndaşların pensiya yaşını gözləmədən, daha erkən və daha təminatlı şəkildə təqaüdə çıxması artıq real görünür",- deyə Akif Nəsirli əlavə edib.


Gülgəz Qədirova

Referans  

Избранный
17
referans.az

1Источники