RU

Nazir: Büdcənin icrası istiqamətində zəruri tədbirlər görülüb, sosial proqramların icrası təmin olunub

Bakı, 13 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə hesabat ilində büdcənin icrası istiqamətində zəruri tədbirlər görülüb, makroiqtisadi göstəricilər, müsbət tendensiya üzrə inkişaf edib, sosial proqramların icrası təmin olunub, iqtisadi inkişafın, dövlətimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması üçün tələb olunan həcmdə maliyyə vəsaiti səfərbər edilib.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O, eyni zamanda, bildirib ki, ötən il ərzində Böyük Qayıdış proqramına uyğun olaraq quruculuq işlərinin sürətləndirilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesi geniş vüsət alıb. Hesabat ilində, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət, idman, investisiya, kənd təsərrüfatı, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük və digər zəruri tədbirlərin maliyyələşdirilməsi təmin edilib.

Nazir nəzərə çatdırıb ki, dövlət maliyyəsinin daha səmərəli idarə olunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində Maliyyə Nazirliyində hazırda müvafiq işçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb. İslahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlirlərinin və xərclərinin təhlili və optimallaşdırılması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesinə tətbiqi imkanları təmin ediləcək.

Избранный
1
azertag.az

1Источники