RU

2024-cü il üzrə dövlət büdcəsinin icra edilməsi göstəriciləri qənaətbəxş hesab edilməlidir



Ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi nöqteyi nəzərdən makroiqtisadi siyasətin ən mürəkkəb istiqamətlərindən olan büdcə siyasətinin 2024-cü il ūzrə icrasının sistemli təhlili onu bildirməyə əsas verir ki, ötən il respublikamızda reallaşdırılan büdcə prosesi iqtisadiyyatımızın rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə köklənmişdir.
Eyni zamanda, region və dünya iqtisadiyyatında baş verməkdə davam edən proseslərə qarşı büdcədə müvafiq adaptiv və reaktiv mexanizmlərin tətbiq edilməsinin dünya iqtisadiyyatında mövcud olmuş böhran təzahürlərinin milli iqtisadiyyatımıza təsir və təzyiqlərinin azaldılmasına şərait yaratmasını xüsusilə qeyd etmək vacibdir.
Bu kontekstdə beynəlxalq müstəvidə formalaşmış çağırışlar ölkəmizin əsas makroiqtisadi göstəricilərində və o cümlədən, təbii ki, büdcə prosesində
öz təsirlərini tapmalıdır.
Bununla belə, aydındır ki, büdcə siyasəti milli iqtisadiyyatımız qarşısında dayanan əsas hədəflərə, o cümlədən, ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə istiqamətlənməlidir.
Düşünürəm ki, 2024 cü il üzrə dövlət büdcəsinin icra olunması göstəriciləri bir qədər öncə qeyd edilən hər iki hədəfə nail olmaq üçün, yəni xarici iqtisadi təsirlərə qarşı dayanıqlı mexanizmlərin qurulması və daxili sosial, eləcə də iqtisadi prioritetlərin reallaşdırılması baxımından müvafiq bünövrə formalaşdırmışdır.

Qeyd etmək lazımdır ki, 2024 cü il üzrə dövlət büdcəsinin icra edilməsi ilə bağlı müvafiq göstəricilər onu deməyə əsas verir ki, ötən il büdcə kəsirinin parametrləri müvafiq, beynəlxalq səviyyədə qəbul edilmiş, normativlər çərçivəsində olmuşdur..
Eyni zamanda, fikrimcə, makroiqtisadi riskləri yüksəltmədən büdcə kəsirinin gələcəkdə bir qədər də artırılmasının mümkünlüyü nəzərdən keçirilə bilər.
Bu məsələ, zənnimcə, xüsusi diqqət kəsb edir. Belə ki, investisiya həcminin, işgüzar fəallığın artırılması baxımından büdcə kəsirinin həcminin yüksəldilməsi müvafiq stimullaşdırıcı effekt verə bilər.
Burada kəsirin idarə edilməsi ilə bağlı optimal yanaşmaların tətbiqi, hesab edirəm ki, böyük önəm kəsb etməkdədir.
Ümumən son illər ölkənin əsas maliyyə sənədinin daxilolmalar və xərclər seqmentləri üzrə mövcud olmuş davamlı və dayanıqlı artımlar, zənnimcə, büdcə imkanlarımızın genişlənməsini göstərməklə yanaşı õlkəmizdə həyata keçirilən büdcə siyasətinin aparıcı milli iqtisadiyyatlarda müşahidə edilən müvafiq trendlərlə uyğunluq təşkil etməsini bir daha təsdiq edir.
Belə ki, milli gəlirin daha çox hissəsinin büdcə vasitəsilə təkrar bölgüsü artıq öz effektivliyini beynəlxalq müstəvidə göstərmiş bir mexanizmdir. Sevindirici haldır ki, ölkəmizdə həmin yanaşma təbiq edilməkdədir.
Bununla yanaşı, büdcə resurslarının artması dünya iqtisadiyyatında baş verən transformasiyalara, o cümlədən struktur böhranın dərinləşməsinə, nəqliyyat-logistik xəttlərin, istehsal halqalarının zədələnməsinə, dünyadakı yeni münaqişə ocaqlarının yaratdığı iqtisadi problemlərə ölkə iqtisadiyyatının çevik reaksiyasının göstəricisi kimi çıxış etməkdədir.
Qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsasən ölkədə ardıcıl şəkildə reallaşdırılan sosial zərflər, əmək bazarında müvafiq stimullaşdırıcı effektə səbəb olan aktiv məşğulluq siyasəti insan kapitalının inkişafının prioritetliliyinin təzahürü olmaqla yanaşı, iqtisadiyyata, daxili bazarda alıcılıq qabiliyyətinə danılmaz müsbət təkanlar verməkdədir.
Göründüyü kimi iqtisadi artıma büdcə siyasətinin təsirləri artmaqdadır və əminliklə söyləmək lazımdır ki, formalaşmaqda olan bu trendlər inkişaf etdirilməlidir.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin yerinə yetirilməsi üçün 2024 cü ildə dövlət büdcəsi hesabına görülmüş işlərin makro müstəvidə təsirləri birmənalıdır.
Təsadüfi deyil ki, 2024 cü ildə ölkədə iqtisadi artımın əsas drayverlərindən biri kimi məhz tikinti sektoru çıxış etmişdir.
Beləliklə, işğaldan azas edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin yerinə yetirilməsi üçün ayrılmış əsaslı dövlət kapital qoyuluşları 2024 cü ildə həmin ərazilərin sürətli bərpasına, inkişafına və bütövlükdə makroiqtisadi gündəmə müvafiq müsbət impuls vermişdir.
Qeyd olunanları nəzərə alaraq, zənnimcə, 2024 cü il üzrə dövlət büdcəsinin icra edilməsi göstəriciləri qənaətbəxş hesab edilməlidir və düşünürəm ki, bu amil bir daha onu bildirməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən büdcə siyasəti milli iqtisadiyyatımızın dayanıqlı inkişafına xidmət edir.
Избранный
19
newscenter.az

1Источники