2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.
Dövlət Proqramı üzrə idarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, proqrama müraciətlər iyunun 15-dək qəbul olunacaq.
Dövlət Proqramına müraciət zamanı sənədlərini düzgün şəkildə təqdim edən namizədlər növbəti mərhələ olan müsahibə mərhələsinə dəvət olunacaqdır. Qeyd edək ki, müvafiq qaydaların tələblərinə uyğun olaraq, namizədlərə şəxsi kabinet üzərindən sənədlərin natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra onlara daha üç iş günü vaxt verilərək sənədlərini düzgün şəkildə təqdim etmələri üçün imkan yaradılacaq.
Müsahibələrə iyunun 25-dən etibarən start veriləcək. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən bildiriləcək.
2025/2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində yekun nəticələrin iyul ayının sonunda açıqlanması nəzərdə tutulur.