RU

İsrail-İran savaşı başladı: "Əslində, əsas hədəf başqadır..."

"İranla İsrail arasındakı qarşıdurma bugünün və ya bu ilin məsələsi deyil".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 1979-cu ildə İranda hazırkı rejim hakimiyyətə gəldikdən sonra İsraillə münasibətlər pisləşib:

"Zaman-zaman İranın proksi qüvvələri ilə İsrail arasında çox ciddi toqquşmalar yaşanıb. Hətta 7 oktyabr 2023-cü ildə İsrail və İranın dəstəklədiyi HƏMAS arasında müharibə başladı. Bu müddət ərzində İsrail tərəfi əlindən gələni etdi ki, İran və yaxud ərəb dövlətləri prosesə qarışsın. 

Amma hələ ki, indiyə qədər real olaraq İsrailə qarşı bu qüvvələrinin heç biri mövqə ortaya qoymur. Düzdür, İran proksi qüvvələrinə dəstək nümayiş etdirir. Hətta ərəb ölkələrinin də həmin qüvvələrə dəstək göstərməsi ilə bağlı məlumatlar yayılır. Lakin nə İran, nə də ərəb dövlətləri real müharibəyə başlayır". 

375568

Ekspert qeyd edib ki, bu da rəsmi Təl-Əvivin uzunmüddətli strateji planlarının pozulmasına gətirib çıxarır:

"Əslində, İsrailin əsas hədəfi HƏMAS, "Hizbullah" və ya husilər deyil. İsrailin Baş naziri Benyamin Netanyahunun məqsədi yekunda İranın vurulmasıdır. Hazırda baş verənlər də bu planın tərkib hissəsidir. Dünənki əməliyyatın başlamasının kökündə də məhz bu dayanır". 

O diqqətə çatdırıb ki, son zamanlarda İsrailin İrana hücum edəcəyi ilə bağlı ehtimallar sürətlə artırdı:

"Hətta ABŞ də bununla bağlı məlumatların yayılmasından sonra müəyyən işlər görüb. Sanki 2022-ci ildə Rusiyanın Ukraynaya hücum etdiyi o dönəmin bənzərini yaşayırıq. Rəsmi Tehranın da buna münasibəti bəllidir. Nəticədə, ötən gecə bu ehtimallar reallaşdı. 

İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirdi. Netanyahu əməliyyatların davam edəcəyini açıqladı. İranın da əks-hücum əməliyyatına hazırlaşdığı deyilir. Yəni artıq tərəflər arasındakı gərginlik çox ciddiləşib və hərbi fazaya keçib". 

Ekspert hesab edir ki, Benyamin Netanyahu Qəzzada atdığı addımlara haqq qazandırmaq üçün rezonans doğuracaq həmlələr edir:

"Bu gün İsrailin Qəzzada etdikləri dünya ölkələri tərəfindən qəbul olunmur. Hətta buna görə Netanyahunu ittiham edirlər. O, atdığı adımlara haqq qazandırmaq və diqqəti Qəzzadan uzaqlaşdırmaq üçün hansısa rezonans doğuracaq həmlə etməli idi. 

Bu adım da dünyanın prosesə qarışmaq məcburiyyətində qalacağı İrana hücum oldu. Çünki İrana hücum Qəzza mövzusunu müəyyən mənada yaddan çıxaracaq. Ən azından hazırkı mərhələdə yaddan çıxara bilər. İrana hücum nə qədər təhlükəli və nəticələri ağır proseslərə gətirib çıxarsa da, bu addım atıldı".

Xəyal Bəşirov İsrailin İranın nüvə təhdidindən tamamilə xilas olmaq istədiyini söyləyib:
"Hesab edirəm ki, İsrailin nüvə obyektləri adı altında İranın konkret o güc mərkəzləri vurulma ehtimalı da var. Çünki biz bilirik ki, İranda xüsusi raket sistemləri mövcuddur. Bu raket sistemləri isə İsrail üçün ciddi təhlükə daşıyır. Bəlkə də İsrail tərəfini İranın nüvə obyektləri raketlər qədər narahat etmir. 

Nəzərə almaq lazımdır ki, İranda nüvvə silahının olub-olmaması və yaxud nüvənin silah səviyyəsinə qədər zənginləşdirib-zənginləşdirilməməsi məsələsi hələ dəqiq bilinmir. Amma İranda raketlərin olması dəqiq bilinir və o raketlərin vurulması ilə bağlı İsrailin narahatlıqları var. Ona görə də həmin raketlər də hədəf alına bilər".

Mütəxəssis onu da əlavə edib ki, İsrail İranın raketlərini vursa, genişmiqyaslı müharibə başlaya bilər:

"İlk növbədə, ABŞ İsraili müdafiə etmək üçün proseslə qarışmaq məcburiyyətində qalacaq. Ağ Evin bununla bağlı mövqeyi də bəllidir. Bundan başqa, Avropa ölkələri Qəzzaya görə İsraili ittiham etsələr belə İranla savaşda Təl-Əvivə dəstək ola bilərlər. 

İsrailin zərbələrindən sonra müharibə olacağı təqdirdə, Rusiya və Çin isə İrana dəstək verəcək. Düşünürəm ki, İran-İsrail savaşının Rusiya-Ukrayna müharibəsindən də daha çox tərəfin qarşıdurmasına səbəb olması mümkündür. Çünki İran sıradan bir dövlət və ya Ukrayna deyil. 

Ukrayna coğrafi baxımdan Avropada yerləşsə belə, İsrailin İrana hücumu dünyada daha ciddi ajiotaj yaradacaq. Bu addım dünyanı növbəti mərhələdə daha sərt və təhlükəli şəkildə qarşıdurma şəraitinə gətirəcək. Əlbəttə ki, bu addım nə regiona, nə dünyaya, nə insanlığa müsbət heç nə vəd etməyəcək".

Pərviz

Избранный
18
hit.az

1Источники