RU

Yasamalda Milli Qurtuluş Günü qeyd edildi - Fotolar

Yasamal rayonunun ictimaiyyəti 15 İyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın taleyini dəyişən gün: 15 İyunun strateji əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş filmə baxış keçiriblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Milli Qurtuluş Gününün müasir tariximizdəki əhəmiyyətindən və Heydər Əliyevin tarixi rolundan söz açıblar, habelə şəxsi xatirələri ilə bölüşüblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycan dilində qurtuluş sözünün mənası xilas olmaq anlamını daşıyır.Yəni, böyük bir fəlakətdən və ya bəladan xilas olmaq.1993-cü ildə Azərbaycan xalqı parçalanmaqdan, hakimiyyətdəki təsadüfi insanlardan və ümumiyyətlə xəritədən silinməkdən xilas olub.

Biz 1991-ci ildə müstəqillik əldə etdik, lakin 1992-ci ildə hakimiyyətə gəlmiş naşı insanların bərbad idarəçiliyi nəticəsində fəlakətlə üz-üzə qalmışdıq: erməni təcavüzü, iqtisadi böhran, xalq ilə iqtidar arasında uçurumun dərinləşməsi müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı: atəşkəs rejimi əldə edildi, beynəlxalq aləm Azərbaycanı tanıdı, ölkədə sabitlik yarandı, “Əsrin müqaviləsi” imzalandı. Məhz buna görə biz 15 iyunu Milli Qurtuluş günü kimi qeyd edirik. Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Elşad Həsənov bildirib ki, bu gün Ümumilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir. Cənab Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli Qurtuluş günü tariximizin digər böyük bir tarixi ilə bağlıdır- 8 noyabr Zəfər günü. Zəfər gününə gedən yol məhz Milli Qurtuluş günündən başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, 2020-ci ildə isə cənab Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından qurtardı.

Qeyd olunub ki, bu gün Qarabağda böyük miqyaslı bərpa-quruculuq işləri görülür və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağdakı milli-mənəvi abidələrimizi bərpa edir.

E.Həsənov vurğulayıb ki, Heydər Əliyev Azərbaycanı məhz belə görmək istəyib: sürətlə inkişaf edən, torpaqları azad edilmiş və güclü liderin rəhbərlik etdiyi bir ölkə.

RİH başçısı bu gün Ulu Öndərin xidmətlərinin böyük hörmət və ehtiramla xatırlandığını və onun 1993-cü ildə Azərbaycanı məhv olmaqdan xilas etməsinin hər zaman yaddaşlarda qalacağını bildirib.

Daha sonra bir qrup Yasamal rayon fəalına fəxri fərmanlar və partiya biletləri təqdim edildi.Tədbir əməkdar artist Gülüstan Əliyevanın ifasında bədii hissə ilə başa çatıb.








Избранный
23
1
qafqazinfo.az

2Источники