RU

TDT-nin Bakıda Orta Dəhliz müzakirəsi

Geosiyasətdən rəqəmsal keçidə, ailədən “yaşıl” inkişafa 

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan iclas keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə keçirilən toplantıda Orta Dəhlizin çoxölçülü xarakteri əhatəli şəkildə təhlil edilib. Geosiyasi sabitlik və regional təhlükəsizlikdən başlayaraq, mədəni inteqrasiya, rəqəmsal platformalar və enerji təhlükəsizliyi kimi məsələlər panelin əsas müzakirə mövzusu olub.
İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, Azərbaycan beynəlxalq ictimai-siyasi proseslərin içərisində elə bir özünəməxsus yer tutub ki, onun təcrübəsi hər kəs üçün maraqlıdır. Bunu şərtləndirən bir sıra təbii əsaslar var. Bunlar bizim yerləşdiyimiz region, malik olduğumuz sərvətlər, resurslar, eləcə də dünyanın maraqları naminə atdığımız ciddi addımlardır. Bu addımlar bütün insanlığın, beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib ki, Orta Dəhliz dünyada rifahı yaxşılaşdırmaq üçün ortaq vizyonun təməlini təşkil edir. Orta Dəhliz, eyni zamanda, Orta Asiya coğrafiyası ilə sinerji yaradıb, həmçinin tarixi köklərimizi birləşdirən qədim mədəniyyət yoludur.
Ailənin cəmiyyətin onurğasını təşkil etdiyini bildirən türkiyəli nazir müasir dövrdə ailə dəyərlərinin bir sıra problemlərlə üz-üzə qaldığını vurğulayaraq deyib: “Bu gün cəmiyyətin təməl dirəyi olan ailələrin üzərinə önəmli vəzifələr düşür. Gələcək nəsilləri sağlam fərdlər olaraq yetişdirməliyik. Sürətlə dəyişən dünyada hamımızın üzərinə düşən vəzifələr var. Türk dünyasında ailə siyasətlərinin daha da dərinləşdirilməsinə xidmət edən bu tədbirin ailə dəyərlərimizi gücləndirəcəyinə ümid edirik”.
Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu Türk dünyasının ailə dəyərlərinə söykənən birliyinə inandıqlarını söyləyib. O əlavə edib ki, ailə cəmiyyətimizin bünövrəsidir. Uşaq hüquqlarının qorunması, qadınların sosial-iqtisadi həyatda fəal iştirakı, ahıl və əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində ortaq proqramlar vacibdir. S.Qardiyanoğlu qeyd edib ki, yaşıl transformasiya bu günün və gələcəyin məsələsidir. Sosial siyasət iqlim dəyişikliyinə qarşı dayanıqlı olmalıdır. Ətraf mühitə uyğun əmək bazarları və ekoloji məsuliyyətli sosial proqramlar bu baxımdan hər kəsin prioritetidir.
TDT Baş katibinin müavini Ömər Kocaman bildirib ki, artıq inkişaf edən dünya iqtisadiyyatında “Orta Dəhliz” adlı bir reallıq var. İstehsal edən bir Çin var və o, istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarmaq üçün müxtəlif yollar axtarır. Təkcə dəniz yolu, şimal yolu ilə yox, bu gün bizim üzərində çalışdığımız Orta Dəhliz vasitəsilə də məhsullarını Avropa və dünya bazarlarına çıxarmaq istəyir. Həqiqətən də apardığımız təhlil və araşdırmalara əsasən, Çinlə Avropa arasında ən qısa və ən təhlükəsiz yol Türk Dövlətləri Təşkilatının üzv ölkələri üzərindən keçir. Ölkələrimiz bu günə qədər bu sahəyə çox ciddi sərmayələr yatırıb.
Milli Məclisin deputatları Tahir Mirkişili və Fazil Mustafa diqqətə çatdırıblar ki, biz öz tarixi köklərimizə nə qədər bağlı olsaq da, əgər texnologiya və iqtisadi inkişaf sahəsində geridə qalsaq, dünyada liderliyə iddia etmək imkanımız məhdud olar. Ona görə də bu gün iqtisadiyyatımızın və texnologiyanın inkişafı çox vacibdir.
Bildirilib ki, biz tarixdən dərs çıxarmalıyıq. Sivilizasiyanın mərkəzinin Çin olduğu dövrlərdə Göytürklərin çinləşməsi onların imperiyasının tarix səhnəsindən silinməsi ilə nəticələndi. Bu mənfi təcrübə diqqətlə öyrənilməli və təkrar olunmamalıdır. 
Energetika nazirinin müavini Elnur Soltanov “Orta Dəhliz” mövzusunu daha geniş mənada gördüyünü ifadə edib. Bildirib ki, Azərbaycan üçün bu dəhliz çox böyük konsepsiyanın xüsusi bir ifadəsidir. O qeyd edib ki, biz adətən cəmiyyət və fərddən danışırıq, amma əslində, ailə olmadan nə fərd, nə də cəmiyyət mövcud ola bilər. Ailə cəmiyyətlə fərdi birləşdirən və onlara mənəvi dəyər qazandıran əsas məfhumdur.
E.Soltanov daha sonra qeyd edib ki, neft inqilabının önündə gələn ölkə, şübhəsiz ki, Azərbaycandır. Sənaye inqilabını neft inqilabı olmadan, neft inqilabını isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Lakin bu dövr ölkəmizin müstəqil olmadığı illərə təsadüf edir və həmin vaxtlar ənənəvi enerji resurslarımızın əhəmiyyətli hissəsi Azərbaycanın deyil, başqalarının maraqlarına xidmət edirdi. Ancaq müstəqilliyimizin bərpasından sonra Azərbaycan bu enerji resurslarından son dərəcə ağıllı şəkildə istifadə edərək, həm müstəqilliyini möhkəmləndirdi, həm də nəhayət, öz torpaqlarını azad etməyə nail oldu”, - deyə energetika nazirinin müavini vurğulayıb.

XQ

Избранный
44
4
xalqqazeti.az

8Источники