RU

Məhsulun əvvəlki qiyməti şişirdilir, sonra “endirim” edilir?

Bir çox alıcı mağazalarda elan olunan endirimlərə şübhə ilə yanaşır. Bildirirlər ki, cəlbedici görünən bu qiymətlər məhsulun əvvəlki qiyməti süni şəkildə şişirdilərək guya endirim tətbiq olunmuş kimi göstərilir. Əslində məhsulun qiyməti ciddi dəyişmir. Həqiqətən mağazalarda saxta endirimlər olur?

Marketoloq Seymur Quliyev Valyuta.az-a açıqlamasında bildirir ki, bir çox hallarda mağazalarda müşahidə olunan endirimlər əslində alıcıları aldatmağa yönəlikdir: “Bu prosesdə "referans qiymət manipulyasiyası" adlı marketinq texnikasından istifadə olunur. Bu texnikaya əsasən, məhsulun əvvəlki qiyməti süni şəkildə şişirdilir və daha sonra guya ciddi endirim tətbiq olunmuş kimi göstərilir. "Bu, psixologiyada Ankraj EF – yəni lövbər effekti kimi tanınan mexanizmə əsaslanır. İnsan bir qiyməti əvvəlcədən eşidəndə, sonrakı təklifləri ona nisbətlə qiymətləndirir. Əvvəlki qiymət süni şəkildə yüksək göstərildikdə, indiki qiymət həqiqətən sərfəliymiş kimi görünür," - deyə S.Quliyev izah edir.

S.Quliyev qeyd edir ki, Azərbycanda süni endirimlər geyim və tekstil sektoru, elektronika və texnologiya sahəsində daha çox görünür: “Xüsusilə mövsüm sonu endirimləri adı altında qiymətlər süni şəkildə artırılır, sonra guya böyük endirimlər təqdim edilir. Yeni məhsullar bazara çıxmazdan əvvəl, köhnə modellər süni “endirimli” qiymətlərlə satışa çıxarılır. Bu da alıcıların aldadılmasına səbəb olur”.

S.Quliyev deyir ki, bir məhsulun əvvəlki satış qiymətinin əsassız şəkildə şişirdilməsi və daha sonra guya "endirimlə" təqdim olunması istehlakçının aldadılmasıdır: “Bu üsul istehlakçının psixologiyasına təsir göstərərək məhsulun daha sərfəli və cazibədar görünməsini təmin edir. Lakin realda elə deyilsə, deməli, istehlakçı aldadılır”.

Marketoloq deyir ki, alıcı diqqətli olsa, bu halları aşkar edə bilər: “Birinsi nüans etiket dəyişiklikləridir. Etiketdə cızılmış köhnə qiymət real deyil, süni şəkildə artırılıbsa bu, saxta endirimdir.

Alıcı məhsulun etiketi ilə kassadakı qiyməti müqayisə etməlidir. Uyğunsuzluq varsa, bu saxtakarlıq əlamətidir.

Eyni məhsulun əvvəlki qiyməti onlayın platformalarda və ya digər mağazalarda yoxlanıla bilər.
Təkrarlanan “daimi endirim” elanları: Bir məhsul ilin çox hissəsində “endirimdədirsə”, bu, əslində qiymətin manipulyasiyasıdır”.

Bəs alıcılar aldadıldıqlarnı düşünürlərsə, hansı addımları atmalıdırlar?

“Alıcılar belə vəziyyətlərlə qarşılaşdıqda, ilk növbədə çek və məhsulun etiketlərini mütləq saxlamalıdırlar. Çünki qiymət uyğunsuzluğu zamanı sübut kimi bu sənədlər çox önəmlidir. Sonra isə İqtisadiyyat Nazirliyi yanına Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə onlayn və ya yazılı şəkildə müraciət etmək olar (//www.consumer.gov.az). Bununla yanaşı, alıcılar həm özləri, həm də media və jurnalistlər vasitəsiylə süni endirimləri sosial şəbəkələrdə ictimailəşdirə bilərlər”. 

Nəticə olaraq: Süni endirimlər bazar münasibətlərini pozur. Bu halların qarşısını almaq üçün həm maarifləndirici fəaliyyətlər, həm də qanunla nəzərdə tutulmuş cəza tədbirləri vacibdir.

Tənzilə Ağabalayeva

Избранный
21
1
valyuta.az

2Источники