İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin kəşfiyyat üzrə müavini, general Qulam Rza Mehrabi və operativ məsələlər üzrə müavini, general Mehdi Rabbani həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamada deyilir: "Sionist rejimin (İsrail nəzərdə tutulur – red.) amansız təcavüzü nəticəsində, İran Silahlı Qüvvələrinin Baş Qərargahının və İran-İraq müharibəsinin veteranları olan generallar Qulam Rza Mehrabi və Mehdi Rabbani şəhid olmuş silahdaşlarının sırasına qoşuldular", – bu barədə İran dövlət televiziyası Baş Qərargahın bəyanatına istinadla məlumat yayıb.
Bundan əvvəl İran rəsmiləri bildirib ki, İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri, Silahlı Qüvvələrin Mərkəzi Qərargahının (Hava Hücumundan Müdafiə Qüvvələrinin qərargahı olan "Xatəm əl-Ənbiyə") komandanı, general-leytenant Qolam Əli Rəşid, İranın elitar hərbi hissələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, general-leytenant Hüseyn Səlami və SEPAH Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə də həlak olublar.
Qeyd edək ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. İsrail Müdafiə Ordusunun məlumatına görə, 200 döyüş təyyarəsi İran ərazisində 100-dən çox hədəfi, o cümlədən nüvə obyektlərini bombalayıb.
Eyni günün axşamı İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab zərbəsi olaraq İsrail ərazisində yerləşən onlarla hədəfi, o cümlədən hərbi obyektləri, hava bazalarını və Təl-Əvivdə yerləşən Müdafiə Nazirliyinin binasını raket atəşinə tutduğunu bildirib. İsrail hökuməti bəzi obyektlərin zərbələrə məruz qaldığını təsdiqləsə də, raketlərin əksəriyyətinin havada məhv edildiyini açıqlayıb.