RU

Sertifikasiyanın hər il keçirilməsinin tərəfdarıyam - Gənc müəllimlə MÜSAHİBƏ

Təhsil cəmiyyətin inkişafıdır. Bu inkişafın arxasında dayananlar isə fədakar, yenilikçi, peşəsini sevən və ona həvəslə yanaşan müəllimlərdir. Bu sahədə uğur qazananlar içərisində pedaqoji fəaliyyətinin az olmasına baxmayaraq gənc müəllimlərimiz də yer almasını görmək olduqca ürəkaçandır.

 

Bugünkü müsahibəmizin qonağı olan Türkan Əliyeva gənc yaşına baxmayaraq uğurları, pedaqoji yanaşması və şagirdlərlə qurduğu səmimi münasibətlə fərqlənən bir müəllimdir.

 

O, yalnız dərs deməklə kifayətlənmir, həm də şagirdlərinin həyatına müsbət istiqamət verən bir yolgöstərici rolunu oynayır. Onun təcrübəsi, yanaşmaları və təhsilə baxışı həm gənc müəllimlər, həm də bu sahəyə maraq göstərənlər üçün ilham mənbəyidir.

 

T.Əliyeva Kəlbəcər rayonu 126 saylı tam orta məktəbdə İbtidai sinif müəllimi kimi fəaliyyət göstərir.

 

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb.

 

Müsahibəni təqdim edirik.

 

Türkan müəllim, oxucularımıza sizi daha yaxından tanıtmaq istərdik.

 

- Mən, Türkan Əliyeva, Bakı Slavyan Universitetini (BSU) (bakalavr) üzrə ibtidai sinif müəllimiyi ixtisasını (2011-2015-ci illərdə) fərqlənmə ilə bitirmişəm. Magistratura təhsilimi isə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin təşkili və idarə olunması ixtisası üzrə 2018-ci ildə bitirmişəm.

 

7 illik pedaqoji fəaliyyətim var. 3 ildir ki, Kəlbəcər rayonu 126 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışıram.

 

- Hər bir müəllimin özünəməxsus dərs metodu olur. İstərdik ki, ibtidai sinif müəllimi kimi sizində tədris metodunuz haqqında məlumat alaq.

 

-  Şagirdlərimlə elə bir münasibət qurmuşam ki, artıq biz bir ailəyik. Bu da, öz növbəsində, onların özlərini daha rahat və sərbəst ifadə etmələrinə səbəb olur. Həmçinin interaktiv təlim metodları və oyunlar vasitəsilə dərslərimizi aparırıq. Bu da şagirdlər üçün dərs müddətini daha maraqlı və cəlbedici edir. Az əvvəl də qeyd etdiyim kimi, özlərini sərbəst şəkildə ifadə etdikləri üçün çəkinmədən, qorxmadan, “səhv edərəm” düşüncəsinə qapılmadan fikirlərini aydın şəkildə ifadə edə bilirlər.

162204

Nəzəri cəhətdən müşahidə etmişəm ki, bu yanaşma şagirdlərin inkişafına çox müsbət təsir göstərir. Sinifdə ən zəif uşaqda belə artıq irəliləyişi müşahidə edirəm. Sərbəstliyi təmin etdikdən sonra onlarda özünəinam formalaşır. Dərslərimiz oyunlar vasitəsilə daha maraqlı və interaktiv keçir. Şəxsi sosial şəbəkə hesabımda əyani vəsaitlərdən istifadə edərək oyunlar təşkil edirəm. Fərdi və ya qrup şəklində işləyirik. Bu onlara çox maraqlı gəlir, çünki dərsdə sağlam rəqabət mühiti formalaşır.

 

- Söhbət əsnasında belə bir fikir səsləndirdiniz ki, sinifdə zəif oxuyan uşaqlar çəkinmədən, qorxmadan özlərini ifadə edə bilirlər. Belə bir situasiya ilə qarşılaşmısınızmı?

 

- Şagirdlərimə tədris ilinin ilk günündən etibarən özgüvənli olmağı aşılamışam. Çünki hər kəs öz fikrini qorxmadan deyə bilməlidir. Hətta bu fikir səhv olsa belə. Hər birimiz səhv edə bilərik. Əsas odur ki, səhvlərimizdən nəticə çıxarıb düzəldə bilək. Ona görə də şagird tam sərbəst olaraq fikrini irəli sürə bilər. Əgər yanlış ifadə edərsə, o zaman "sənin fikrin maraqlıdır" deyərək onu incitmədən, qəlbini qırmadan kömək etmək lazımdır. Demək olar ki, bu prosesə şagirdlərimiz öyrəşiblər deyə yoldaşlarında səhv görən zaman gülmək və ya qışqırmaq kimi hallar müşahidə edilmir. Çünki onlar arasında birlik var.

 

7 illik pedaqoji təcrübəyə malik olduğunuzu qeyd etdiniz. Söhbət zamanı da həm gənc ruhda olduğunuz, həm də bu ruhda şagirdlər yetişdirmək istədiyiniz hiss olunurdu. Deməli, siz bu sahədə gənc və dinamik bir müəllimsiniz...

162205

- Bəli, 32 yaşım var. (gülür)

 

- Nə gözəl. Müəllimlik peşəsi üzrə fəaliyyət göstərmək öz arzunuz olub? Necə oldu ki, bu sahədə işləməyə qərar verdiniz?

 

- Desəm ki, bu fəaliyyətimə ilk növbədə universitetə qəbul olduğum ildən bəri maraq göstərmişəm. Yox. Günlərin birində universitetdən istehsalat təcrübəsi üçün məktəblərin birinə yollandıq. Sinfə daxil olan kimi bizi qarşılayan müəllim məsuliyyəti dərhal bizim üzərimizə qoydu. Bizə dedilər: “Müəllim artıq keçir arxa partaya, burada müəllim sizsiniz". Elə həmin dövrdən bu sahəyə ilk sevgim yaranmağa başladı. O sevgidən sonra anladım ki, başqa ixtisas üzrə magistr təhsili alsam da, özümü həqiqətən də ibtidai sinif müəllimi kimi görürəm.

 

Uşaqlara sevgimdən əmin idim və bilirdim ki, bu işin öhdəsindən çox yaxşı gələ bilərəm. Hiss edirsən ki, sən bu iş üçün doğulmusan. Praktikamın ilk günündən bu hissi yaşadığma görə artıq hər şeydən əmin idim. Əvvəllər fikirləşirdim ki, magistr oxuyacam, özümü başqa sahələr üzrə də inkişaf etdirəcəm. Amma elə ki, sinfə daxil olub şagirdlərin sevgisini görəndə düşünürsən ki, yox, bu sevgini heç nə ilə əvəz etmək olmaz.

 

Məhz ibtidai sinif müəllimi olaraq doğulmuş biriyəm...

 

- Özünüzü bu sahədə görməyiniz, peşənizi sevməyiniz həqiqətəndə təqdirəlayiqdir. Bəs, ailə üzvlərinizdə necə, müəllimlik peşəsiylə məşğul olan varmı?

 

-Təşəkkür edirəm. Ailə üzvlərimdə bu sahə ilə məşğul olan yoxdur.

 

- Sertifikasiya imtahanından neçə bal toplamışdınız?

 

İmtahanın test mərhələsi üzrə 54, müsahibə mərhələsi üzrə isə 38 bal toplamışam. Məktəb üzrə yüksək nəticələrdən biridir.

 

- Həmin dövrlərdə xüsusilə bəzi ibtidai sinif müəllimləri sadə sualları cavablandırmaqda çətinlik çəkmişdilər. Sizə görə, imtahan prosesi necə idi?

162203

- Əslində, bu proses mənim üçün tamamilə təsadüfi baş verdi. Çünki 5 illik təcrübəmin 2 ili müddətli müqavilə ilə işlədiyim dövrə təsadüf edir. Düşünürdüm ki, həmin imtahana qatılmayacağam. O ərəfədə 1-ci sinifə dərs deyirdim və “Son zəng” tədbirinə hazırlaşırdım. Demək olar ki, bütün gücümü və enerjimi uşaqları hazırlamağa sərf etmişdim. Günlərin birində dərs zamanı mənə bir mesaj gəldi: “Siz ayın 21-i imtahana gəlməlisiniz". Baxdım ki, imtahana cəmi bir həftə qalıb. Ona görə də heç nə təkrarlamadan, tamamilə hazırlıqsız şəkildə imtahanda iştirak etdim və 54 bal topladım.

 

Özümdən əmin idim ki, əgər mən bu ixtisası tədris edirəmsə, demək ki, heç hazırlaşmağıma da ehtiyac yoxdur. Tədris etdiyim fənni 4040 yazmışdım. Qeyd etmək istərdim ki, suallar heç də çətin deyildi. Tam əminliklə deyə bilərəm ki, bizim keçdiklərimizdən əlavə heç bir suallar yox idi.

 

- Çox az gənc müəllim olar ki, hazırlıqsız bu nəticəni əldə edə bilsin. Bunun üçün sizi təbrik edirəm. Nəticəniz əslində peşənizə olan əzmdən də qaynaqlanır. Bir müəllim kimi sertifikasiya imtahanını necə qiymətləndirirsiniz?

 

Minnətdaram. Əslində, çox istərdim ki, özümüzdə bu potensialı görmək üçün sertifikasiya imtahanı hər il keçirilsin. Şəxsən mən 60 bal toplamağı qarşıma məqsəd qoymuşam. Ona görə də 5 ili səbirsizliklə gözləyirəm ki, yenidən imtahana gedib 60 bal toplamağıma nail olum. O 60 bal mənim hədəfimdir. Bu məsələ müəllimlər üçün böyük qlobal problemə çevrilməməlidir. Axı biz onsuz da o dərsi hər gün tədris edirik. Özündə o məsuliyyəti hiss edən müəllim sinfə daxil olmamışdan ən azı 1-2 gün əvvəl proqramı qurub, dərsə hazırlaşır. Sertifikasiya imtahanı da eyni şəkildədir. Biz əgər hazırlıqlıyıqsa, niyə də imtahandan keçə bilməyək?! Əksinə, bunun nəticəsində maaş artımı olur. Yəni, bir çox müsbət cəhətləri var.

 

Bütün bu fəaliyyət hamısı peşəyə olan sevgidən irəli gəlir. Hazırda metodistik müsahibəsindən keçib qəbul olmuşam. Müasir metodist olaraq fəaliyyətə başlayacağam. Ayın 17-də təlimlər baş tutacaq və məndə böyük səbirsizliklə gözləyirəm ki, təlimdə bilmədiyim nələrisə öyrənə biləcəm.

 

Türkan müəllim, istərdim ki, dərslik proqramları ilə bağlı fikirlərinizi öyrənək. Tədris etdiyiniz fənn üzrə hər hansısa bir çatışmazlıqların olduğunu düşünürsünüzmü?

 

Deməzdim ki, əskiklər var. Tam tərsi proqram dolu-dolu hazırlanıb. Sadəcə olaraq düşünürəm ki, şagirdlər 6 yox, 7 yaşından tədrisə cəlb edilməlidir. Çünki şagird hərtərəfli mətkəbə hazırlıqlı olmalıdır. Fikirləşirəm ki, 5 yaş dövrü uşaqlar üçün kommunikasiya dövrü olmalıdır. Uşaq özünü hazır hiss etməlidir ki, mən artıq təhsil almağa başlayıram. Məsələn, sinifdə 7 və 6 yaşda tədrisə başlayan şagirdlər arasındakı fərqi seçə bilirəm.

 

Ona görə də düşünürəm ki, uşaqların 7 yaşından dərsə başlaması daha effektiv olar. Qızım 5 yaşı var və demək olar ki, I sinif materialı tam mənimsəyib. Lakin mən onu 7 yaşında məktəbə yazdırmağı fikirləşirəm.

 

- Qızınızda sizin kimi təhsilə marağı varmı?

 

-Çox (gülür). Məktəbə, təhsilə marağı böyükdür.Həmçinin vətənpərvər qızdır. Hazırda bağçaya gedir.

 

- Gənc müəllim olmağınıza baxmayaraq peşəkar, məsuliyyətli,peşəsini sevən təhsilverən kimi yaşıdlarınıza, gələcəkdə özünü bu sahə də görmək istəyənlərə nə tövsiyə edərdiniz?

 

- Öz təcrübəmdən yola çıxaraq deyə bilərəm ki, hər gün öyrənməkdən çəkinməsinlər. Hər səhər oyanan zaman “bu gün mənim fəaliyyətim nə olacaq?”, "Özüm nə öyrəndim və nə öyrətdim?" sualını həmişə özümə deyirəm. 

Избранный
30
azedu.az

1Источники