Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin plenar iclasında çıxışı edib
Hörmətli həmkarlar!
Bizim iclasımız Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. İki gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcək. Bildiyiniz kimi, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli Liderimizin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunmuşdur. Hörmətli həmkarlar! Ulu Öndərin başladığı tarixi missiya bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Azərbaycan dinamik iqtisadi artıma nail olmuş, nəhəng infrastruktur layihələri həyata keçirmiş, ordunu möhkəmləndirmişdir. Hörmətli həmkarlar! Bu gün Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminliklə söyləmək olar ki, Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır. Hörmətli deputatlar! Mən təklif edirəm ki, Milli Qurtuluş Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. Hörmətli həmkarlar, hörmətli qonaqlar, bayram münasibəti ilə mən sizin hər birinizi təbrik edirəm! Hamınıza möhkəm can sağlığı, firavanlıq və xoşbəxtlik arzulayıram. Həmçinin burada daim bizi müşahidə edən media nümayəndələrini də mən ürəkdən təbrik edirəm. Hörmətli həmkarlar! Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 11-də və 12-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının Şura iclasında və 14-cü plenar iclasında iştirak etmək idi. Və xatırladım ki, 2024-cü ildə TÜRKPA-ya sədrliyi Azərbaycan Respublikasının Milli Məclisi etmişdir. İyunun 12-də TÜRKPA-nın Şura iclasında mən Milli Məclisin təşkilata sədrliyi dövründə görülmüş işlərə dair hesabatla çıxış etdim. Ötən dövrdə TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barəsində geniş məlumat verdim. İclasda təşkilati məsələlərə baxıldı və müvafiq qərarlar qəbul olundu, həmçinin təşkilata sədrlik Qazaxıstan Parlamentinə keçdi. Hörmətli deputatlar! Elə həmin gün Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclası keçirildi. İclasda "Türk əsri: parlament diplomatiyasının rolu" mövzusunda müzakirələr aparıldı. Öz çıxışımda mən müasir dövrdə dost və qardaş türk xalqlarının yaxınlaşması, birgə inkişafı və qarşılıqlı əlaqəsi üçün yaranan şəraitdən danışdım. Türk birliyinin güclənməsinə Azərbaycanın verdiyi töhfələri qeyd etdim. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütün türk dünyası üçün tarixi nailiyyət olduğunu vurğuladım. TÜRKPA çərçivəsində iş birliyinin ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı üçün parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açdığını bildirdim. Çıxışımda iyirmi birinci əsrin türk xalqları üçün yeni imkanlar əsri olduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “İyirmi birinci əsr türk dünyasının inkişafı əsri olmalıdır” kəlamını da xatırlatdım. Onu da deyim ki, iclasın yekununda Astana Bəyannaməsi qəbul olundu. Qeyd edim ki, hörmətli həmkarlar, Milli Məclisin deputatı Ramil Həsən plenar iclasda TÜRKPA-nın yeni Baş katibi seçildi. Mən hörmətli həmkarımızı təbrik edir, fəaliyyətində ona uğurlar arzulayıram. Hörmətli həmkarlar! TÜRKPA-nın 14-cü plenar iclasından sonra mətbuat konfransı keçirildi. Çıxışımda mən qeyd etdim ki, Azərbaycan Respublikasının Milli Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətə çox böyük əhəmiyyət verir. Qardaş ölkələrin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın mahiyyətində Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrinin dayandığını bildirdim. Hörmətli deputatlar! Astana şəhərinə işgüzar səfər çərçivəsində bir sıra görüşlər də keçirildi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə nümayəndə heyətləri rəhbərlərinin görüşündə türk birliyinin inkişafının parlamentlər səviyyəsində dəstəklənməsi barədə fikir mübadiləsi aparıldı. Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüşlərimdə parlamentlərarası əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirildi. Hörmətli deputatlar! Hesab edirəm ki, Qazaxıstan Respublikasına işgüzar səfər uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə minnətdarlığımı bildirirəm.