RU

İsrail-İran münaqişəsinin Azərbaycana təsiri: Nələr dəyişəcək – AÇIQLAMA

“İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlar regionda vəziyyəti ciddi şəkildə dəyişə bilər. Münaqişənin mümkün təsirləri təhlükəsizlik mühitindən tutmuş nəqliyyat dəhlizlərinə, idxal-ixrac balansına, neft qiymətlərinə və miqrasiya axınlarına qədər geniş spektri əhatə edir”. 


Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Amirov bildirib.

 

Onun sözlərinə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi baxımından hazırda ciddi iqtisadi risk gözlənilmir.

 

“İran tərəfində infrastruktur hələ də tam tamamlanmayıb və bu marşrut indiyə qədər də tam gücü ilə işləmirdi. Bir müddət əvvəl İranın əsas limanı partlayış nəticəsində sıradan çıxmışdı”, – deyə o vurğulayıb. 


2024-cü ildə Azərbaycan–İran ticarət dövriyyəsi 647 milyon dollar təşkil edib. Bunun 633 milyon dolları İranın ixracının payına düşür. İqtisadçı qeyd edir ki, İran əsasən Azərbaycana meyvə-tərəvəz, quru çərəzlər, bəzi dərman vasitələri, plastik məmulatlar, tikinti materialları və məişət texnikası ixrac edir. 

 


E.Amirov hesab edir ki, bu sahələr üzrə qısamüddətli gecikmələr və qiymət artımı mümkündür, lakin bu proseslər ümumi iqtisadi sabitliyi pozacaq səviyyədə deyil:

 

"Amma münaqişənin uzanması halında İrandan Azərbaycana doğru humanitar və iqtisadi axının artması, xüsusilə biznesi çökən sahibkarların və mülki əhalinin ölkəyə üz tutması mümkündür. Bu isə bir tərəfdən istehlak artımı və sosial xidmətlərə təzyiq yarada, digər tərəfdən isə yeni əmək resursları və iqtisadi inteqrasiya imkanları formalaşdıra bilər". 


E.Amirov əlavə edib ki, bu cür hallarda, xüsusilə İran vətəndaşlarının Azərbaycanda uzunmüddətli yaşamağa meyil göstərməsi fonunda əmlak bazarında tələb arta bilər və nəticə etibarilə daşınmaz əmlak qiymətlərində yüksəliş müşahidə oluna bilər:

 

"Eyni zamanda münaqişənin uzun sürməsi region ölkələrinin ticarət planlarını və dünya bazarında neft qiymətlərinin dəyişməsini də şərtləndirə bilər. Ona görə də bu prosesin Azərbaycana təsiri ilk növbədə münaqişənin davametmə müddəti və miqyasından asılı olacaq”.


Bəsti Rəfizadə
Sfera.az

Избранный
27
sfera.az

1Источники