BAKI, 13 iyun. TELEQRAF
"Azərbaycanda elm və təhsil xərcləri beynəlxalq normativlərə uyğundur."
Teleqraf xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil xərclərinin ÜDM-də xüsusi çəkisinin az olması ilə bağlı münasibətində qeyd edib.
"Elm və təhsil xərclərinə kompleks baxılmalıdır. Hesabat ilində təhsil və elm xərcləri 4,8 milyard manat olmaqla, ÜDM-in 4 faizi məbləğində proqnozlaşdırılıb. Bu isə beynəlxalq normativlərə uyğundur. Əksər ölkələrdə təhsil və elm xərcləri ÜDM-in 3-5 faizi həcmində proqnozlaşdırılır.
Eyni zamanda nəzərə alınmalıdır ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsində fərqli bölmələrdə təsnifləşdirilir. Bu isə ümumi mənzərənin formalaşdırılmasında çətinlik yaradır. Hazırda elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır."- deyə o əlavə edib.