Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə nəticəsində, otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bu misilsiz zəfər, xalqımızın qəhrəmanlıq salnaməsində silinməz izlər buraxaraq, milli tariximizə qızıl hərflərlə yazılmışdır. Eyni zamanda, bu qələbə, Azərbaycanla qardaş Türkiyə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olmuşdur. SİA xəbər verir ki, Vətən müharibəsindəki uğurumuzun arxasında duran əsas dayaqlardan biri də Türkiyə Respublikasının verdiyi prinsipial və sarsılmaz dəstəkdir. Müharibənin ilk anlarından etibarən, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açıq şəkildə Azərbaycanın yanında olduğunu bəyan etmiş, rəsmi Ankara beynəlxalq ictimaiyyəti münaqişənin ədalətli həllinə çağırmış və regionda illərlə hökm sürən ikili standartların aradan qaldırılmasına yönəlmiş siyasi mövqe nümayiş etdirmişdir. Bununla yanaşı, Türkiyənin Ermənistanla sərhədləri bağlaması və diplomatik-siyasi cəbhədə Azərbaycana tam dəstək göstərməsi, qardaş dövlətin təkcə sözdə deyil, əməldə də Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirmişdir.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə, Azərbaycan ilə Türkiyə arasında tarixi qardaşlıq münasibətlərinin rəsmi-siyasi sənəd səviyyəsində möhkəmləndirilməsi ilə yadda qaldı. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu bəyannamə, yalnız iki dövlət arasında hüquqi sənəd deyil, həm də regiona və beynəlxalq ictimaiyyətə ünvanlanmış güclü strateji mesajdır. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşdığını da nümayiş etdirdi.
Şuşa Bəyannaməsi iki dövlətin müttəfiqlik münasibətlərini hüquqi əsaslara söykənən və strateji koordinasiyaya yönəlmiş şəkildə inkişaf etdirməklə, regionda və onun hüdudlarından kənarda mühüm geosiyasi nəticələr doğurur. Bu sənəd vasitəsilə Azərbaycan və Türkiyə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatçısı olduqlarını ortaya qoyurlar. Müttəfiqlik münasibətləri, yalnız hərbi və siyasi müstəvidə deyil, həm də təhlükəsizlik, diplomatiya və enerji siyasəti sahələrində də vahid yanaşma modelinin əsasını təşkil edir.
Şuşa Bəyannaməsi həm də bölgədə inteqrasiya proseslərinin dərinləşməsi baxımından ciddi perspektivlər yaratdı. Bu sənədin siyasi və iqtisadi dinamizmi region ölkələri üçün yeni əməkdaşlıq formatları təklif edir. Azərbaycan və Türkiyə arasında koordinasiya olunmuş regional siyasət, həm də Zəngəzur dəhlizi kimi mühüm nəqliyyat layihələrinin reallaşmasına töhfə verir. Bu, bölgədə dayanıqlı sülhün və qarşılıqlı etimadın əsasını təşkil edir.
Bəyannamənin mühüm təsir sahələrindən biri də iqtisadi əməkdaşlıq və investisiya mühitinin inkişafıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Türkiyənin aktiv iştirakı bu sahədə strateji tərəfdaşlığın bariz nümunəsidir. Şuşa və ətraf bölgələrin turizm, kənd təsərrüfatı və sənaye potensialı, müttəfiqlik çərçivəsində daha da inkişaf etdirilir. Yeni iqtisadi əlaqələrin formalaşması isə regionun uzunmüddətli sabitliyinə və rifahına töhfə verir.
Şuşa Bəyannaməsi, eyni zamanda Azərbaycanın və Türkiyənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. İki dövlətin hərbi və siyasi koordinasiyası, birgə həyata keçirdikləri regional layihələr və ortaq diplomatik təşəbbüslər onların beynəlxalq təşkilatlarda və qlobal forumlarda təsir imkanlarını genişləndirir.
Bəyannamə yalnız bu günün deyil, həm də gələcəyin sənədidir. O, Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji xəritəsini müəyyənləşdirir və əlaqələrin uzunmüddətli inkişaf trayektoriyasını cızır. Bu sənədin icrası sayəsində qarşıdakı illərdə hər iki ölkə arasında inteqrasiya səviyyəsi daha da yüksələcək, əməkdaşlıq yeni məzmun və forma alacaqdır. Bu isə Türk dünyasının birliyinə gedən yolda mühüm addım kimi qiymətləndirilməlidir.
Azərbaycan ilə Türkiyə arasındakı yaxın tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrində, sosial-iqtisadi proqramlarda və şəhərsalma prosesində öz bariz təzahürünü tapır. Türkiyənin dövlət və özəl sektoru tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr, bu əməkdaşlığın praktiki və davamlı xarakter daşıdığını göstərir. Bu isə bölgənin dayanıqlı inkişafını təmin etməklə yanaşı, Azərbaycanın milli iqtisadiyyatında yeni dinamikaların formalaşmasına təkan verir.
Şuşa Bəyannaməsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən digər bir məsələ Zəngəzur dəhlizidir. Dəhlizin reallaşması təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Avrasiya məkanında nəqliyyat və ticarət axınlarının yenidən təşkilinə səbəb olacaqdır. Zəngəzur dəhlizi regionda yeni bir geoiqtisadi cazibə mərkəzinin formalaşmasına yol açır. Bu layihə vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ticarət və kommunikasiya imkanları genişlənəcək, Türkiyə və Azərbaycanın logistik mərkəz kimi rolunu gücləndirəcəkdir. Bu baxımdan, Zəngəzur təkcə iqtisadi deyil, həm də geosiyasi balansın yenidən qurulmasında açar rola malikdir.
Şuşa Bəyannaməsinin iqtisadi müddəaları ölkələr arasında qarşılıqlı investisiya qoyuluşlarının təşviqi və ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində mühüm çərçivə yaradır. Qarşılıqlı investisiyalar təkcə kapital axını ilə məhdudlaşmır, həm də innovativ texnologiyaların transferi, insan kapitalının inkişafı və sənaye əməkdaşlığının güclənməsi ilə nəticələnir. Azərbaycan və Türkiyə iqtisadi modellərinin bir-birini tamamlaması, bu əməkdaşlığın sinerji yaratmasına şərait yaradır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonası”, rəqəmsal infrastrukturlar və ağıllı kənd layihələri bu sahədə əməkdaşlığın konkret nəticələrini göstərir.
Bəyannamə təkcə iqtisadi və hərbi sferanı deyil, həm də xarici siyasətdə koordinasiyanı təmin edir. Azərbaycan və Türkiyənin regional və beynəlxalq məsələlərdə ortaq mövqe nümayiş etdirməsi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəal fəaliyyəti ilə gücləndirilir. Bu diplomatik sinxronluq Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına zəmin yaradır. İki dövlətin müstəqil, lakin bir-biri ilə uyğunlaşdırılmış xarici siyasət kursu, onların beynəlxalq arenada müstəqil subyektlər kimi nüfuzunu artırır, regiondaxili və qlobal səviyyədə təşəbbüskar mövqe tutmalarına imkan verir.
Şuşa Bəyannaməsində yer alan müdafiə və təhlükəsizlik əməkdaşlığı region üçün strateji balansın əsas amilinə çevrilir. İkinci Qarabağ müharibəsində qazanılmış təcrübə, xüsusilə Türkiyənin texnoloji üstünlüyə malik müdafiə sənayesi məhsullarının effektiv tətbiqi, iki ölkənin bu sahədə birgə gələcəyinə dair strateji vizyonunu müəyyən edir. İnsansız uçuş aparatlarının istehsalı və modern texnologiyaların Azərbaycanda lokallaşdırılması istiqamətində razılaşmalar, müdafiə sənayesində inteqrasiyanı dərinləşdirir. Gələcəkdə davam etdiriləcək ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım mexanizmləri, bu əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçəcəyindən xəbər verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsində 1921-ci il Qars müqaviləsinə istinad edilməsi sənədə xüsusi rəmzi və siyasi məna verir. Yüz il sonra imzalanan bu bəyannamə, Azərbaycanın azad edilmiş mədəniyyət beşiyi Şuşada baş tutaraq, keçmişdən gələcəyə körpü saldı. Bu sənəd yalnız diplomatik razılaşma deyil, həm də ortaq tarix, mədəniyyət və strateji iradənin təntənəsidir. Şuşa Bəyannaməsi bu mənada, Azərbaycan-Türkiyə münasibətlərinin yalnız bugünkü vəziyyətini deyil, həm də onların tarixi köklərinə söykənən və gələcəyə yönəlmiş birliyini nümayiş etdirir.
Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi, xüsusilə Ermənistanda zaman-zaman baş qaldıran revanşist dairələrə qarşı açıq və qətiyyətli mesajdır. Bəyannamə ilə Türkiyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn istənilən təhlükə halında, ölkəmizin yanında hərbi-siyasi müttəfiq kimi dayanacağını bəyan etməklə, bölgədə müharibəyə təşəbbüs göstərə biləcək qüvvələri öncədən neytrallaşdıran preventiv siyasət xəttini ortaya qoymuşdur.
Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti onun çoxşaxəli məzmununda və strateji müddəalarında əks olunur. Sənəd yalnız Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi təsbitini deyil, həm də regionda təhlükəsizlik, sabitlik və inteqrasiya meyillərinin təşviqini hədəfləyir. Siyasi, iqtisadi, enerji, müdafiə və diplomatik sahələrdə qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, iki ölkənin milli gücünün artmasına, beynəlxalq müstəvidə isə söz sahibi kimi nüfuzunun möhkəmlənməsinə zəmin yaradır.
Bəyannamənin mühüm yeniliklərindən biri də informasiya və diaspor diplomatiyası sahəsində əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Azərbaycan və Türkiyənin xarici ölkələrdəki icmaları arasında koordinasiyanın artırılması, informasiya mübadiləsinin gücləndirilməsi və ortaq media platformalarının yaradılması, “yumşaq güc” konsepsiyası çərçivəsində təsir dairəsini genişləndirən mühüm vasitəyə çevrilmişdir. Bu istiqamətdə strateji əhəmiyyət daşıyan müddəalar, ölkələrin aidiyyəti qurumları arasında informasiya və kommunikasiya əməkdaşlığının genişləndirilməsini, təbliğat, diplomatiya və milli maraqların qorunması sahəsində sinxron fəaliyyətin qurulmasını nəzərdə tutur.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də ənənəvi olaraq təşkil edilən beynəlxalq konfranslar sənədin təkcə diplomatik akt deyil, həm də siyasi doktrina kimi qəbul edildiyini sübut edir. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu tədbirlər — istər “Qafqaz və region üçün sülh və sabitlik mənbəyi” (2022), istər “Qurtuluşdan Zəfərə” (2023), istərsə də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” (2024), “Yeni dünya nizami: geosiyasi aspektlər və qlobal çağırışlar” (2025) mövzulu beynəlxalq forumlar — Şuşa Bəyannaməsinin ideoloji və siyasi əsaslarını canlı saxlamaqla yanaşı, Türk dünyasının inteqrasiyası üçün strateji baxış platformasına çevrilmişdir. Bu konfranslar, eyni zamanda Qafqazın gələcəyinə dair siyasi vizyonun və diplomatik mesajların beynəlxalq ictimaiyyətə çatdırılmasında effektiv tribuna rolunu oynayır.
Şuşa Bəyannaməsi təkcə iki qardaş ölkə arasında münasibətlərin növbəti mərhələyə keçidini əks etdirməklə yanaşı, regionda yeni geosiyasi düzənin bünövrəsini qoymuş bir sənəddir. Bu sənədin imzalanması ilə Azərbaycan və Türkiyə arasında olan əlaqələr sadəcə tarixi və mənəvi yaxınlıqla deyil, artıq beynəlxalq hüquqi sənəd əsasında təsbit olunmuş strateji müttəfiqlik səviyyəsində inkişaf edir. Bəyannamə regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq modelinin əsas sütunlarından birinə çevrilmişdir.
Şuşada imzalanmış bu tarixi Bəyannamə həm də Türk dünyasının gələcək inteqrasiyasına töhfə verən güclü mesajdır. Azərbaycan və Türkiyənin ortaq hədəflərə, milli maraqlara və strateji vizyona əsaslanan birgə addımları, yalnız iki dövlətin deyil, bütövlükdə bölgənin və türk coğrafiyasının gələcəyini formalaşdıran əsas amillərdən biri kimi çıxış edir. Şuşa Bəyannaməsi – tarixə yazılmış çağdaş müttəfiqliyin simvoludur.
Ziyafət ƏSGƏROV,
Azərbaycan RespublikasıMilli Məclisinin Sədr müavini