Ağstafada 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası” adlı ümumrayon bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ümumrayon bayram tədbiri 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkının ərazisində təşkil olunub.
Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seymur Orucov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışını, Azərbaycanın Milli Qurtuluş Gününü artıq beş ildir, yüksək əhvali-ruhiyyə, milli qürur hissi, qələbə ovqatı ilə qeyd edirik: “Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ən böyük arzusunu reallaşdıraraq, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Məhz buna görə də bu gün hər bir azərbaycanlı əminliklə söyləyir ki, Ulu Öndərin və şəhidlərimizin ruhu şaddır”.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təqdim etdiyi geniş bayram konserti də izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

