RU

Ağdaşda Milli Qurtuluş Günü qeyd olunub

Ağdaş Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Xezerxeber.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, politoloq Fərhad Məmmədov, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Əvvəlcə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Liderin zəngin həyat və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətli mərhələ olduğu vurğulanıb. Qeyd olunub ki, müstəqilliyini yeni bərpa etmiş ölkəmizin dərin siyasi və sosial-iqtisadi böhran yaşadığı bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük qətiyyət və uzaqgörənliklə bu böhranın qarşısını almağa müvəffəq olmuşdur. 1993–2003-cü illər ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olunmuş, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmış, iqtisadi islahatlara başlanılmış və Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndirilmişdir.

Həmçinin Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə nüfuz sahibi olan qüdrətli dövlətə çevrilmiş, milli maraqlara əsaslanan siyasi xətt ardıcıl şəkildə həyata keçirilmişdir. Eyni zamanda, işğal altındakı torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması da həmin siyasi kursun real nəticəsi kimi dəyərləndirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan şəxslərə  üzvlük vəsiqələri təqdim olunub.

Избранный
10
2
xezerxeber.az

2Источники