15 iyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində ən önəmli səhifələrdən biridir.
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan, vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas oldu, ölkənin inkişafının möhkəm təməlləri qoyuldu.
Hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndər Heydər Əliyev xalqı müstəqil dövlətini itirməkdən, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıqla parçalanmaq təhlükəsindən, səriştəsiz, milli maraqları bilməyən şəxslərin idarəçiliyindən xilas etdi.
Ulu öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu
Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilən 15 iyun - Milli Qurtuluş Günü artıq daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi ilə bütöv Azərbaycanda təntənə ilə qeyd edilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirib. Bu gün Azərbaycanın hər bir nöqtəsində üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Milli Kitabxanada “15 iyun - Milli Qurtuluş Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Müstəqil dövlətin memarı və qurucusu - Ulu Öndər Heydər Əliyevin həyat yolundan, ictimai, siyasi fəaliyyətindən həmçinin siyasi irsi, qurtuluş və xilaskarlıq missiyası, qurtuluş məfkurəsi, tərəqqi və inkişafa gedən yoludan bəhs edən dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Azərbaycan və xarici dillərdə kitablar, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə Azərbaycan dövlətinin qurucususu, böyük tarixi şəxsiyyət - Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışının təşkili, o zamanlar xalqımızın taleyi ilə bağlı mühüm məsələlərin aparılması və həlli, milli azadlıq hərakatından, Yeni Azərbaycan Partiyasının yaranması, daxili və xarici siyasət, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyevin irsi, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotoalbomlar nümayiş olunur.