İranın nüvə fəaliyyətləri son günlər beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilmişdi. ABŞ və İran arasında nüvə proqramına dair diplomatik təmaslar intensiv xarakter alıb. Bu proseslə paralel olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) ekspertləri İrana səfər edib və nüvə obyektlərində apardıqları monitorinqə dair hesabat hazırlayıb.
Lakin AEBA-nın hazırladığı hesabat İran tərəfindən qərəzli və siyasi motivli sənəd kimi dəyərləndirilib. Rəsmi Tehran hesabatı rədd edərək bəyan edib ki, ölkənin nüvə proqramı sırf dinc və elmi-tədqiqat məqsədlərinə xidmət edir. Bununla yanaşı, İran rəsmiləri beynəlxalq təzyiqlərə baxmayaraq, uranın zənginləşdirilməsinin davam etdiriləcəyini açıq şəkildə bəyan ediblər.
İranın nüvə ambisiyaları
İranın uranı 60 faizdən yuxarı zənginləşdirməsi texniki olaraq hərbi səviyyəyə keçid üçün mühüm hədd hesab olunur və bu, Qərbdə, xüsusən də ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla, nüvə silahının yayılmasının qarşısını almağa çalışan dairələrdə ciddi narahatlıq doğurur. Məsələ təkcə nüvə anlaşmalarının gələcəyi ilə məhdudlaşmır - bu proses həm də regional təhlükəsizlik arxitekturasının dayanıqlığını sınağa çəkir.
Yaranmış vəziyyət İsrail başda olmaqla, regionda İranın nüvə ambisiyalarını milli təhlükəsizlik üçün birbaşa təhdid sayan dövlətlərin da kəskin narahatlığına səbəb olub. Hadisələrin bu istiqamətdə inkişafı isə diplomatik səyləri iflic edir.
Nəticədə ötən gecə İsrail İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirdi.
İranın nüvə obyektlərinə zərbələr
İsrail Hərbi Hava Qüvvələri İranın nüvə infrastrukturlarına qarşı məhdud, lakin strateji baxımdan hədəflənmiş zərbələr endirdi. Rəsmi Tel-Əviv bu əməliyyatın əsas məqsədinin İranın nüvə silahı əldə etmə potensialını zəiflətmək olduğunu bəyan edib.
Hücum zamanı İsrail qüvvələri əsasən Natanz, Fordo və İsfahan yaxınlığındakı nüvə tədqiqat obyektlərini hədəf alıb. Məlumatlara görə, hücum planı uzunmüddətli kəşfiyyat məlumatlarına əsaslanıb və mülki infrastruktura zərər verilməməsinə xüsusi diqqət yetirilib. İsrail Müdafiə Nazirliyi bildirib ki, zərbələr yalnız hərbi və nüvə proqramı ilə birbaşa əlaqəli obyektlərə yönəlib.
İsrailin hücumunun arxasında duran dörd strateji məqsəd
İsrail Knessetinin keçmiş deputatı, politoloq Elina Bordaç-Yalov APA-ya açıqlamasında qeyd edib ki, İsrailin hava hücumu İranın nüvə və raket proqramını ləngitmək, ehtimal edilən hücumu qabaqlamaq, hava müdafiəsini zəiflətmək və SEPAH rəhbərliyini neytrallaşdırmaq məqsədi daşıyır.
Onun sözlərinə görə, İsrailin həyata keçirdiyi hava hücumunun dörd əsas strateji məqsədi var: “Birincisi, İranın nüvə proqramı və uzaqmənzilli raketlər üzərində apardığı hərbi-texniki işləri ləngitmək və bu sahədəki potensialını zəiflətmək, ikincisi, Kəşfiyyat məlumatlarına görə Tehranın bir neçə saat içində həyata keçirməyi planlaşdırdığı hücumu qabaqlayaraq, qarşı tərəfin təşəbbüsünü neytrallaşdırmaq, üçüncüsü, İranın qərb istiqamətində yerləşən hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb, növbəti mərhələdə mümkün genişmiqyaslı hava əməliyyatları üçün təhlükəsiz hava dəhlizi yaratmaq, dördüncüsü isə SEPAH-ın - İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli hərbi rəhbərliyini hədəf alaraq qərargah səviyyəsində əməliyyat və koordinasiya imkanlarını sarsıtmaq, komanda-idarəetmə strukturuna zərbə endirmək...”
İranlı siyasi ekspert Qaem Məqami APA-ya açıqlamasında bildirib ki, İsrailin Tehran, Təbriz və İranın digər şəhərlərə qarşı gecə saatlarında həyata keçirdiyi hava hücumu regionda sabitliyi ciddi şəkildə təhdid edən hərəkətdir və beynəlxalq hüququn prinsiplərinə ziddir.
Ekspertin sözlərinə görə, bu hücumlar təkcə hərbi obyektləri deyil, eyni zamanda mülki infrastruktur və yaşayış binalarını da hədəf alaraq, İsrailin məqsədli şəkildə mülki əhali arasında təşviş və xaos yaratmaq niyyətində olduğunu göstərir: “İsrailin bu addımı həm insani baxımdan, həm də strateji müstəvidə qətiyyən əsaslandırıla bilməz. Bu, açıq-aşkar təcavüz aktıdır. İsrail bu cür əməliyyatlarla İranın müqavimət ruhunu zəiflətmək və bölgədə öz üstünlüyünü qorumaq istəyir, lakin bu yanaşma tamamilə səhvdir. Tarix göstərir ki, İran xalqı xarici təzyiqlər və hərbi təhdidlər qarşısında daha da sıx birləşir. İsrailin bu addımı özünə strateji üstünlük qazandırmaq əvəzinə, daha böyük qarşıdurmalara yol aça bilər. Beynəlxalq ictimaiyyət bu hadisəyə laqeyd yanaşmamalı, mülki əhalini hədəfə alan təcavüz aktlarına qarşı prinsipial mövqe ortaya qoymalıdır. Əks halda, bu cür hücumlar presedentə çevrilə və daha geniş miqyaslı müharibəyə yol aça bilər”.
İsrail İranın yüksək rütbəli hərbçiləri və nüvə alimlərini hədəfə alıb
İsrailin İrana qarşı həyata keçirdiyi son hava hücumu təkcə nüvə infrastrukturlarını deyil, həm də bu proqramın əsas intellektual və hərbi dayaqlarını hədəf alıb.
İsrail kəşfiyyatının uzun müddət apardığı müşahidələr və texniki təhlillər nəticəsində hazırlanan əməliyyatda zərbələrin koordinatları və vaxtı dəqiqliklə planlaşdırılıb. Əməliyyat İranın nüvə silahı istehsalında əsas rol oynayan elmi və hərbi beyin mərkəzlərinə yönəlib.
İsrailin son hava zərbələri nəticəsində İranın yüksək vəzifəli hərbçiləri və nüvə alimləri həlak olub. Onlar arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami, Ali qərargahın nüfuzlu generallarından Qolam Əli Rəşid də var. Həmçinin İranın Atom Energetika Təşkilatının sabiq rəhbəri və nüvə alimi Fəridun Abbasi-Davani, fizika professoru və Tehran Azad Universitetinin rəhbərlərindən biri olan Məhəmməd Mehdi Tehrançı da zərbələr nəticəsində həyatını itirib. Yerli mediada bir neçə digər nüvə aliminin də öldüyü və ya xəsarət aldığı barədə məlumatlar yer alır.
Hücumun ilkin nəticələri
İsrailli politoloq hesab edir ki, taktiki və siyasi baxımdan İsrailin həyata keçirdiyi hücumun müəyyən nəticə verdiyini söyləmək mümkündür: “Hücum zamanı İranın nüvə obyektləri, raket bazaları və SEPAH-a bağlı yüksək rütbəli komandirlər hədəfə alınıb və ciddi zərbələr endirilib. İsrail Hərbi Hava Qüvvələri bu əməliyyatı “uğurlu ilkin zərbə” kimi qiymətləndirib. Bu, həm də İsrailin kəşfiyyat və koordinasiya imkanlarının yüksək səviyyədə olduğunu göstərdi. Lakin strateji baxımdan məqsədlərin tam yerinə yetirildiyini söyləmək hələ tezdir. İranın nüvə proqramının müəyyən hissəsini bərpa etməsi mümkündür və buna paralel olaraq artıq İsrailə qarşı yüzlərlə pilotsuz uçuş aparatı (PUA) göndərilib. Hazırda İsrailin hava hücumundan müdafiə sistemləri həmin dronların qarşısını almağa çalışır və bu, vəziyyətin daha da gərginləşəcəyinə işarə edir”.
İranın müdafiə sisteminin zəif olması fikrinə dair şərh bildirən iranlı ekspert Qaem Məqami qeyd edib ki, SEPAH-ın yüksək rütbəli komandiri və nüvə sahəsində çalışan mütəxəssislər öldürülüb, Tehranda, Təbrizdə və digər şəhərlərdəki mülki binalar ciddi ziyan görüb.
“İsrailin həyata keçirdiyi hücum nəticəsində çox sayda qadın və uşaq həlak oldu ki, bu da hücumun təkcə hərbi deyil, həm də humanitar fəsadlar doğurduğunu göstərir. SEPAH-ın rəhbəri hədəfə alınaraq şəhid oldu. Onun ölümü İranın hərbi rəhbərliyi üçün ciddi itki hesab olunur. Bundan əlavə, İranın nüvə proqramı ilə əlaqəli çalışan bir neçə yüksək ixtisaslı mütəxəssisin evləri də raket zərbələrinə məruz qaldı, nəticədə onlar da həyatlarını itirdilər. Zərbələrin hədəfi yalnız strateji obyektlərlə məhdudlaşmayıb, Tehranda, Təbrizdə və digər şəhərlərdə yerləşən çoxmərtəbəli mülki yaşayış binalarına da ciddi ziyan dəyib. Bu isə münaqişənin sivil əhalini birbaşa təhdid edən xarakter aldığını və regional sabitliyə təsirini bir daha nümayiş etdirir”, - deyə o bildirib.
İranın reaksiyası necə olacaq?
İranın cavab reaksiyası beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Tehranın birbaşa deyil, dolayı yollarla – proksi qruplar, İraqdakı şiə milislər, Livandakı Hizbullah vasitəsilə cavab verə biləcəyi ehtimal edilir. Eyni zamanda, İranın kiberhücumlar və diplomatik təzyiqlərlə cavab axtaracağı gözlənilir. Tehran BMT Təhlükəsizlik Şurasında məsələ qaldıraraq İsrailin beynəlxalq hüququ pozduğunu vurğulaya bilər. Lakin hazırda açıq müharibə ehtimalı aşağı qiymətləndirilir.
Elina Bordaç-Yalov İranın mümkün çoxşaxəli cavabına qarşı İsrailin fövqəladə hazırlıq rejiminə keçdiyinə diqqət çəkib.
“İranın həm birbaşa, həm də Yəmən, Livan və İraqdakı müttəfiqləri vasitəsilə yüzlərlə ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlar etməsi mümkündür. İsraildə fövqəladə vəziyyət rejimi elan olunub. Daxili Cəbhə Komandanlığı xüsusi vəziyyət rejiminə keçib, dərsləri ləğv edib, Ben-Qurion hava limanında uçuşları dayandırıb və minlərlə ehtiyatda olan hərbçini səfərbər edib. Eyni zamanda, beynəlxalq diplomatik səylər də güclənib – ABŞ bölgədəki hərbi qüvvələrini artırıb”, - deyə o, bildirib.
Elina Bordaç tammiqyaslı müharibə riskinin artdığını qeyd edib: “İsrail Müdafiə Qüvvələri İran və onun regional müttəfiqləri ilə bir neçə gün, hətta həftələrlə davam edə biləcək silahlı qarşıdurmaya hazırlaşır. Bu gərginliyin geri dönüşü olmayan mərhələyə keçib-keçməyəcəyi isə birbaşa Tehranın növbəti addımından asılıdır. Əgər İran İsrailə və ya ABŞ-a məxsus obyektlərə genişmiqyaslı zərbə endirərsə, münaqişə lokal səviyyədən çıxaraq Hizbullah və Körfəz cəbhələrinin də daxil olacağı regional savaşa çevrilə bilər”.
Qaem Məqami qeyd edib ki, İsrailin hava hücumlarından sonra İranın Ali Lideri, Prezident və Müdafiə Naziri sərt bəyanatlarla çıxış edərək, hücumların arxasında xarici qüvvələrin dayandığını bildirdilər, İsrailin bu addımının cavabsız qalmayacağını, ölkədə isə bütün hərbi və strateji obyektlərin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıblar: “Bu hadisələrdən sonra İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, Prezident Məsud Pezeşkiyan və Müdafiə Naziri ardıcıl bəyanatlarla çıxış edərək, İsrailin həyata keçirdiyi bu hücumlara qarşı qətiyyətli və peşmanedici cavab veriləcəyini vurğuladılar. Rəsmi Tehranın mövqeyinə görə, İsrail bu cür təxribatlarla regionda yeni qarşıdurma ocaqları yaratmağa çalışır, bu isə regional sülh və sabitliyə ciddi təhlükədir. İran rəhbərliyi açıq şəkildə bəyan edib ki, İsrailin törətdiyi cinayətlər və beynəlxalq hüququn pozulması cavabsız qalmayacaq və Tehran bütün hərbi və diplomatik vasitələrlə öz ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumağa hazırdır. Eyni zamanda qeyd olunub ki, İsrailin bu əməliyyatı bəzi xarici güclərin – xüsusilə də Qərbdəki bəzi dairələrin və Afrika regionundakı müttəfiqlərinin dəstəyi ilə planlaşdırılıb və icra olunub. İsrail Müdafiə Qüvvələri isə açıqlama verərək əməliyyatların bir neçə gün davam edə biləcəyini bildirib. İran daxilində vəziyyət gərginləşib, ölkə üzrə bütün hərbi bazalar, nüvə obyektləri, limanlar və strateji infrastruktur yüksək döyüş hazırlığı rejiminə keçirilib, hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və ehtiyat qüvvələr səfərbər olunub. Məlumatlara görə, təxminən saat 6 radələrində ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi bazalarından havaya qalxan yanacaq daşıyan təyyarələr Vaşinqtonun İsrailin İran əleyhinə həyata keçirdiyi əməliyyatlara dolayı və texniki dəstək verib. Bu hadisə ABŞ-ın bölgədəki mövcudluğunu və İsrailin hava hücumlarının logistik təminatında oynadığı rolu bir daha gündəmə gətirib. Bundan başqa, region ölkələrində NATO komandanlığına tabe olan radar bazalarının İsrailə kəşfiyyat məlumatları ötürdüyü iddia olunur. Məlumata görə, bu bazalar İsrailin hava hücumlarını planlaşdırmaq və koordinasiya etmək üçün istifadə etdiyi əsas mənbələrdən biri kimi göstərilir. Ekspertlər bildirirlər ki, bu radar sistemləri ilə İsraildəki analoji qurğular arasında birbaşa məlumat mübadiləsi həyata keçirilir, bu isə İsrailin regionda əməliyyatları daha dəqiq və effektli şəkildə icra etməsinə şərait yaradır. Həm NATO, həm də ABŞ-ın bu prosesə cəlb olunması regionda beynəlxalq güclərin iştirak səviyyəsinə dair ciddi suallar doğurur”.
İran nüvə danışıqlarını dayandırıb, diplomatik çıxış yolları daralır
İsrailin hücumlarından sonra İran nüvə danışıqlarını dayandırdığını açıqlayıb. Tehran İsrailin bu addımını “aqressiv hücum” kimi qiymətləndirib. Lakin hücumlar İranın nüvə proqramına zərbə vursa da, onu tam dayandırmaq ehtimalının az olduğu bildirilir. İran alternativ yollarla fəaliyyətini davam etdirə bilər. Hadisələrin gedişatının diplomatik təzyiqlər, yeni sanksiyalar və mümkün hərbi eskalasiya ilə müşayiət olunması real görünür.