“Belə bir şəraitdə ölkə başçısı dövlətimizin, xalqımızın təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görür və görüləcək. Buna eyni zamanda sərhədlərimizin etibarlı şəkildə qorunması da aiddir. Təbii ki, qonşu dövlətlərin hansısa birinin ərazisində hərbi toqquşmalar gedirsə, belə də olmalıdır”.
Bu sözləri "Yeni Sabah"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan sərhədlərinin təhlükəsizliyinin təmin olunması ən yüksək səviyyəyə çatdırılmalıdır:
“Hazırkı hərbi toqquşmalar İsrail-İran müharibəsinə çevrilib və həmlələrdə uzaqmənzilli silahlardan istifadə olunur. Öz təhlükəsizliyimizi təmin etmək üçün başda sərhədyanı ərazilər olmaqla, bütün ölkə ərazisində lazımi tədbirləri görülməlidir. Bu birmənalı olaraq belə də olmalıdır”.
E. Məmmədovun həmkarı Aydın Mirzəzadə isə vurğulayıb ki, Azərbaycan öz sərhədlərinin qorunması üçün hər şeyi edir:
“Əlbəttə, sərhədlərin bağlı qalması Azərbaycanın təhlükəsizliyinin qorunmasında əhəmiyyətli rol oynadı. Azərbaycan fərqindədir ki, çox gərgin bir regionda yerləşir. Vəziyyətdən asılı olaraq, sərhədlərin bağlı saxlanması görünən reallıqdır.
İyunun 13-də İsraillə İran arasında başlanan müharibə Azərbaycanı daha diqqətli olmağa məcbur edir. Müharibə qonşu dövlətdə və sərhədlərimizin yaxınlığında gedir. Bir dövlət kimi, Azərbaycan öz sərhədlərinin qorunması üçün hər şeyi edir. Vətəndaşlarımız buna tam arxayın olmalıdır.
Hər İsrail, həm də İranla çox yaxşı münasibətlərimiz var. Azərbaycan XİN bu vəziyyətdən ciddi narahatlıq keçirdiyini elan etdi. Dünən məlumat yayıldı ki, Azərbaycan xarici ölkə vətəndaşlarının ölkəmiz vasitəsi ilə təxliyəsinə kömək edə bilər.
Ölkəmiz bu münaqişədə humanitar missiyanı yüksək səviyyədə yerinə yetirir. Azərbaycan öz sərhədlərinin qorunması üçün beynəlxalq hüququn icazə verdiyi bütün variantları hər zaman istifadə edib”.
Xatırladaq ki, ölkə sərhədləri bağlı olsa da, artıq İranda olan Rusiya və Qazaxıstan vətəndaşları Astara sərhəd-keçid məntəqsi vasitəsilə Azərbaycana təxliyə olunublar.
Nazim Hacıyev
Telegram kanalımız