Azərbaycan özünü Orta Dəhlizin iki mühüm iqtisadi güc mərkəzi - Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəf kimi görür.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.
O qeyd edib ki, Avropa İttifaqı və Çin arasında illik ticarət dövriyyəsinin həcmi 700 milyard avrodan çoxdur:
“Onlar rəqabət apara bilərlər, lakin biz rəqabəti deyil, onların əməkdaşlıq perspektivini görürük. Kəmər və Yol Təşəbbüsü, həmçinin Avropa İttifaqının “Global Gateway” təşəbbüsləri ilə bağlı bizim görüşümüzün nədən ibarət olduğuna gəldikdə isə, açığı, bunun bizim regionumuza tətbiq edilə biləcəyini anlamaqda çətinlik çəkirəm. Ancaq biz iki konsepsiya arasında daha çox sinerji görürük, daha çox əməkdaşlıq və birgə fəaliyyət görmək istəyirik. Bununla belə, biz öz planlarımızı icra edirik”.