RU

Rusiya neçənci dəfədir etiraz edir, İranın səsi çıxmır, Azərbaycan üçün çox maraqlıdır...


Rəşad Bayramov: “Bu məsələdə İranla Fransa gizli müttəfiq qismində çıxış edirlər”

Moskva Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Bakının haqlı narahatlığından xəbərdardır. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Hamıya yaxşı məlumdur ki, missiya adlandırılan qurumun əməkdaşları nə ilə məşğuldurlar. Onlar Ermənistanın qonşu ölkələrinə qarşı casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat, regionda heç bir sabitliyə töhfə vermirlər”, - o bildirib.

Burada diqqət çəkən məqam odur ki, Rusiya Avroittifaqın missiyası ilə bağlı dəfələrlə narahatlığını bildirsə də, qonşu ölkə olan İran bir dəfə də olsun buna münasibət bildirməyib, etiraz etməyib. Niyə? Halbuki, belədə Tehran regiondankənar ölkələrin bölgənin işlərinə müdaxilə etməsinə qarşı olduğunu bəyan edir.

“O üzdən, Tehranın timsalında Aİ missiyası ilə bağlı har hansı etiraz görmürük”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, bu məsələdə həm Rusiyanın, həm də Azərbaycanın narahatlığı başadüşüləndir: “Çünki Aİ müşahidə missiyası həqiqətən də fəaliyyətə başladığı gündən etibarən tamamilə başqa məqsədlərə xidmət edən fəaliyyəti həyata keçirib. Yəni bura kəşfiyyat məlumatlarının toplanmasından tutmuş, gələcəkdə özü üçün hərbi baza yaratmaq kimi planlar daxildir. Aİ missiyası yalnız öz maraqları konteksindən çıxış edərək Azərbaycan, İran və Rusiya ilə bağlı kəşfiyyat fəaliyyəti həyata keçirir. Bəli, zaman-zaman Rusiyanın buna mənfi reaksiyaları olub. İndi Zaxarovanın Azərbaycanın etirazlarını haqlı hesab etməsi də əslində ölkəmizə olan sevgidən qaynaqlanan məsələ deyil. Sadəcə, bu məsələdə özlərinə müttəfiqlər axtarırlar. Konkret olaraq İrana gəldikdə isə, Aİ-nin Ermənistanda fəaliyyət göstərən müşahidə missiyası böyük ölçüdə Fransanın patronajlığı altında fəaliyyət göstərir. Fransa ilə İran arasında münasibətlərin də nədən ibarət olduğunu bilirik. İndiyə qədər Fransadan İran əleyhinə hər hansı bir sərt bəyanatın şahidi olmamışıq. O cümlədən, Tehrandan Parisin ünvanına sərt açıqlama görməmişik. Fransa bütün sanksiyalara rəğmən mütəmadi olaraq İranla müxtəlif sahələrdə əməkdaşlıq edir və bunu gizlətmir. Hətta prezident Makronun sədrliyi ilə keçirilən G-7 sammitinə bir dəfə İranın da dəvət edildiyinə şahidlik etmişik. Həmin toplantıda Fransa təkidlə bir sıra enerji daşıyıcıları üçün sanksiyaların yumşaldılması təklifləri ilə də çıxış edib. Deməyim odur ki, bu məsələdə İranla Fransa gizli müttəfiq qismində çıxış edirlər. Faktiki olaraq, İranın regionda Ermənistana dəstəyi, bu ölkəni blokadadan çıxarması həm də Tehranın Parislə olan yaxşı münasibətlərindən xəbər verir. Baxmayaraq ki, strateji anlamda Aİ-nin Ermənistanda hərbi, kəşfiyyat fəaliyyəti Tehranın maraqlarına uyğun deyil. Ancaq Fransa amilinə görə İran baş verənlərə susqun yanaşır”.

Vidadi ORDAHALLI

Избранный
10
baki-xeber.com

1Источники