RU

Azərbaycanlı tələbə ABŞ-ın nüfuzlu universitetinin 100 min dollarlıq təqaüdünü qazanıb MÜSAHİBƏ

Bakı, 13 iyun, Xatirə Cəfərova, AZƏRTAC

Xəbər verdiyimiz kimi, SOCAR-ın Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-ın nüfuzlu Tulane Universitetinin kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub. Gülşən bu proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb. O, AZƏRTAC-ın müxbirinə bu proqramın məqsədləri və üstünlükləri, özünün perspektiv planları barədə ətraflı məlumat verib.

Gülşən Məmmədli 2003-cü ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından elmi yeniliklərə xüsusi maraq göstərib. Oxumağı, araşdırmağı və öyrəndiklərini tətbiq etməyi sevib. Bu maraq onu kimya mühəndisliyinə yönəldib, çünki bu sahə Gülşənə yalnız elmi biliklər vermir, həm də onları real həyat problemlərinə tətbiq etməyə imkan yaradır: “Su və hava çirklənməsi, enerji böhranı, plastik tullantılar və iqlim dəyişikliyi kimi qlobal problemlərin həllində iştirak etmək istədiyim üçün bu sahəyə marağım daha da artdı. 2020-ci ildə 658 bal toplayaraq Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasına qəbul oldum. Bu universiteti seçməyimin əsas səbəbi onun tələbələrə həm güclü nəzəri biliklər, həm də real sənaye şəraitində tətbiq oluna bilən praktiki bacarıqlar qazandırması idi. Təhsil müddətində təkcə nəzəri biliklər deyil, həm də praktiki və elmi təcrübələr qazanmışam. Müxtəlif fənlər üzrə laboratoriya işlərində iştirak etmiş, eksperimentlər aparmış, nəticələri analiz etmiş və elmi hesabatlar hazırlamışam. Bu praktiki yanaşma mənə təkcə dərs materiallarını dərindən mənimsəməyə deyil, həm də elmi araşdırma qabiliyyətimi inkişaf etdirməyə şərait yaratdı. Elə bu mühitin verdiyi imkanlar sayəsində son illərdə elmi-tədqiqat layihələrinə qoşulmuş və beynəlxalq konfranslarda iştirak etmişəm”.

Müsahibimiz Tulane Universitetinin doktorantura proqramının məqsədləri və üstünlükləri barədə ətraflı məlumat verib: “Tulane Universitetinin Kimya və Biomolekulyar Mühəndislik üzrə PhD proqramı mənim üçün bakalavrdan birbaşa doktorantura proqramında təhsil almaq şansı yaradır. Bu universiteti və proqramı seçmək səbəbinə gəldikdə isə bu, həm əvvəlki tədqiqat təcrübəmi daha da dərinləşdirmək, həm də yeni sahələrdə — xüsusilə material mühəndisliyi və davamlı texnologiyalar kimi istiqamətlərdə özümü inkişaf etdirməkdir. Buradakı elmi mühit və tədqiqat yönümlü yanaşma elmin cəmiyyətə real fayda verməsinə yönəldiyi, dayanıqlı və innovativ həllərin axtarışına fokuslandığı üçün elə mənim maraqlarımla üst-üstə düşür. Əldə etdiyim sənaye təcrübəsi və laboratoriya əsaslı layihələr nəticəsində qazandığım praktiki biliklər bu proqramda aparılacaq tədqiqat işlərində aktiv şəkildə iştirak etməyimə zəmin yaradır.

Gülşən bundan əlavə, Nyu-York Universitetinin Tandon Mühəndislik Məktəbində və Böyük Britaniyanın Lids Universitetində kimya mühəndisliyi üzrə magistratura proqramlarına da qəbul alıb. ABŞ-ın nüfuzlu və texnologiya yönümlü ali təhsil müəssisələrindən biri olan “NYU Tandon School of Engineering” yenilikçi və qabaqcıl bir mühəndis kimi formalaşmaq üçün geniş imkanlar təqdim edir. Bu universitetin magistratura proqramının təqdim edəcəyi akademik mühit və resurslar kimya mühəndisliyi üzrə daha dərin biliklər qazanmaq üçün şans yaradır. Lids Universiteti də İngiltərənin aparıcı ali təhsil ocaqlarından biridir. Bu universitet tədqiqat və tədris keyfiyyəti ilə dünya miqyasında məşhurdur. Ən müasir imkanları ilə kimya mühəndisliyi ixtisası üzrə texniki bilikləri dərinləşdirmək üçün yaxşı bir proqramdır: “Mən hər üç universitetdən qəbul alsam da, təhsilimi yalnız birində davam etdirə bilərəm və seçimim Tulane Universitetinin doktorantura proqramıdır. Qərarımı Tulane Universitetinin elmi mühitinə, mənim tədqiqat maraqlarıma uyğunluğuna və potensial akademik inkişaf imkanlarına əsaslanaraq verdim. Doktorantura proqramında magistraturadan fərqli olaraq təhsil müddəti 5 illikdir ki, bu da özündə eyni zamanda magistr dərəcəsini birləşdirir. Məqsədim bu müddət ərzində tam şəkildə bu proqrama fokuslanaraq maksimum nəticə əldə etmək və öz sahəmdə fərq yaradan tədqiqatçı olmaqdır”.

Müsahibimiz təhsil aldığı müddətdə öz komandası ilə birlikdə müxtəlif mövzular üzərində işləyib. Bu mövzular əsasən sənaye və məişət tullantılarının çevrilməsi yolu ilə dəyərli məhsullar əldə etməklə bağlıdır: “Biz xüsusilə suyun təmizlənməsi və tullantı materialların yenidən istifadəsi ilə bağlı layihələr üzərində işləyirdik.

Ən önəmli layihələrimizdən biri PET tullantı butulkalarını hidrogel adsorbentə çevirmək idi. Hazırladığımız hidrogel ağır materialların və boyaq maddələrinin sudan effektiv şəkildə adsorbsiyası üçün istifadə edilə bilər. Layihəmiz “GreenTech” startap müsabiqəsində birinci yerə layiq görüldü. Bundan əlavə, Bakı Ali Neft Məktəbində keçirilən Tələbə və Gənc Tədqiqatçıların 5-ci Beynəlxalq Elmi Konfransında 2-ci yerin sahibi olduq. Digər bir layihəmiz isə bitki mənşəli xammallardan poliuretan köpüklərin sintezi və insulasiya materialı kimi istifadə edilməsi ilə bağlı idi. Bu mövzu da Tələbə və Gənc Tədqiqatçıların 4-cü elmi konfrasında 3-cü yerə layiq görüldü.

Bu layihələr həm texniki bacarıqlarımızın inkişafına səbəb oldu, həm də mənə ətraf mühit problemlərinə elmi yanaşma ilə həllər tapmağın mümkünlüyünü göstərdi. Komanda şəklində işləməyi, məsuliyyət paylaşmaq bacarığımı təcrübədən keçirmək üçün böyük fürsət oldu”.

Gülşənin yaxın gələcək üçün planları Tulane Universitetində doktorantura təhsilini uğurla başa vurmaq, beynəlxalq elmi jurnallarda məqalələr dərc etdirmək və innovativ layihələrə imza atmaqdır. Təhsilini başa vurduqdan sonra isə Azərbaycana geri dönərək elmi və texnoloji inkişafda fəal iştirak etmək, gənc tədqiqatçılar üçün imkanlar yaratmaq və dayanıqlı texnologiyalar sahəsində öz bilik və bacarıqlarını ötürmək və tətbiq etməkdir. Onun əsas məqsədi ətraf mühitin mühafizəsi və sənayenin yaşıl transformasiyası üçün tətbiqyönümlü və səmərəli texnoloji həllər təqdim etməkdir. Müsahibimiz inanır ki, gələcəkdə öz fəaliyyəti ilə həm ölkəmizin inkişafına, həm də qlobal elmi ictimaiyyətə töhfə verə biləcək.

Избранный
47
azertag.az

1Источники