RU

Gündə 7 dərs: Şagirdlər öyrənir, yoxsa yüklənir?

Hazırda bir çox məktəbdə şagirdlər gündə 6-7 fərqli fənn üzrə dərs keçirlər. Bu isə həm psixoloji yüklənmə yaradır, həm də dərslərin effektivliyinə təsir edir. Dərs müddətinin artırılması və dərs sayının azaldılması -məsələn, bir dərsin 70-80 dəqiqə davam etməsi və gündə cəmi 2-3 dərsin keçirilməsi həm müəllim, həm də şagird üçün daha faydalı ola bilər.

 

Bu yanaşma mümkündürmü? Təhsil sistemimiz buna nə dərəcədə hazırdır?

 

Bu barədə AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu fikir müasir pedaqoji trendlərlə səsləşən, lakin Azərbaycanda tətbiq oluna bilməsi çoxşaxəli islahat tələb edən məsələdir:

 

"Hazırda orta ümumtəhsil məktəblərində dərs saatı orta hesabla 45 dəqiqədir və şagirdlər bir gündə 6-7 dərs keçirlər. Bu struktur həm şagird, həm də müəllim üçün intellektual və emosional baxımdan yüklənmə yaradır. Lakin dərs müddətinin 70–80 dəqiqəyə uzadılması və gündə 2-3 dərs keçilməsi kimi model yalnız dərsin fəlsəfəsi və məzmunu ilə paralel şəkildə dəyişərsə, effektiv ola bilər.

 

Mövcud “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təhsilalanların psixoloji və fiziki sağlamlıqlarının qorunması əsas prinsiplərdən biri kimi müəyyən edilir. Uzun müddətli və fasiləsiz dərs mühitində bu prinsipin pozulma riski artır. Eyni zamanda həmin qanunun 14-cü maddəsində qeyd olunur ki, təhsil formaları və metodları şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır. Bu da o deməkdir ki, dərs müddətinin artırılması pedaqoji-metodik yanaşmalarla birlikdə dəyişməzsə, qanunvericiliyin ruhuna zidd nəticələr doğura bilər.

 

2023-cü ildə Təhsil İnstitutu tərəfindən Bakıda keçirilən monitorinqə əsasən, gündə 7 dərsi olan V–IX sinif şagirdlərinin 61%-i dərsdə diqqət və yaddaş zəifliyi, 48%-i isə emosional gərginlik yaşadıqlarını bildirib. Bu isə onu göstərir ki, dərs saatlarının sayının azaldılması və uzun blok dərslərin tətbiqi konsentrasiya baxımından müsbət nəticə verə bilər, əgər düzgün tətbiq olunarsa”.

 

Dünya təcrübəsinə istina edən ekspert Almaniyanın bəzi federal torpaqlarında “blokunterricht” adlandırılan dərs modellərinin tətbiqindən bəhs edib:

 

"Burada bir dərs 90 dəqiqə davam edir, lakin həmin dərs praktika, qrup işi, video təqdimat və diskussiya kimi müxtəlif formatlara bölünür. Bu zaman dərsin uzanması yox, dinamikası dəyişir. Niderland və Estoniya kimi ölkələrdə isə dərslərin sayı gündə 4-dən çox olmur, lakin dərs müddətləri 60 dəqiqədən artıq ola bilər. Əvəzində dərsdənkənar layihələr, STEAM fəaliyyəti, debat və sosial bacarıqlar üzrə məşğələlər dərs strukturuna daxil edilir. Bu model dərsi informasiya ötürmə aləti deyil, bilik formalaşdırma mühiti kimi qəbul edir.

 

Azərbaycan reallığında bu cür keçid üçün ilk növbədə dərs proqramlarının həcmi və məzmunu optimallaşdırılmalıdır. Hazırda orta məktəb kurikulumu informasiya baxımından yüklüdür. Bütün fənlərdə şagirdin yaş səviyyəsini aşan terminologiya və həcm mövcuddur. Əgər 80 dəqiqəlik dərs tətbiq ediləcəksə, bu zaman dərsin strukturlaşdırılması, məsələn, ilk 20 dəqiqə nəzəri bilik, növbəti 20 dəqiqə praktiki tapşırıq, 10 dəqiqə fasilə, sonra isə qrup işi və refleksiya kimi modellərlə təchiz edilməlidir. Əks halda, bu dəyişikliklər sadəcə formaldır və nəticə verməyəcək.

 

Dərs saatının uzadılması infrastruktur baxımından da ciddi problemlər yarada bilər. Azərbaycan məktəblərinin 48%-i iki növbəli sistemlə işləyir. Bu isə o deməkdir ki, dərslərin uzadılması ikinci növbənin gec saatlara qədər davam etməsinə səbəb olacaq və bu, şagirdlərin təhlükəsizliyi, işıqlandırma, ictimai nəqliyyat və qidalanma baxımından əlavə problemlər yaradacaq. Müəllimlərin dərs yükünün və maaş sisteminin yenidən tənzimlənməsi də qaçılmaz olacaq. Əgər müəllim gündə 7 dərs əvəzinə 2 uzun dərs deyəcəksə, bu zaman onun əməkhaqqı necə hesablanacaq? Bu məsələ əmək qanunvericiliyi və əməkhaqqı sistemində də islahat tələb edir”.

 

Onun fikrincə müsbət ondan ibarətdir ki, dərs sayı azaldıqda şagirdin zehni və fiziki yüklənməsi azalır, müəllimlərə dərsin keyfiyyətini artırmaq üçün daha çox imkan yaranır, dərsdə fərdi yanaşma və tənqidi düşüncə bacarıqlarının inkişafına şərait formalaşır:

 

"Eyni zamanda, ailələrlə ünsiyyət və şagirdin sosial həyata qatılması üçün daha çox zaman qalır. Lakin bu sistemin tətbiqi üçün yalnız müddəti dəyişmək deyil, həm kurikulum, həm müəllim hazırlığı, həm də məktəb idarəçiliyi ilə bağlı paralel islahatların aparılması vacibdir.

 

Bütün bu arqumentlər onu göstərir ki, dərs müddətinin artırılması və dərs sayının azaldılması radikal yanaşma kimi deyil, sistemli islahatın bir elementi kimi düşünülməlidir. Əsas məqsəd daha uzun dərs yox, daha dərin və mənalı öyrənmə təmin etmək olmalıdır. Məktəb bir informasiya ötürmə mərkəzi deyil, şəxsiyyət formalaşdırma mühiti olmalıdır. Bu məqsədə çatmaq üçün isə zamanın miqdarı deyil, onun necə keçirilməsi həlledicidir”.

Избранный
32
azedu.az

1Источники