RU

“Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem”

İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. UNEC-in 95 illik yubileyi münasibətilə builki konfrans “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusuna həsr olunub.
Konfrans iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında UNEC rektoru, professor Ədalət Muradov çıxış edərək builki konfransda 24 ölkədən 57 xarici tədqiqatçının iştirak etdiyini, konfransa təqdim olunan elmi məqalələrdən 224-nün seçilərək xülasələr kitabına daxil edildiyini diqqətə çatdırıb. UNEC-in strateji hədəflərindən söz açan rektor universitetin bu hədəflərə doğru inamla irəlilədiyini bildirib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin elmi fəaliyyətinə dair statistik məlumatları bölüşərək “Web of Science” və “Scopus” indeksli elmi məqalələrin sayının artım tempinə görə dünyada lider olduğunu deyib.
Ə.Muradov ölkə Prezidenti İlham 
Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda təhsil və elm sahəsində süni intellektin tətbiqi ilə bağlı məsələlərə geniş yer ayrıldığını vurğulayaraq UNEC-də bu istiqamətdə həyata keçiriləcək layihələrdən bəhs edib. 2024-cü ilin ikinci yarısından etibarən universitetdə elmi fəaliyyətin rəqəmsallaşdırılması layihəsinə start verildiyini xatırladan rektor bu sistemin elmi fəaliyyətin rəqəmsal əsasda idarə olunması, maliyyələşdirilməsi və stimullaşdırılmasına xidmət edəcəyini diqqətə çatdırıb. Rəqəmsal platformanın bir neçə əsas funksiyanı özündə birləşdirəcəyini bildirən Ə.Muradov deyib ki, bu platforma elmi fəaliyyətin effektiv və şəffaf idarə olunmasını təmin etməklə yanaşı, məqalə və istinad sayı, qrantlar və digər fəaliyyətlərin illik performans dəyərləndirməsini asanlaşdıracaq. 
Elm və təhsil nazirinin müavini Həsən Həsənli ali təhsilin əsas hədəflərindən söz açaraq bu istiqamətlərdən birinin də beynəlxalq reytinqlərdə irəliləməkdən ibarət olduğunu vurğulayıb. Bununla bağlı sistemli yanaşmanın və kompleks çalışmanın vacibliyini diqqətə çatdıran nazir müavini belə yanaşma nəticəsində yaxın dövrdə təhsildə və elmi fəaliyyətlərdə beynəlxalq rəqabətədavamlı uğurlar əldə ediləcəyinə əminliyini ifadə edib. Bu prosesdə tədqiqatçıların rolunu yüksək qiymətləndirən H.Həsənli konfransın bu mənada əhəmiyyətli rol oynayacağını xatırladıb.
Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev çıxışında COP 29-un uğurlu nəticələrindən və Azərbaycanın bu tədbirə verdiyi töhfələrdən danışıb. Konfransın mövzusunun aktuallığına diqqət çəkən nazir müavini COP-da irəli sürülmüş 14 təşəbbüsün 3-nün enerji ilə bağlı olduğunu və konfransın məhz həmin mövzuları əhatə etdiyini diqqətə çatdırıb. Y.Rəfiyev konfransda səsləndiriləcək fikirlərin ölkəmizin davamlı və dayanıqlı inkişafına mühüm töhfələr verəcəyindən əminliyini ifadə edib.
UI GreenMetric Dünya Universitetləri reytinqinın təsisçisi professor Riri Fitri Sari 2010-cu ildən fəaliyyət göstərən reytinqin universitetlərin ekoloji dayanıqlılıq və yaşıl təşəbbüslər sahəsində fəaliyyətlərinin qiymətləndirilməsində mühüm rol oynadığını deyib. O, UI GreenMetricsin təkcə rəqabət deyil, həm də universitetlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün əvəzsiz platforma olduğunu qeyd edərək bunda da əsas məqsədin ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyətini təşviq etməkdən ibarət olduğunu bildirib.
Azərbaycan universitetlərinin davamlılıq sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkən təsisçi, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi proqramların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini qeyd edib. O, universitet rəhbərləri, akademik heyət və tələbələr üçün əməkdaşlıq mühitinin yaradılmasının cəmiyyət, planet və iqtisadi rifah arasında balanslı inkişafı təmin etmək baxımından vacibliyini diqqətə çatdırıb.
Sonra “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və “Weevo Srl Benefit” şirkətinin həmtəsisçisi Gabriele Carboni mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
Çıxışlardan sonra iştirakçılar “Xülasələr toplusu”, “Akademik yazı”, eləcə də Azərbaycan dilinə tərcümə olunmuş “Bazarın hüdudları”, “Dayanıqlı enerji”, “Dairəvi iqtisadiyyat” kitablarının sərgisi ilə tanış olublar.
Konfransın ikinci hissəsində “COP29 Azərbaycan töhfəsi: İqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatin drayverləri: Rəqəmsal transformasiya və dayaniqli ekosistem” mövzuarında panel sessiyalar olub. Birinci paneldə iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın mövqeyi və COP29 kontekstində maliyyə mexanizmləri müzakirə olunub. Digər paneldə isə dairəvi iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdən bəhs edilib, həmçinin rəqəmsal texnologiyalar, innovasiya və ekoloji dayanıqlılıq mövzularında fikir mübadilələri aparılıb.
Konfrans öz işini iyunun 13-14-də panel müzakirələr və vörkşoplarla davam etdirəcək. Müzakirələr süni intellekt, iqtisadi sistemlərin optimallaşdırılması, dairəvi iqtisadiyyatda gender bərabərliyi və sosial inklüzivlik, sosial məsuliyyətli və dayanıqlı biznes modelləri, dairəvi iqtisadiyyatın təşviqində təhsilin rolu, istehlakçı məlumatlılığı və dayanıqlı məhsul seçimi, eko-innovasiyalar, yaşıl texnologiyalar, dayanıqlı istehlak və istehsal (SCP) siyasətinə həsr olunacaq. 

XQ

Избранный
32
4
xalqqazeti.az

10Источники