Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Pərviz Fəxrəddin oğlu Əsədov dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.