Gömrük ödənişlərinin qaytarılması və borcun ödənilməsi mexanizmi ilə bağlı yeni hüquqi çərçivə hazırlanır. AzPost xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 13-də keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər. Lakin yeni layihə bu anlayışı konkretləşdirir və borcun yalnız borclu şəxs tərəfindən və ya təminat öhdəliyi daşıyan şəxs vasitəsilə ödənilməsini nəzərdə tutur.
Layihəyə əsasən, gömrük orqanı tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər yalnız aşağıdakı şəxslər tərəfindən ödənilə bilər:
– Gömrük borcunun birbaşa borclusu;
– Gömrük Məcəlləsinin 258.1-ci maddəsində göstərilən təminat üsulları ilə öhdəlik götürənlər.
258.1-ci maddəyə görə, təminat formaları aşağıdakılardır:
girov;
bank qarantiyası;
gömrük orqanının depozit hesabına köçürmə;
sığorta müqaviləsi;
üçüncü şəxsin zaminliyi;
avans ödəmələr;
veksel zaminliyi (aval).
Bu yanaşma, beynəlxalq təcrübədə də tətbiq edilən “məsul olan şəxs” prinsipinə əsaslanır və qeyri-müəyyən “istənilən şəxs” anlayışının aradan qaldırılması məqsədi daşıyır.
Eyni tənzimləmə, fiziki şəxslərin şəxsi istifadə üçün ölkəyə gətirdiyi, lakin kommersiya məqsədi daşımayan mallar üçün də keçərli olacaq. Yəni həmin şəxslər və ya onlar adından təminat təqdim etmiş şəxslər gömrük ödənişlərini yerinə yetirməli olacaqlar.
Yeni dəyişikliklərlə məqsəd gömrük borcunun yaranmasında məsuliyyət daşıyan şəxslərin hüquqi öhdəliyini daha aydın müəyyən etmək və gömrük və vergi qanunvericiliyinə riayət edilməsini gücləndirməkdir. Layihənin yaxın zamanlarda Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılması gözlənilir.