RU

Yaxın Şərqdə gərginlik zirvədə: İsrail-İran Toqquşması


İyunun 13-nə keçən gecə Yaxın Şərqdə geopolitik səhnə yeni bir mərhələyə qədəm qoydu. İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə infrastrukturu və bir sıra hərbi obyektlərinə endirdiyi zərbələr dünya gündəminin bir nömrəli mövzusuna çevrildi. İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hücuma keçdiklərini və hücumların “təhlükə aradan qaldırılana qədər” davam edəcəyini bildirib. Netanyahu, İranın İsrailə qarşı soyqırım ritorikası inkişaf etdirdiyini və bunu nüvə proqramı ilə dəstəklədiyini iddia edib. Eyni vaxtda, İsraildə fövqəladə vəziyyət rejimi elan olunub və İranın mümkün cavab zərbələrinə hazırlıqlar intensivləşdirilib. Məsələ sadəcə iki dövlət arasındakı hərbi qarşıdurma ilə məhdudlaşmır. Bu müharibənin regional və qlobal miqyasda nəticələri qaçılmaz görünür.

Bölgədə yeni müharibə ocağımı alovlanır? İsrailin endirdiyi zərbələrin əsas hədəfi İranın atom proqramını və strateji silah istehsalı imkanlarını zəiflətməkdir. Bu isə Tehran tərəfindən “milli təhlükəsizliyə açıq hücum” kimi qəbul edilir. İranın cavab reaksiyası artıq proqnozlaşdırılsa da, onun nə dərəcədə kəskin və hansı formatda olacağı hələ də qeyri-müəyyənliyini saxlayır. İranın regionda malik olduğu proksi güclər, Livandakı Hizbullah, Yəməndəki Husi qrupları, İraqdakı Haşdi Şaabi və Suriyadakı şəbəkələri vasitəsilə İsrail və onun tərəfdaşlarına qarşı cavab hücumları həyata keçirmək ehtimalı yüksəkdir. Bu isə müharibənin Yaxın Şərqin müxtəlif bölgələrinə yayılması və yüzminlərlə insanın həyatına birbaşa təsir göstərməsi deməkdir.
Azərbaycan bu vəziyyətdə nə edəcək? Mümkün ssenarilər bölgədə hərbi-siyasi gərginliyin artması Azərbaycanın regional siyasətinə və milli təhlükəsizliyinə də dolayısı ilə təsirsiz ötüşməyəcəyi aydın məsələdir. Azərbaycanın həm İsraillə, həm də İranla münasibətləri spesifik xarakter daşıyır. Bu balanslı siyasət indiki situasiyada daha da mühüm və zəruri görünür.
Enerji Təhlükəsizliyi və Tranzit Riskləri Azərbaycanın enerji marşrutları,xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizi Avropaya enerji təchizatında həyati rol oynayır. Əgər Yaxın Şərqdəki müharibə neft və qaz bazarlarında panikaya səbəb olsa, Azərbaycanın enerji ixracına maraq arta bilər. Amma bu eyni zamanda tranzit yollarında sabitliyə risklər də yarada bilər. Xəzər bölgəsindən Aralıq dənizinə çıxış təhlükə altına düşərsə, Azərbaycanın nəqliyyat və logistika siyasəti yenidən nəzərdən keçirilə bilər.
İran-Azərbaycan arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi olsa da, bu münasibətlər son illərdə gərgin fon üzərində formalaşıb. Tehranın Azərbaycana qarşı zaman-zaman ittihamları, sərhəd boyunca hərbi təlimlər və daxili işlərə müdaxilə iddiaları fonunda Bakı hər zaman diplomatik səbr nümayiş etdirib. Bu müharibə fonunda İran, Azərbaycana İsraillə strateji əməkdaşlığa görə təzyiqləri artırmağa cəhd edə bilər. Azərbaycanın dövlət maraqları baxımından neytral mövqe tutması, regional eskalasiyadan kənar qalması mühümdür.
Diaspora və Mədəni Siyasət İran əhalisinin 35-40%-ə qədərini təşkil edən azərbaycanlılar bu müharibə kontekstində mühüm sosial-siyasi faktor ola bilərlər. İran daxilində etnik, dini və siyasi parçalanmalar dərinləşərsə, bu, regiondakı bütün türk dövlətlərini, o cümlədən Azərbaycanı narahat edə bilər. Ona görə də rəsmi Bakının bu məsələdə olduqca diqqətli olacağı, daxili proseslərə qarışmadan, ümumi regional sabitliyə töhfə verəcəyi hər kəsə məlumdur.
Diplomatik Aktivlik və Beynəlxalq Platformalar Azərbaycanın Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında lider rol oynaması, ölkəyə regionda baş verən hərbi qarşıdurmalar zamanı vasitəçilik və çağırış hüququ verir. Azərbaycan dövləti bölgədə sabitlik, suverenlik və beynəlxalq hüququn qorunması mövqeyindən çıxış edərək həm İsrail, həm də İranla diplomatik əlaqələrini hər zaman qorumağa çalışmışdır.
Yaxın Şərqdə baş verənlər sadəcə iki dövlətin qarşıdurması deyil bu, regionun gələcək siyasi xəritəsinin, enerji marşrutlarının, dövlətlərarası münasibətlərin və qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına yol aça bilər.
Azərbaycan dövləti tarixən bölgədə sabitlik, suverenlik və beynəlxalq hüququn prinsiplərinin qorunması mövqeyindən çıxış edərək öz xarici siyasətini formalaşdırıb. Xüsusilə Yaxın Şərqdə gərginliklərin artdığı bir dövrdə Azərbaycan həm İsrail, həm də İran ilə diplomatik kanallarını açıq saxlayaraq balanslı siyasət yürütməkdə davam edir. Bu, bir tərəfdən regionda sülhə töhfə vermək məqsədi daşıyır, digər tərəfdən isə Azərbaycanın milli maraqlarının qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın İsraillə əməkdaşlığı əsasən mülki texnologiyalar, enerji təhlükəsizliyi, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində inkişaf etdirilsə də, bu əməkdaşlıq heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir ölkəyə qarşı düşmənçilik üçün platformaya çevrilə bilməz. Digər tərəfdən, İranla olan münasibətlər də strateji və tarixi bağlarla çərçivələnib. Azərbaycan bu qonşuluq münasibətlərini hər zaman qorumağa və münaqişə ritorikasından uzaq durmağa çalışıb. Hətta münasibətlərdəki gərginlik dövrlərində belə Azərbaycan tərəfi dialoqa açıq olmuş, hərbi ritorikadan uzaq dayanmışdır. Bu iki dövlət arasında baş verən hərbi qarşıdurmalar zamanı Azərbaycan neytrallıq və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında mövqe tutur. Azərbaycan dövləti öz ərazi bütövlüyü uğrunda 30 ilə yaxın mübarizə aparmış ölkə kimi beynəlxalq hüququn əhəmiyyətini dərindən anlayır və bu prinsiplərin bütün dövlətlərə şamil edilməli olduğunu hər zaman vurğulayır.

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri,
AYB-nin üzvü, Prezident Təqaüdçüsü.

Избранный
41
50
baki-xeber.com

10Источники