RU

İsrail-İran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri kim və niyə yayır? 

  İsrailin İran ərazisindəki strateji obyektlərə aviazərbələr endirməsi Yaxın Şərqi növbəti dəfə genişmiqyaslı regional müharibənin bir addımlığına gətirib çıxardı. Bu dəfə söhbət nə Livan, nə də Suriyadakı proksi-qruplardan yox, birbaşa iki dövlət arasında qarşıdurmadan gedir. Dünya nəfəsini içinə çəkib gözləyir. Lakin artan geosiyasi fırtınanın fonunda regionda bir ölkə sakitliyini, ardıcıllığını və təəccüb doğuracaq qədər təmkinini qoruyur - bu ölkə Azərbaycandır.

Rəsmi Bakının soyuqqanlı və rasional davranışı, yalnız diqqətlə ölçülmüş diplomatik bəyanatlarla pozulan sakitliyi informasiya məkanında baş verən isterikadan kəskin şəkildə seçilir.

Azərbaycanın guya "İrana qarşı zərbələrdə iştirak etməsi" barədə absurd və həyasız dezinformasiyalar nə qədər yüksək səslə tirajlanırsa, bir o qədər də aydın olur: kimlərsə Bakını özgə müharibəyə cəlb etməyə çalışır. Halbuki bu müharibənin Azərbaycanla heç bir bağlılığı yoxdur.

... İyunun 12-dən 13-nə keçən gecə İsrail təyyarələri İsfahan və Buşehr şəhərlərində yerləşən obyektlərə zərbələr endirdi. Reuters-in məlumatına görə, zərbələrin hədəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun raket proqramı ilə bağlı obyektlər idi. Həmin gün İranda genişmiqyaslı internet kəsintiləri başladı, qismən səfərbərlik elan olundu, Hərbi Hava Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirildi. Eyni vaxtda İsraildə müdafiə naziri Yoav Qalant "Tel-Əvivin hər cür təhlükəni uzaq məsafədən neytrallaşdırmaq qabiliyyətini nümayiş etdirdiyini" bəyan etdi.

Zərbədən bir neçə saat sonra Rusiya və Ermənistan auditoriyalarına yönəlmiş Telegram kanalları eyni vaxtda Azərbaycanın bu hücumlarda iştirak etməsi barədə "xəbərlər" yaymağa başladılar.

"Sübut" kimi təqdim olunan "materiallar" arasında uydurma radar şəkilləri, montaj olunmuş videolar, Google Maps-dən götürülmüş və üzərində "Azərbaycanda İsrail bazası" kimi qeydlər olan ekran görüntüləri yer alırdı - xüsusilə Füzuli rayonuna istinad edilirdi. Halbuki bu materiallardan heç biri nə geolokasiya ilə, nə peyk görüntüləri ilə, nə də minimal məntiqi arqumentlərlə təsdiqlənmirdi. O da vurğulanırdı ki, sən demə, "Fizulidən səmaya qalxan İsrail təyyarələri İranın İsfəhan şəhərinə zərbələr endirir".

Belə sərsəm ittihamların fonunda sadə bir həqiqəti xatırlatmaq yetərlidir: Füzulidən İranın İsfahan şəhərinə qədər təxminən 800 kilometr məsafə var. "The Aviationist" kimi nüfuzlu hərbi-aviasiya analitiklərinin də qeyd etdiyi kimi, İsrailin F-35 qırıcılarının belə bir əməliyyat üçün Azərbaycan infrastrukturuna ehtiyacı yoxdur - onların uçuş məsafəsi və havada yanacaq doldurma texnologiyası bu cür hücumlara tam imkan verir. Azərbaycan ərazisindən istifadə sadəcə məntiqsiz deyil - həm də qeyri-effektiv və artıqdır.

Saxtakarlıqlar və marazm bununla bitmir. Anonim kanallarda Azərbaycan Hərbi Hava Qüvvələrinin guya İsrail təyyarələrini qorumaq məqsədilə havaya qaldırıldığına dair "şahidliklər" yayılır.

"Middle East Eye" ilə söhbətində hərbi analitik Conatan Şrayber bildirib ki, nə ABŞ-yə məxsus FlightRadar24, nə də İsrailin SkyLock sistemi daxil olmaqla heç bir müstəqil radar mənbəyi Azərbaycan aviasiyasının İran sərhədinə istiqamətlənməsini qeydə almayıb.

NATO-dakı mənbələr isə açıq şəkildə bildirirlər: "Azərbaycanın əməliyyatda iştirak etdiyinə dair bir dənə də olsun təsdiqlənmiş fakt yoxdur. Belə iddialar dezinformasiya kampaniyasının tərkib hissəsidir".

Bəs bu kampaniyanın kökləri haradan gəlir? Cavab olduqca bəsitdir. Son illərdə Azərbaycanı guya "İsrailin İrana qarşı forpostu" kimi təqdim etməyə çalışan erməni siyasi texnoloqları bu tipli süni, primitiv narrativləri dönə-dönə işə salırlar. Və bu ritorika daim aktual kontekstə uyğunlaşdırılır: 2021-ci ildə - "İsrail dronları", 2023-cü ildə - "Laçında yəhudi hərbçilər", 2025-ci ildə - "İrandakı zərbələr Azərbaycan ərazisindən endirilib"...

Belə təbliğat səylərinə bəzi rus propaqanda resursları da fəal şəkildə qoşulurlar. Onlar üçün Azərbaycanın Avropa və ABŞ ilə tərəfdaşlığı "Cənub sərhədlərində təhlükə" olaraq təqdim edilir. Azərbaycanı hibrid savaşın hədəfinə çevirmək - Cənubi Qafqazda məğlub olan oyunçuların və Moskva ilə Tehrandakı revizionist qüvvələrin daha geniş təzyiq ssenarisinin bir hissəsinə çevrilib.

Regionda temperatur sürətlə yüksəldiyi bir zamanda Azərbaycan praqmatizmə və neytrallığa üstünlük verir.

Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq "eskalasiyanı qətiyyətlə pislədiyini" və "tərəflər arasında fikir ayrılıqlarının diplomatik yolla həllinə" çağırdığını bildirdi. Bəyanatda heç bir siyasi qiymətləndirmə və ya ittiham yoxdur - yalnız beynəlxalq hüququn normaları, mülki əhalinin təhlükəsizliyinə çağırış və aydın mesaj: Bakı bu qarşıdurmada iştirak etmir.

Azərbaycan Yaxın Şərqi maraqların döyüş meydanı kimi görmür. Həm İsraillə, həm də İranla dost münasibətlərimiz var və biz bu balansı qorumaqda qərarlıyıq - kənar qüvvələrin bu tarazlığı pozmaq cəhdlərinə baxmayaraq.

Bu sözlər əməli fəaliyyətlə də təsdiqlənir. İranla fikir ayrılıqlarına - o cümlədən Azərbaycandakı şiə icmalarına müdaxilə cəhdlərinə və Tehranın Qarabağda erməni qruplaşmalarını dəstəkləməsinə baxmayaraq - Azərbaycan heç vaxt bu gərginlikləri hərbi müstəviyə keçirməyib. Hətta 2023-cü ilin yanvarında Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktından sonra belə, Bakı yalnız diplomatik addımlarla kifayətləndi və beynəlxalq strukturlar çərçivəsində öz maraqlarını müdafiə etməyi seçdi.

Azərbaycanın xarici siyasətində unikallıq təşkil edən əsas komponentlərdən biri onun həm İsraillə, həm də İranla paralel strateji münasibətləri qoruyub saxlamasıdır. Bu, yalnız rəsmi bəyanatlarda deyil, konkret iqtisadi, texnoloji və diplomatik nəticələrdə də öz əksini tapır.

İsrail Azərbaycanın hərbi texnologiyalar, aqrar yeniliklər və kəşfiyyat məlumatları sahəsində əsas tərəfdaşlarından biridir. Təkcə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,1 milyard dolları ötüb, və "Jane's Defence" ekspertlərinin fikrincə, "Spike" tipli yüksək dəqiqlikli silah sistemlərinin Azərbaycana tədarükü ordunun modernləşdirilməsi üçün "əhəmiyyətli" olub.

Digər tərəfdən, İran bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçün mühüm qonşu və nəqliyyat tərəfdaşı olaraq qalır. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Astaradan Rəştə və oradan Qəzvinə qədər olan nəqliyyat magistralının yenidən qurulmasına 180 milyon dollardan çox investisiya yatırıb. Ölkələrimiz arasında logistikanın inkişafı siyasətdən kənar məsələdir.

Buna baxmayaraq, erməni və pro-rus mənbələrdən qaynaqlanan saxta narrativlər informasiya məkanında dövr etməyə davam edir. Onlar bəzən regiondakı media orqanları, bəzənsə heç bir mənbəni yoxlamayan sosial media influenserləri tərəfindən təkrarlanır.

Rəsmi Bakı bu cür saxtakarlıqlara qarşı çevik və peşəkar reaksiya göstərən strateji kommunikasiya institutlarına malikdir.

Medianın İnkişafı Agentliyi bu tip materialları "dövlətlərarası münasibətləri pozmağa və milli-etnik qarşıdurmalar yaratmağa yönəlmiş manipulyativ təxribat" adlandırdı.

Ölkənin hava məkanı tam şəkildə milli hava hücumundan müdafiə sistemləri ilə nəzarətdə saxlanılır və suverenlik rejiminin pozulmasına yol verilməyib.

Azərbaycan niyə neytrallığını qoruyur və bu nə üçün əhəmiyyətlidir? Ölkəmizin unikal geosiyasi mövqedə yerləşən dövlətdir: o, eyni zamanda həm İranla, həm də Rusiya ilə həmsərhəddir, İsraillə isə dərin strateji tərəfdaşlıq münasibətləri qurub. Belə mürəkkəb geosiyasi arxitekturda neytrallıq zəiflik deyil - yüksək səviyyəli diplomatik balansın təcəssümüdür. Bu balansı sadəcə bəyan etməklə deyil, davamlı şəkildə qorumaqla təmin etmək lazımdır.

Son həftələrdə Bakı müxtəlif istiqamətlərdən təzyiq siqnalları aldı.

"Al-Monitor"un məlumatına görə, ABŞ və Aİ diplomatik strukturlarında Azərbaycanın "açıq şəkildə tərəf seçəcəyinə ümidlər" ifadə olunub. Fəqət rəsmi Bakı bu çağırışlara cavab vermədi - və səbəb heç də hansısa tərəfin qəzəbindən çəkinmək deyil. Səbəb rəsmi Bakının milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsidir.

Azərbaycan dəfələrlə sübut edib ki, heç kimin siyasi forpostu deyil. O, heç bir geosiyasi blokun tərkibində hərəkət etmir və region ölkələrinin əksəriyyəti artıq birbaşa və ya dolayı şəkildə qarşıdurmaya cəlb olunmuşkən, Bakı azsaylı subyekt aktorlardan biri kimi öz siyasi kursunu sərbəst müəyyən edir.

Bu yanaşma konkret addımlarla da təsdiqlənir: Azərbaycan ərazisində heç bir xarici hərbi bazanın yerləşməsinə icazə verilmir, üçüncü ölkələrə qarşı yönəlmiş regional bloklara qoşulmaqdan imtina edilir və yalnız ikitərəfli əsasda formalaşan hərbi-müdafiə alyanslarına üstünlük verilir. Məsələn, Türkiyə və Pakistanla hərbi-sənaye tərəfdaşlığı kimi. Bu isə Azərbaycanın nəinki neytral, həm də müstəqil, suveren və strateji düşünən bir dövlət olaraq davranmasının bariz sübutudur.

2022-ci ildən etibarən Azərbaycan xarici siyasətində köklü transformasiyaya başlayaraq diqqətini nəqliyyat-logistika arxitekturasının qurulmasına yönəldib. Bu strategiyanın əsas dayaqları Transxəzər marşrutu, Orta Dəhliz və "Şimal-Cənub" cənub qövsüdür. Bu layihələrin həyata keçməsi üçün əsas şərtlər sülh, sabitlik və proqnozlaşdırıla bilən mühitdir. İranla İsrail arasında baş verən müharibə isə bu əsaslara - logistikaya, enerji təhlükəsizliyinə, infrastrukturun bütövlüyünə və ümumi regional sabitliyə birbaşa zərbədir.

Regionda hər hansı eskalasiya "Şərq-Qərb" dəhlizinin investisiya cəlbediciliyinə dərhal təsir edir. Təkcə 2025-ci ilin birinci rübündə Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcmi 3,8 milyon tona çatıb - bu, TRACECA məlumatlarına əsasən rekord göstəricidir. Belə bir kontekstdə ölkəni silahlı münaqişəyə cəlb etmək cəhdləri təkcə iqtisadi deyil, həm də imic və geosiyasi baxımdan birbaşa zərər deməkdir.

Bundan əlavə, Azərbaycan regionda bütün əsas oyunçularla - İran, İsrail, Türkiyə, ərəb ölkələri və Qərblə - işlək və etibarlı diplomatik kanalları qoruyub saxlayan nadir ölkələrdəndir. Bu isə onu bu qarşıdurmanın tərəfi yox, mümkün vasitəçi statusuna yüksəldir.

Yeni dezinformasiya dalğası Azərbaycanın nüfuzunu sarsıtmağa yönəlmiş daha geniş kampaniyanın bir hissəsidir. Telegram platformasında erməni proksiləri tərəfindən idarə olunan ən azı 17 anonim kanal fəaliyyət göstərir və onların əsas məqsədi Azərbaycanın xarici siyasət kursunu gözdən salmaqdır. Bu kanallarda təkrarlanan tezislər arasında "sionizm", "İrana qarşı aqressiya", "ABŞ yönlü revanşizm" kimi absurd və manipulyativ iddialar yer alır.

İstifadə edilən metodlar 2020-2021-ci illərdə Qarabağla bağlı dezinformasiya cəhdlərindən fərqlənmir: saxta videolar, süni şəkildə artırılan abunəçi sayı, ivrit və fars dillərində atılmış təxribatların sonra erməni və rus dillərinə "tərcümə" olunaraq yayılması. Lakin bu dəfə vəziyyət daha təhlükəlidir - çünki söhbət regional yox, qlobal aktorların da cəlb olunduğu mümkün genişmiqyaslı müharibədən gedir.

Azərbaycan neytrallığını qorumaqla təkcə qonşuluq münasibətlərini deyil, həm də regional məsuliyyət nümunəsini nümayiş etdirir. Bu, BMT Nizamnaməsinin prinsiplərinə uyğun davranış modelinin nadir təcəssümüdür - bir çox ölkələrin beynəlxalq hüquqa yalnız öz maraqlarına uyğun olduqda istinad etdiyi bir vaxtda.

"International Crisis Group"un analitik təhlilində də vurğulanır ki, "Azərbaycanın mövqeyi region ölkələri üçün model ola bilər: ölçülülük, özgə müharibələrdən kənarda qalmaq, suveren maraqlara söykənmək və diplomatik kanallara üstünlük vermək".

Bu strategiyada Bakının ardıcıl siyasi xətti xüsusi yer tutur. Onun çıxışları sadəcə şüar yox, hüquqi və siyasi baxımdan dəqiq formullardır. "Azərbaycan heç vaxt qonşulara qarşı hücum üçün platforma olmayacaq" bəyanatı sadəcə söz deyil - ölkənin beynəlxalq münasibətlər sistemində öz yerini bu çərçivədə müəyyən etməsinin ifadəsidir.

Yaxın Şərq yanır. Suriya - döyüş meydanıdır. Livan - uçurumun kənarında. Yəmən - xarabazardır. İran - panikadadır. İsrail - döyüş rejimindədir. ABŞ - silah göndərir. Rusiya - xaosdan faydalanmağa çalışır. Çin - gözləmə mövqeyindədir. Belə vəziyyətdə Azərbaycan praqmatizmin və diplomatik aydınlığın adasıdır. Bu, nadir haldır. Və məhz bu nadirlik onu münaqişədən bəhrələnmək istəyənlər üçün bu qədər qıcıqlandırıcı edir.

Azərbaycanı özgə müharibəyə sürükləmək cəhdləri davam edəcək. Amma onlar iflasa məhkumdur.

Çünki Bakı bu oyunda siyasi iradəyə, strateji məntiqə və ən önəmlisi - xalqın dəstəyinə sahibdir.

Nə bir saxta skrinşot, nə də bir Telegram isterikası bu dayaqları sarsıda bilməz.//TREND




Избранный
13
4
referans.az

5Источники