RU

Bölgəni alovlandıran ssenari işə düşdü - “Azərbaycan qaçqın axınına hazır olmalıdır” - ŞƏRH

"İsrailin İrana zərbələr endirəcəyi əslində gözlənilən idi. İsrail uzun müddətdir ki, müvafiq planı hazırlamışdı. Amma ABŞ-nin İranla danışıqlara başlaması və İsraili hərbi əməliyyatları təxirə salmaqla bağlı çağırışları səbəbindən əməliyyat indi həyata keçirildi". 

Bunu Milli.Az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. 

O bildirib ki, ABŞ-İran danışıqlarındakı uğursuzluq, rəsmi Tehranın geri addım atmaq istəməməsi indiki vəziyyəti ortaya çıxardı deyə bilərik. Bir neçə gün əvvəl ABŞ Prezidenti Trampın İranın danışıqlarda obyektiv yanaşma sərgiləməməsinin ağır nəticələrə səbəb olacağına dair bəyanatı, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossinin İranın nüvə silahı hazırlamasına yaxın olması haqda verdiyi bəyanat, İsrailin "İran 9 nüvə silahı hazırlamaq üçün zənginləşdirilmiş urana malikdir" bəyanatı və ən nəhayət ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarını döyüş hazırlığı vəziyyətinə gətirməsi İrana qarşı məliyyatlara başlayacağını deməyə əsas verirdi:

"Hazırda vəziyyət belədir ki, ABŞ ilə yanaşı Böyük Britaniyada Yunan Kiprində yerləşən bazasını döyüş hazırlığı vəziyyətinə gətirib və İrandan İsrailə ola biləcək hücuma qarşı İsraili müdafiə etməyə hazırlaşır. Bu o deməkdir İran tərəfindən olacaq hücumun qarşısını almaq üçün İsraillə yanaşı ABŞ və Böyük Britaniya da müvafiq addımlar atacaq. Hətta vəziyyətdən asılı olaraq bu üç ölkənin İran ərazisinə birgə hərbi əməliyyat keçirmə ehtimalı da var. Bu şəkildə qarşılıqlı əməliyyatların nə ilə nəticələnəcyini tam olaraq proqnozlaşdırmaq mümkün olmasa da bu müharibənin uzanacağı halda enerji məhsullarının qiymətlərinin artmasından tutmuş İrana qarşı böyük koalisiyanın qurulmasına və hətta İranın parçalanması istiqamətində ssenarilərin işə düşməsinə də şahidlik edə bilərik.

Azərbaycan olaraq biz təbii ki, baş verənlərdən narahatıq. İlk olaraq ona görə ki, İran qonşuluqda yerləşən bir dövlətdir, ikincisi, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Odur ki, dövlət və xalq olaraq baş verə biləcək istənilən ssenariyə hazır olmalıyıq".

Aysel Əkbər
Milli.Az 

Избранный
15
1
milli.az

2Источники