İsrailin son fəaliyyətinə görə, Üçüncü Dünya Müharibəsi indi həmişəkindən daha yaxındır. Bu fikirləri İtaliyanın “Il Fatto quotidiano” qəzetinə müsahibəsində amerikalı iqtisadçı, analitik, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
"Biz bu müharibəyə indi həmişəkindən daha yaxınıq. Hökumətlərimiz özlərini əlində kibritlə oynayan uşaq kimi aparırlar",- o, deyib.
Ekspert qeyd edib ki, İsrail Yaxın Şərqdə üstünlüyə nail olmağa və daxil olduğu münaqişələri öz xeyrinə həll etməyə çalışır. Saks onu da vurğulayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahunun 30 ildir ki, Qərb dəyərlərindən, ABŞ-dən qalxan kimi istifadə edərək Yaxın Şərqdə hökmranlıq etməsini nəzərdə tutan planını həyata keçirir.
Ekspert etiraf edib ki, İsrail baş nazirinin hərəkətlərində heç bir daxili siyasi səbəb görmür. O, həmçinin əlavə edib ki, İsraillə İran arasındakı gərginliyi ABŞ prezidenti Donald Trampın uğursuzluğu və ya məğlubiyyəti hesab etmir. Bunu bir çox beynəlxalq ekspertlər də deyirlər:
"Bu hücum ABŞ-la birlikdə planlaşdırılıb. Hərçənd, bunun əksinə olan bəyanatlar eşidirik. Bu təşəbbüs ABŞ-İsrail alyansına uyğundur".
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.
Tural